İnsanlara hürriyət, millətlərə istiqlal!

AÇ-2024: - final həyəcanı başladı -Bozqurd qalmaqalı böyüyür

Avropa “ikili standart”la özünü yenə rüsvay edir; Merih Demirala cəza veriləcəksə, bu, sırf siyasi qərar olacaq

Bu gündən futbol üzrə Avropa Çempionatında son 8-liyə qalan komandalar arasındakı oyunlar start götürür. Bakı vaxtı ilə saat 20:00-da İspaniya-Almaniya oyunu start götürəcək. Saat 23:00-da isə Portuqaliya-Fransa qarşılaşması başlayacaq.

İyulun 6-sı isə bizim üçün daha həyəcanlı gündür. Gözlər ən çox 23:00-da başlayacaq Hollandiya-Türkiyə oyununa dikiləcək. Bundan üç saat əvvəl də İngiltərə-İsveçrə qarşıdurması yaşanacaq. 

Niderland-Türkiyə oyunu üçün artıq hakim təyinatları da açıqlanıb. QOL.az UEFA-nın saytına istinadən xəbər verir ki, matçı Fransa Futbol Federasiyasından Kleman Turpin idarə edəcək. Ona həmyerliləri Nikolas Danis və Benjamin Paqes köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Feliks Zvayer (Almaniya) yerinə yetirəcək.

Məlumdur ki, Avstriya ilə matçda vurduğu qoldan sonra meydanda Bozqurd işarəsi göstərən türkiyəli futbolçu Merih Demiralla bağlı UEFA tərəfindən araşdırma başlanıb, özü də Almaniya daxili işlər nazirinin tələbi ilə. Halbuki Almaniyada bu simvol qadağan edilməyib. Məsələ ilə bağlı Almaniyanın Ankaradakı səfiri Türkiyə  Xarici İşlər Nazirliyinə dəvət olunub. Türkiyə XİN UEFA-nın Merih Demirala qarşı araşdırma başlatmasını qəbuledilməz adlandırıb.

Merih Demiral isə UEFA-nın araşdırma ilə bağlı açıqlamasından sonra sosial media hesabından qollarının şəklini paylaşıb və onun altına “Günaydın, Türkiyəm. Nə mutlu türkəm deyənə” sözlərini yazıb.

Bəs UEFA Demiralı cəzalandıra bilərmi? Necə, nəyin əsasında?

Elman Nəsirov: “Üçtərəfli görüş regiondakı proseslərə...”

Elman Nəsirov

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, irqçilikdən danışanlar ilk növbədə Avropanın böyük paytaxtlarında islamofobiya və ksenofobiyaya qarşı mübarizə aparsalar daha yaxşı olar. Elman Nəsirov qeyd edib ki, futbola belə siyasi eynək geyib baxmaq olmaz və burada qətiyyən irqçilik məsələsi yoxdur: “Avropa Çempionatı oyununda hər iki qolun müəllifi olan türkiyəli oyunçunun Bozqurd işarəsi göstərməkdə ittiham edilməsinin heç bir əsası yoxdur. Bozqurd türklərin bir simvoludur. Hesab edirəm ki, bu, idman hadisəsini siyasiləşdirməkdən başqa bir şey deyil. Ümumiyyətlə, idman qalıb kənarda, sadə bir hərəkətə siyasi don geydirirlər. Bu zaman idman özünün mahiyyətini itirir. İdmanı bu qədər siyasiləşdirmək olmaz. Bu və ya digər dövlətə bunu təzyiq vasitəsinə çevirmək olmaz. 

Ona qalsa, bu gün Avropada islamofobiya, ksenofobiya bir tendensiyaya çevrilib. Dünyada əksər dövlətlərin öz simvolları var. Məsələn, rus deyəndə insanın ağlına ayı assosiasiyası gəlir, hətta rus ayısı ifadəsi çox populyardır. Fransada xoruzu simvollaşdırıblar. İranda şir, ərəblər də dəvəni simvollaşdırıb. Hesab edirəm ki, məsələyə bu prizmadan yanaşdıqda çoxlu suallar yaranır. Görünür, Türkiyənin Avropanın əsas dövlətlərindən olan Avstriya komandasının üzərində qələbəsini gözləmirdilər. Belə olan vəziyyətdə mən burada öz hikkələrini bu şəkildə ifadə etmək cəhdini görürəm. Hesab edirəm ki, oyunçuya qarşı belə qərəzli yanaşma Avropanın müasir idman qurumlarının, FİFA və UEFA-nın  imicinə qətiyyən müsbət heç nə qatmır. Əksinə, bir çox hallarda oyunda obyektivlikdən danışırlar, amma reallıqda isə öz davranışları obyektiv oyunun keçirilməsinə mane olur və bir siyasiləşmə tendensiyası diqqətdən yayınmır. Ona görə də biz bunun əleyhinəyik. Çoxmilyonluq Türkiyə tamaşaçısı da bu davranışı qınayır".

Çingiz Qənizadə: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi  partiyasıdır - AZƏRTAC

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə burada heç bir qanun pozuntusu görmür: “Hüquqi cəhətdən heç kəs futbolçunu cəzalandıra bilməz. Bozqurd hər hansı bir ölkədə hansısa terrorçu qrup kimi elan edilməyib, qadağan olunmayıb. Deyəsən, Almaniya Konstitusiya Məhkəməsində vaxtilə məsələyə baxılıb və onun yasaqlanması ilə ilə bağlı hər hansı bir qərar da qəbul olunmayıb. UEFA-nın belə bir inzibati araşdırmaya başlaması qərəzdir. Əslində türkə və türkçülüyə qarşı olan qərəzin tərkib hissəsidir. Bozqurd işarəsi göstərib, əcəb edib. Buna görə heç kim onu cəzalandıra bilməz. Vurduğu iki qola görə də biz hamımız onu öpürük. Həmin oyunu mən də izlədim. Hamımız sevindik”.

Aqil Abbas - 70

 Aqil Abbas

Deputat Aqil Abbas əvvəlcə bu mərhələdə -  8-də 1-də ən çox “ələnmə” ehtimalı olan komandalardan söz açdı: “Almaniya-İspaniya doğrudan da erkən final sayılmalıdır. Açığı, bu oyunda almanların yarımfinala yüksələcəyini düşünürəm. Fransa da yaxşı oynayır. Onların da mərhələ keçəcəyini proqnozlaşdırıram. Digər cütlükdə istərəm ki, İsveçrə udsun, ən çox da Murad Akına görə. Amma bu futboldur. Hər şey ola bilər. Türkiyənin oyununa gəlincə, əgər Avstriya ilə oyununu oynasa, biabır olacağıq. Həmin oyunda şansımız gətirdi. Türklər topu tapa bilmirdilər. Tapsalar, 3-4-nü vuracaqdılar. Bəxtlə qollar vuruldu. Bu oyundan türklərin nəticə çıxardığını da düşünmürəm. Çünki məşqçiləri yoxdur. Sistem, taktika yoxdur. Hər bir oyunçu türk olduğu üçün milli qeyrət hesabına qələbə üçün vuruşdu. Bir sözlə, Türkiyənin 2008-ci ildəki yarımfinal uğurunu təkrarlayacağına inanmıram. Amma bunu çox arzulayıram”.

Deputat Melih Demiralla bağlı başladılan araşdırmaya da toxundu: “Necə olur ki, viktoriya işarəsi göstərə bilərəm, amma Bozqurd deyil? Qələt edirlər. Bozqurd 2-3 min ildir türklərin toponimidir. Bunu bütün dünya bilir. Sadəcə, şərəfsizlik edirlər”. 

Kənan Məstəliyev: “Ermənistan komandamızın təhlükəsiz şəkildə qayıtmasını  təmin etməlidir”

Kənan Məstəliyev

Futbol mütəxəssisi Kənan Məstəliyev Türkiyədən əvəz çıxıldığını qeyd etdi: “Merihə qarşı edilənlər Avropadakı ikili standartların növbəti təcəssümüdür. İngiltərənin aparıcı oyunçusu Cud Belinqemin slovakiyalı azarkeşlərə qarşı tərbiyəsiz hərəkəti də UEFA tərəfindən "araşdırılırdı". Nə oldu, niyə üstündən ötdülər, heç bir cəza tətbiq olunmadı? İngilis olduğuna görə? 

Merih heç bir qanunu pozmayıb. Almaniyada qadağan olunmayan jestə görə niyə araşdırma aparılsın ki? Aşkar şəkildə Türkiyəyə qarşı bilərəkdən atılmış, məqsədi yalnız komandanın uğurlu çıxışına hər vəchlə mane olmaq olan addımdır. Qardaş ölkənin Avstriyanı yenməsi çoxlarının planını pozub, ona görə əvəz çıxırlar. Bu, zəiflik, acizlikdir. Üstəlik, Merih aid olduğu irqin jestini edib, türkçülüyünü bildirib. Burada nəsə başqa şey axtarmaq olmaz. Düzü, Demirala hansısa xüsusi cəza veriləcəyini gözləmirəm, amma avropalılardan hər şeyi gözləmək olar".

Futbol millimizin baş məşqçisi kim olacaq - gözlənti

Natiq Muxtarlı

Tanınmış idman yazarı Natiq Muxtarlı futbolçunun haqsız cəza alacağını düşünür: “Bu, birmənalı olaraq siyasi qərardır. Özü də araşdırmanı Almaniya başladıb. Almaniya daim Türkiyəyə qarşı belə üsullardan istifadə edib. Özləri isə daim faşist jestləri ilə gündəmə gələn ölkədir. Bozqurd özündə baş kəsməni, qan-qadanı ehtiva etmir. Türklərin simvoludur və normaldır. UEFA bu prosesi başladıbsa, demək, o futbolçuya cəza verəcək. Belə hallar indiyə qədər bir neçə futbolçu ilə bağlı olub. Serb futbolçu yadımdadır, cəza almışdı. İndi hansı cəza veriləcək, görəcəyik. Amma Melih Demirel məsələsi tamam başqadır. Sadəcə, "ikili standartlar" açıq görünür. Ola bilsin ki, ağır cəza verilsin. Burada əsas söhbət Almaniyanın intriqasından gedir. Dünyaya demokratiya dərsi keçən, amma əslində demokratiyanın heç bir əsər-əlaməti olmayan bir ölkə futbolçunun bir işarə göstərməsini dərhal bəhanə edib. 

Yaxşı olardı ki, Almaniya öz polisinin davranışlarına baxsın. İnternet resursları alman polisinin vəhşiliyi ilə doludur. Melih Demiral, sadəcə, türklərə yönəlik bir jest edib, burada da qeyri-adi heç bir şey yoxdur. Amma futbol nə qədər desələr siyasətdən uzaqdır, elə deyil. Futbol həm də bir siyasətdir. Almaniya da çirkin siyasətini işə salıb, UEFA-ya təzyiq edəcək. UEFA da meydan sahibi Almaniya olduğu üçün müəyyən cəza verəcək". 

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyul 2024

07 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR