İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-nin "beyin mərkəzi"nin sensasion iddiasının PƏRDƏARXASI

ABŞ-nin “Atlantic Council” "beyin mərkəzi" sensasion iddialarla çıxış edib. 

Bu barədə “Joqovurd” qəzeti yazır. Məlumata görə, Azərbaycan, ABŞ və İrəvan arasında müzakirələr gedir ki, bu müzakirələrin mərkəzində Bakıda həbsdə olan erməni separatçıların İrəvana təhvil verilməsi məsələsi dayanır. İddialara əsasən, bu addım qarşılığında ABŞ-ın Azərbaycana tətbiq etdiyi bəzi məhdudiyyətlərin, xüsusilə “Azadlığa Dəstək Aktı”na daxil olan 907-ci düzəlişin yumşaldılması və ya ləğvi gündəmə gələ bilər.

“Atlantic Council”in iddiasına görə, guya “Paşinyana seçkidə Rusiyapərəst rəqibləri üzərində üstünlük vermək üçün Bakıda saxlanılan erməniləri azad etməkdən daha yaxşı yol ola bilməz”.

Bildirilir ki, Azərbaycan xoşməramlılıq jesti olaraq bəzi erməniləri həbsdən azad edə bilər.

Sitat: “Bundan sonra Vaşinqton və Bakı həbsdə qalan erməni əsirlərinin azad edilməsi müqabilində “907-ci düzəliş”in ləğvi barədə razılığa gəlməlidirlər. Ağ Ev də öz növbəsində 907-ci düzəlişi ləğvini təmin etmək üçün Konqreslə birlikdə çalışa bilər”.


O da qeyd olunur ki, bu razılaşma bütün tərəflərə fayda verər. Məsələn, erməni dustaqların azad edilməsi ABŞ-dakı nüfuzlu erməni diasporunun Ağ Evdən narazılığını azalda bilər. Ermənistan üçün bu, daxili siyasi sabitliyin gücləndirilməsi və hakimiyyətin mövqeyinin möhkəmlənməsi anlamına gələ bilər. ABŞ üçün regionda təsirin artırılması və yeni geosiyasi balansın qurulması ön plana çıxır. Azərbaycan baxımından isə məsələ daha həssasdır. Belə ki, rəsmi Bakı üçün suverenlik, hüquqi prosedurlar və milli maraqlar əsas prioritet olaraq qalır. Müşahidəçilər qeyd edir ki, hazırda bu məsələ daha çox analitik müzakirələr səviyyəsində olsa da, son siyasi siqnallar bu ideyanın real diplomatik prosesə çevrilə biləcəyini istisna etmir.

“Atlantic Council” ssenarisi ABŞ-Azərbaycan münasibətlərinin həqiqətən də artdığı bu günlərdə maraqlı görünə bilər, amma realist qiymətləndirmə lazımdır.


Əvvəla, “907-ci düzəliş”in ləğvi ABŞ Konqresi səviyyəsində qəbul olunur və onun ləğvi üçün zaman və ciddi siyasi iradə lazımdır. Yəni Ağ Ev rəhbərliyi təkbaşına bunu həll edə bilməz.


Nikol Paşinyan üçün belə bir razılaşma daxili siyasətdə ciddi üstünlük verə bilər, amma erməni separatçıları mövzusu Azərbaycan üçün prinsipial məsələdir. Sadəcə xarici təzyiq və ya güzəşt müqabilində Bakının belə addım atılması həm hüquqi, həm də siyasi baxımdan ən azı indilikdə real görünür.

“Atlantic Council”in yazdıqlarının reallaşması mümkündürmü? Yoxsa bu cür yazı erməni diasporunun arzusu olaraq yazılıb?

media-abs-konqresi

Hüquqşünas Xəyal Bəşirov Musavat.com-a bildirib ki, Azərbaycanda erməni əsirlər və erməni siyasi məhbuslar yoxdur. Həbsdə olan ermənilər Azərbaycan qanunları və beynəlxalq qanunları pozduqları, törətdikləri cinayət əməllərinə görə barələrində cinayət işi açılıb həbs edilən şəxslərdir: “Həmin şəxslərin Bakıda açıq məhkəmə prosesi gedib və məhkəmədə onların cinayətləri sübuta yetirilib, özləri də cinayətlərini etiraf ediblər. Zaman-zaman həm Ermənistandakı revanşist qüvvələr, həm də xaricdəki erməni diasporu, erməni diasporu ilə əlaqəli xarici qüvvələr, Azərbaycana düşmən kimi yanaşan qüvvələr Bakıda həbsdə olan ermənilərlə bağlı boş hay-küy salırlar, çağırışlar edirlər, müxtəlif media orqanlarında sifarişlə yazılar yazdırırlar. “Atlantic Council”in yazdıqlarını da bu qəbildən olan yazılardan biri hesab etmək olar. Sadəcə bu dəfə Ermnistanda seçkilərə sayılı günlər qalmış belə bir yazını yaymaqla inandırıcılıq yükünü artırmaq istəyirlər. Digər tərəfdən də 907-ci düzəliş məsələsi ilə əlaqələndirməklə sanki “problemin həlli” variantını təklif etmək məqsədi güdürlər. Bu, ermənilərin növbəti spekulyativ cəhdidir. Həm də qəsdən Azərbaycan cəmiyyətində suallar, şübhələr yaratmaq niyyəti güdülür”.

X.Bəşirov qeyd edib ki, hər hansı bir məsələdən asılı olmayaraq "907-ci düzəliş"in qüvvədənsalınması təşəbbüsünü 8 avqust 2025-ci ildə ABŞ prezidenti Tramp rəsmi irəli sürüb və layihə olaraq Konqresə təqdim edib:
“Bu təşəbbüsdə Bakıda məhkəmənin hökmü ilə azadlıqdan məhrum olan həbsdəki ermənilərin məsələsinin rolu təbii ki, olmayıb. ABŞ kimi nəhəng dövlətin prezidentinin ölkəsinin maraqlarını nəzərə alaraq atdığı addımı hansısa cinayətkar ermənilərin məsələsi ilə əlaqələndirmək isə absurddur. “Atlantic Council”dəki məqalədəki digər “əsaslandırmalar” da tənqidə dözümsüzdür və inandırıcı, məntiqli deyil. Vaqif Xaçaturyanın azad edilməsi məsələsi digər cinayətkar ermənilərlə əlaqələndirmək də yanlışdır”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR