İnsanlara hürriyət, millətlərə istiqlal!

80 manata yolka, 25 manata Şaxta baba - Reportaj

Əməkdaşımız Yeni il yarmarkalarındakı qiymətlərdən yazır

Dekabr ayının əvvəli olsa da, artıq paytaxtda bayram əhval-ruhiyyəsi hökm sürür. Bütün mağazalar, iri ticarət mərkəzləri, ayrı-ayrı dükanların piştaxtaları Yeni il aksesuarları ilə bəzədilib. Ötən il insanlar qiymətlərin baha olmasından narazılıq edirdilər. Bəs görəsən, bu il vəziyyət necədir?

Yeri gəlmişkən, hər il olduğu kimi, bu il də Yeni illə əlaqədar Bakının bir sıra ərazilərində bayram yarmarkaları qurulub. Əsasən metrostansiyaların qarşısında quraşdırılan bayram çadırları yanvar ayının əvvəlinə kimi fəaliyyət göstərəcək. Yarmarkalar əhalinin maddi cəhətdən nisbətən aşağı təbəqəsi üçün nəzərdə tutulub.

“Yeni Müsavat”ın əməkdaşı olaraq bir neçə yarmarkada olub vəziyyəti öyrənməyə çalışdıq.

İlk olaraq “Qara Qarayev” metrostansiyası yaxınlığındakı yarmarkaya baş çəkdik. Burada diqqətimizi çəkən məhsulların azlığı oldu. Yarmarkanın bir küncündə yeni il aksesuarları, böyük hissəsində isə meyvə-tərəvəz satılırdı. Səbəbini satıcıdan soruşduqda məlum oldu ki, alıcılar azdır: “Camaatda pul yoxdur, yeməyə güclə pul tapırlar, ona görə meyvə satırıq. Özünüz də görürsünüz bayaqdan dayanıb sizinlə danışıram, zəiflikdir”.

Yarmarkada yolkanın ən ucuzu 8 manat, ən bahalısı 25 manatdır. Ən ucuz şaxta baba 1 manat, ən bahalısı 25 manatadır. Zərlərin qiyməti 50 qəpikdan başlayır, 4 manata da almaq olur. Yolkanı bəzəyəcək oyuncaqların isə ən ucuzu 2 manat, ən bahalısı isə 15 manatdır".

Satıcıdan “Bu il qiymətlərdə çoxmu fərq var” soruşduqda belə cavab verdi: “Fərq var, bu il bahadır. Amma çox bahalı mal satmırıq. Çünki camaatın gücü çatmır. Biz də istəyərik ki, satdığımız mallar alınsın”.

Buradan çıxıb metronun “Neftçilər” stansiyasında Yeni il malları satılan yarmarkaya yollandıq. Burada isə alıcı sarıdan korluq çəkilmədiyini gördük. Yarmarkada malların həm çeşidi bol idi, həm də müxtəlif qiymətə təklif olunurdu. Misal üçün, yolkanın ən ucuzu 11 manata, uzunluğu 2 metr 10 santimetr olanı isə 80 manata satılır. Zərlərin qiyməti 1 manatadır. Stolüstü balaca yolka isə 10 manatadır. Yolka üçün ən ucuz oyuncaq şarların qiyməti  1 manatdan başlayır, ən bahalısı 16 manata satılır. Şaxta babanın qiyməti isə ölçülərinə görə dəyişir. 1 manat ən kiçiyini almaq olar, ən bahalısı isə 40  manatadır.

Bu arada alıcının çox olması səbəbindən güclə satıcı ilə söhbət etməyə macal tapırıq: “Bizdə ucuzdur deyə alıcıların əksəriyyəti bura gəlir”.

“Məcburuq bayram adına nə isə alaq”, - deyə alıcılardan biri satıcının dediyinə replika olaraq bildirir.

Burada da malların üzərində qiymətləri görməyib satıcıdan səbəbini soruşuruq. “Bütün mallarda olmasa da, bir çoxunda var. Digərlərinin üzərinə də vuracağıq. Baxın xanım, bu malı 6 manata satırıq, halbuki 4 manata almışıq. Bunlardan çox az pul qalır bizə”, - satıcı bildirir.

Satıcı onu da əlavə etdi ki, bu ilki qiymətlər ötən ilkindən çox da fərqlənmir.

Mövzu ilə bağlı Bakı Şəhər Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədov “Yeni Müsavat”a dedi ki, yarmarkalar 30-35 gün müddətinə qurulur: “Yarmarkaların fəaliyyət göstərdiyi çadırlar dekabrın 3-dən əsas etibarı ilə metro stansiyalarının yaxınlığında mərhələli şəkildə quraşdırılıb. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə qurulub. Məqsəd şəhər əhalisinin bayram məhsullarına olan tələbatını daha asan yolla əldə etmələridir. Çalışırıq ki, insanların gündəlik istifadə etdikləri marşrut üzrə alıcılar uzaq məsafə qət eləməsin, tıxaclarda durmasınlar, izdiham yaşamasınlar. Şəxsi avtomobillərində əlavə xərclər olmasın. Bu məqsədlə qurulub. Qiymətlər digər satış nöqtələrindən 10 faiz aşağı olmalıdır. Buna da tərəfimizdən nəzarət olunur.

İntiqam Məmmədov “Yarmarkalarda süni qiymət artımının olub-olmamasına nəzarət edilirmi” sualına belə cavab verib: “Novruz bayramı xaric, bunu dəqiq demək çətindir. Yeni il məhsulları spesefikdir, ildə bir dəfə satışa çıxarılır. Satıcılar da çalışır ki, məhsulları daha çox alıcı ilə dil tapıb satsın. Çünki bu yolkanı, oyuncağı  bu il satmasa, növbəti ilə qalacaq, ona görə çalışırlar ki, ucuz, alıcının istəyinə uyğun şəkildə qiymət razılaşması olsun”.

Bəzi yarmarkalarda məhsulların üzərinə qiymətin vurulmamasına gəlincə isə departament direktoru dedi ki, müəyyən mənada qaydaları pozanlar olur: “Çalışacağıq ki, belə hallar baş verməsin”.

“Keçən ilki qiymətlərlə builki qiymətlər arasında fərq varmı” sualına isə İ. Məmmədovun cavabı belə oldu: “Hazırda bütün dünyada olduğu kimi, Azərbaycanda da qiymətlər ötən ilkindən fərqlidir. İstehsalçı zavodlar da qiymətləri qaldırdığından, builki qiymətlərə sirayət edib”.

Afaq MİRAYİQ,
Fotolar müəllifindir,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2024

22 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR