İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-İran müharibəsi İstanbulda bitəcək? - Tarixi ŞANS

İran Prezidenti Məsud Pezeşkian ABŞ-la danışıqların aparılması barədə təlimat verib. İran hökumətindəki mənbə “Fars” agentliyinə bildirib ki, Prezident nüvə məsələsi ilə bağlı ABŞ-la danışıqlara başlamaq əmri verib.

Beləliklə, ABŞ və İran uzun fasilədən sonra birbaşa diplomatik təmaslara qayıdır.

Musavat.com Axios-a istinadla xəbər verir ki, tərəflər arasında birbaşa görüş fevralın 6-da, cümə günü İstanbulda keçiriləcək. 

Screenshot_1.png (519 KB)

Məlumata görə, danışıqlarda ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Araqçi iştirak edəcək. Bu, ötən ilin yayında ABŞ-İran münasibətlərində yaşanan ciddi gərginlikdən sonra tərəflər arasında ilk birbaşa təmas olacaq.

Türkiyənin görüşə ev sahibliyi etməsi İran məsələsində müsbət təsirini göstərə və müharibənin qarşısını ala bilərmi? 

-Mrb_9BanA8.jpg (296 KB)

Politoloq Qabil Hüseynli Musavat.com-a bildirib ki, Türkiyədə keçiriləcək mümkün görüş müharibə riskini azalda və prosesə müsbət təsir göstərə bilər. Lakin onun fikrincə, bu, məsələnin birdəfəlik həlli demək olmayacaq: “Türkiyənin vasitəçi kimi üstünlükləri təbii ki, var. Ankara bu proses üçün “uyğun meydança” sayılır. Türkiyə ABŞ-la strateji tərəfdaşdır, eyni zamanda İranla yaxın münasibətləri olan ölkədir. Ötən həftə İran xarici işlər nazirinin Türkiyəyə səfər etməsi və ən yüksək səviyyədə görüşlər keçirməsi, eyni gündə İran və Türkiyə prezidentləri arasında telefon danışığının aparılması Ankaranın fəallaşmasından xəbər verirdi. Ehtimal edə bilərik ki, Türkiyə rəhbərliyi danışıqlarda Amerika təmsilçiləri ilə görüşün məhz Türkiyədə keçirilməsinə İran tərəfinin razılığını alıb. Bu, irəliyə doğru addım sayıla bilər. 

2021_07_05_201870_7.5.2021.11.jpg (87 KB)

Körfəz dövlətləri tərəfindən dəstəklənən Türkiyənin bu missiyasının razılaşma əldə olunmasında dönüş yaratmaq potensialı böyükdür. Türkiyə ABŞ-İran müharibəsinin qarşısını almaq üçün çalışır. Ankara regionda müharibə istəmir. Çünki İran-ABŞ toqquşması birbaşa Türkiyənin təhlükəsizliyinə zərbə olar. Yaranmış vəziyyətdə Tehranın Ankaranı dinləmək və tövsiyələrinə riayət etməkdən başqa yolu qalmır”.

Politoloqa görə, Ankara Qətər və Misirlə koordinasiyalı şəkildə işləyir, bu da prosesə regional legitimlik verir: "Bu səbəbdən Türkiyə nə Tehranda, nə də Vaşinqtonda “qərəzli tərəf” kimi qəbul edilmir. Ona görə də görüşün Türkiyədə baş tutmasının müsbət nəticə verməsi mümkündür. İstanbul görüşü müharibəni birdəfəlik dayandıran yox, müharibəni təxirə salan və riskləri azaldan görüş kimi tarixə düşə bilər. Ankarada görüş baş tutarsa və nəticə verərsə, bu, Türkiyənin regional diplomatiyanın əsas oyunçusu kimi mövqeyini möhkəmləndirər. Bölgədə genişmiqyaslı müharibə ehtimalı azalar”.

 

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR