Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Corciya ştatında Respublikaçılar Partiyası uzun sürən daxili mübarizədən sonra Senat seçkilərində iştirak edəcək namizədini müəyyənləşdirib.
Musavat.com xəbər verir ki, "Politico"nun yazdığına görə, Konqres üzvü Mayk Kollinz noyabrda demokrat senator Con Ossoffa qarşı mübarizə aparacaq.
Lakin respublikaçıların daxilində bir çoxları hesab edir ki, qarşıdakı yarış partiya üçün son dərəcə çətin olacaq. Səbəb isə Ossoffun son aylarda güclü seçki infrastrukturu qurması, rekord məbləğdə vəsait toplaması və ilkin seçkiləri rəqibsiz keçməsidir.
Keçmiş Kobb dairəsi Respublikaçılar Partiyasının sədri Ceyson Şeferd bildirib ki, Corciya artıq əvvəlki kimi qəti Respublikaçı ştat deyil.
“Dürüst olmaq lazımdır. Con Ossoffu məğlub etmək çox çətin olacaq. Sorğuların əksəriyyəti Corciyanın artıq neytral deyil, demokratlara meylli olduğunu göstərir”,-deyə o, qeyd edib.
Politico qeyd edir ki, 2024-cü ildə Donald Tramp Corciyada rahat qələbə qazansa da, Ossoff bu müddətdə seçki kampaniyasını gücləndirməyə davam edib.
Respublikaçılar üçün ən böyük problemlərdən biri maliyyə məsələsidir. Federal hesabatlara görə, Mayk Kollinz indiyədək 4,9 milyon dollar vəsait toplayıb və kampaniya hesabında cəmi 1,2 milyon dollar qalıb. Buna qarşılıq olaraq Con Ossoff artıq 60 milyon dollar toplamağa nail olub və aprel ayının sonuna 32 milyon dollar vəsaiti kampaniyası üçün saxlayıb.
Politico yazır ki, Demokratlar məhz Kollinsin namizəd seçilməsini istəyirdilər. Çünki onun rəqibi, keçmiş futbol məşqçisi Derek Duli daha mərkəzçi siyasətçi hesab olunurdu və Corciya qubernatoru Brayan Kemp tərəfindən dəstəklənirdi.
Demokratlara yaxın mənbələr hesab edirlər ki, Kollinsin sərt mühafizəkar mövqeləri, xüsusilə abort məsələsindəki çıxışları ona qarşı istifadə oluna bilər.
Kollins 2022-ci ildə keçirilən debatların birində aborta heç bir istisna olmadan qadağa tərəfdarı olduğunu bildirmişdi. Son kampaniya dövründə isə o, təcavüz, insest və ananın həyatının təhlükədə olduğu hallar üçün istisnaları nəzərdə tutan Corciya qanununu dəstəklədiyini açıqlayıb.
Ossoff isə rəqibinin qələbəsindən dərhal sonra hücuma keçib.
Demokrat senator Mayk Kollinzi Donald Trampın siyasətinin davamçısı adlandıraraq onu “məşhur radikal” kimi xarakterizə edib.
“Mayk Kollinz səhiyyə sığortalarının bahalaşmasına, İran müharibəsinə və Trampın tarif siyasətinə səs verib”, – deyə Ossoff bəyanatında bildirib.
Bununla belə, Demokratlar rəqibi zəif hesab etmirlər. Politico xatırladır ki, Ossoff 2020-ci ildə Respublikaçı senator Devid Pördünü çox kiçik fərqlə məğlub edib. 2022-ci ildə isə digər demokrat senator Rafael Uornok Trampın dəstəklədiyi keçmiş futbol ulduzu Herşel Uokeri cəmi üç faizdən az fərqlə qabaqlaya bilmişdi.
Respublikaçılar indi bütün diqqətlərini ümumi seçkilərə yönəltmək niyyətindədirlər. Senat Liderlik Fondu (SLF) artıq Corciya yarışına 44 milyon dollar ayırıb. Bundan əlavə, Respublikaçıların qubernatorluğa namizədi, milyarder Rik Ceksonun da kampaniyaya böyük maliyyə dəstəyi verəcəyi gözlənilir.
Politico-nun qənaətinə görə, Corciya seçkiləri 2026-cı ilin ən vacib Senat yarışlarından biri olacaq. Demokratlar Senatdakı mövqelərini qorumağa çalışarkən, Respublikaçılar Con Ossoffun mandatını ələ keçirməyi partiyanın ən mühüm hədəflərindən biri hesab edirlər.
Musavat.com
19 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ