İnsanlara hürriyət, millətlərə istiqlal!

7-dən 77-yə hər kəs sehrinə düşür: Futbolu belə kölgədə qoyur... - Video, FOTOLAR

“İdman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur”.

                               Ümummilli lider Heydər Əliyev

314876558_649707916629759_2497810729263382507_n.jpg (190 KB)

60 yaşlı Azərbaycan badmintonu da rəmzlərimizin beynəlxalq arenalarda nümayişi yolunda gecəsini günüzünə qatır. Beynəlxalq arenalara yol isə bu idman növünün kütləviliyindən keçir.

7-dən 77-yə hər kəsin məşğul ola biləcəyi badmintonun budəfəki dayanacağı Naxçıvan Muxtar Respublikası idi.

Əylənmək, başqaları ilə ünsiyyət qurmaq və uğur qazanmaq üçün bir çox imkanlar vasitəsilə uşaqlara badmintonun müsbət imicini təmin etmək məqsədilə nəzərdə tutulan “Shuttle Time for kids” proqramı Naxçıvanda bir ilk idi.

Təlimləri reallaşdıran mənbə – Azərbaycan Badminton Federasiyası ilə Dünya Badminton Federasiyasının “BWF Membership Grants” layihəsi

Tarix - 24-25 noyabr

Məkan - İlham Əliyev adına Olimpiya İdman Kompleksi

Məşqçilər - Ürfan Rzabəyli, Nihadə Həsənova, Kərim Musayev

Dərs alan şəxslər - 2009 və daha kiçik təvəllüdlü 80 uşaq

Master-klasslara Naxçıvan ilə yanaşı, Culfa, Şərur, Şahbuz və Kəngərli rayonlarından olan uşaqlar da cəlb olunmuşdu. Bu dəfə hər şey sözün əsl mənasında kütləvi idi.

Səhər saatları olmasına baxmayaraq, kompleks “qaynayırdı”.

313754697_5524330117620677_980241349773185833_n.jpg (302 KB)

Hər kəsin üzündən təbəssüm süzülürdü. Uşaqlar enerjilərini atmaq üçün təlimin başlamasını səbirsizliklə gözləyirdilər. Onlarla tanış olub söhbətə başladım. Təlimlərə Kəngərlidən qatılan Samir, Əhliman, Nurlan, Miryusif, Araz, Nahid, Vüqar, Heydər 6-cı sinif şagirdləridir. 2-3 aydır həftədə 2-3 dəfə olmaqla badmintonla məşğul olurlar. Əlavə fürsət yarandıqca badmintona daha çox vaxt ayırırlar. İlkin məşqlər onlara bu idman növünü maraqlı edib. Onlardan bir neçəsi futbolu ataraq badmintonu seçib. Uşaqlar son 1 həftəni daha çox məşq etdiklərini bildirdilər. Qeyd etdilər ki, onlarda badmintona marağı müəllimləri Rasim Seyidov yaradıb. Oğlanlar hesab edir ki, qızlar cəld olmadıqlarına görə badmintona üz tutmurlar. Lakin raketkanı əllərinə alsalar, onlarda istər-istəməz maraq yaranacaq. Uşaqlar hesab edir ki, raketkanı pulsuz paylamaqla badmintona marağı artırmaq olar.

Samir, Əhliman, Nurlan, Miryusif, Araz, Nahid, Vüqar və Heydəri ümumi məqsəd birləşdirir – bayrağımızı beynəlxalq yarışlarda ucaltmaq.

317147445_794762728288790_4969260096919363882_n.jpg (316 KB)

Onların müəllimləri Rasim Seyidov 2016-cı ildən Kəngərli rayon Böyükdüz tam orta məktəbində çalışdığını dedi. Badminton məşqlərinə isə təxminən 2 ay əvvəl başlayıb. Rasim Seyidov hesab edir ki, badmintonun inkişafı üçün peşəkar müəllimlərin yetişdirilməsinə ehtiyac var, azyaşlı uşaqların bu növə cəlbi mütləqdir. Digər tərəfdən, bədən əzələləri hərəkət etdiyindən sağlamlıq üçün xüsusi idman növüdür. Rasim müəllim bildirdi ki, badmintona marağı olan uşaqlar çoxdur, bu baxımdan təxminən 5 ilə bu növü genişləndirmək olar.

317211990_595445882351475_2709458771276501211_n.jpg (299 KB)

Nurşən, Duyğu, Fidan, Xədicə, Lətifə, Nuray isə 6-cı sinif şagirdləridir. 1-2 aydır ki, idmana başlayıblar. Həftədə 4 dəfə - hər dəfə 2 saat olmaqla badmintonla məşğul olurlar. Onlar özlərini kifayət qədər cəld hesab edirlər. Qızlar universitetə qəbul olana qədər badmintonu atmaq fikrində deyillər.

Nurşən, Duyğu, Fidan, Xədicə, Lətifə və Nuraydan qızlara ÇAĞIRIŞ: Badmintona gəlib necə gözəl idman növü olduğunu görün!

314539920_1301754323952371_7821711997799322062_n.jpg (337 KB)

Təlimə şəhidlərimizin xatirəsinin yad edilməsi ilə start verildi. 5 dəqiqəlik isinmə hərəkətlərini əyləncəli oyunlar əvəz etdi. Demək olar ki, zaldakı hər kəs badmintonun sehrinə düşmüşdü. Hər kəs daha yaxşı performansa can atırdı.

O arada bu idmanın bilicisi Şəhanə Quliyeva ilə həmsöhbət oldum.

314418613_678387020314012_1063355751938711017_n.jpg (321 KB)

Şəhanə xanım 3 ilə yaxındır ki, Naxçıvan Dövlət Universitetində badminton məşqləri aparır. Dediyinə görə, ona badmintonu müəllimi Məhəmmədəli Rəhimov sevdirib. Voleybol ixtisası üzrə təhsil alsa da, badmintona önəm verib. Şəhanə xanım müəllimindən öyrəndiklərini tələbələrinə ötürməyə çalışır. Tələbələri arasında qızlar üstünlük təşkil edir. Həftənin 3 günü – 1, 5 və 6-cı günlər (hər dəfə 3 saat olmaqla) məşqlər aparır. Şəhanə Quliyeva hesab edir ki, badmintondakı çeviklik insanda ruh yüksəkliyi yaradır. Onun fikrincə, tələbələri daha çox yarışlarla badmintona cəlb etmək olur. Yoldaşlıq görüşləri bu baxımdan effektlidir. Şəhanə xanım bildirdi ki, tələbəsi Ferişte Əbdülrzazadə Bakıda keçirilən yarışlara qatılmaq istəyir.

Hind-fars kökənli Ferişte xanım Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin 3-cü kurs tələbəsidir. Mənimlə yarı azərbaycan, yarı türk dilində söhbətləşdi. Orta məktəbdə futzal üzrə milli komandada oynayıb. Universitetdə isə müəllimin tövsiyəsi ilə badminton oynamağa başlayıb. Ferişte Əbdülrzazadə bu idman növünü dinamikasına görə sevdiyini bildirdi. Arzusu isə badmintonda ən yüksək səviyyəyə qalxmaqdır.

 Shamxal Ferzeli-8340.JPG (12.21 MB)

Ən əhatəli söhbətim isə Naxçıvanda 20 ildən artıqdır ki, badminton məşqləri aparan, bu yolda sözün əsl mənasında can qoyan Məhəmmədəli Rəhimovla oldu.

 314393762_411821507714416_2236010895161162344_n.jpg (366 KB)

O, eyni zamanda yeni yaradılan Naxçıvan badminton klubunun sədridir. İdmana cüdo ilə başlasa da, badmintonu seçib. Məhəmmədəli müəllimin yetirmələri – qız komandası 4 dəfə ali məktəblərin çempionu olub. 2 dəfə ikinci yerə çıxıblar, Türkiyədə, İranda beynəlxalq turnirdə çıxış ediblər. Məhəmmədəli Rəhimovun tələbələrindən biri şəxsi birincilikdə çempion olub. O bildirdi ki, indiyə qədər Naxçıvan Muxtar Respublikasında badmintonun nə klubu, nə də federasiyası olub. Ona görə də ali məktəblərin birinciliyindən və universitet xətti ilə turnirlərdən başqa digər yarışlarda iştirak edə bilməyiblər. Məhəmmədəli Rəhimovun fikrincə, badminton indiyə qədər yaxşı təbliğ olunmayıb. O qeyd etdi ki, Federasiya, yerlərdə idman idarələri, KİV bu işlə məşğul olmalı idi:

“Naxçıvan Dövlət Universitetində 15 idman növü üzrə məşğələlər var. İdmandan qaçmaq üçün artıq bəhanə qalmır. Universitetin televiziyası vasitəsilə təbliğat aparırıq. Hər il 1-ci kurslar arasında bir neçə idman növü üzrə seçmə yarışlar keçiririk. 2 ildən bir isə universiadalar təşkil olunur. Universitetdə idman muzeyi yaratmışam, tələbələrin müxtəlif yarışlarda qazandıqları nailiyyətlər orada saxlanılır”.

Öyrəndim ki, badmintonda yüksək nəticəni əsasən qız komandaları göstərib. Məhəmmədəli müəllim bunu oğlanların daha çox döyüş növlərinə maraq göstərməsi ilə əlaqələndirdi. Buna baxmayaraq, Qarsda keçirilən turnirdə oğlan komandası qalib olub. Ali məktəblərin birinciliyində isə 2 dəfə ikinci yerə çıxıblar.

Məhəmmədəli Rəhimov pandemiyanın badmintona vurduğu zərbədən də danışdı. O, Federasiya xətti ilə beynəlxalq arenaya çıxana qədər fəaliyyət göstərəcəyini bildirdi: “Çalışırıq ki, Naxçıvan Muxtar Respublikasında güclü badminton bazası yaradaq. Bu idman növünün kütləviliyinə nail olmaq lazımdır. Bu yolla uşaqlar arasından istedadlılar ortaya çıxacaq. Bu tədbir Muxtar Respublikada inkişaf üçün bir təkan, stimuldur”.

Məhəmmədəli Rəhimov hesab edir ki, badminton 2 ilə inkişaf edə bilər. Bu yolda isə məşqin qurulması, məşqçilərin, uşaqların seçimi, təchizat əsas faktorlardır:

“Məşqçilərin biliyi mütəmadi artırılmalıdır. Dünyadakı inkişafa çatmaq lazımdır. Beynəlxalq arenadakı dəyişikliklərlə tanış olmaq vacibdir. Naxçıvanda uşaqların fiziki hazırlığı şəhər uşaqlarına nisbətən yüksəkdir. İdmanda texnikadan, taktikadan çox ümumi fiziki hazırlıq əsas rol oynayır”.

Kərim Musayev isə 24 ildir badmintonla məşğuldur.

 Shamxal Ferzeli-8295.JPG (15.89 MB)

5 qat respublika çempionudur. Tələbələri Məhəmməd Hacızadə və Leyla Camalzadə Avropada 3-cü yeri tutublar. Kərim müəllim tələbələrinin müvəffəqiyyətindən ağız dolusu danışırdı.

 WhatsApp Image 2022-11-24 at 15.25.27.jpeg (187 KB)

İştirakçılardan ən kiçikləri - 8 yaşlı Turqay İsmayıllı10 yaşlı Aynur Hacıyeva isə badmintonu həyəcan effektinə görə sevir.

316564402_722911598681202_8534383273992062162_n.jpg (317 KB)

314633712_1208800416679972_7085083491853065347_n.jpg (309 KB)

Məşqçi Nihadə Həsənova 2006-cı ildə tibb təhsili alarkən idmana başlayıb.

Shamxal-Ferzeli-8259.jpg (2.17 MB)

Universitetlərarası, kolleclərarası yarışlar onu idmana həvəsləndirib. Nihadə xanım orta məktəbdə atıcılıqla məşğul olub. Dediyinə görə, 2-ci yer diplomları onu üzgün edirmiş. Əyləncə və maraq tandemi tibb sahəsini bitirən Nihadə Həsənovanın badmintonu seçməsinə səbəb olur. 2015-2017-ci illərdə Nizami rayonu, 32 nömrəli məktəbdə Federasiyanın köməkliyi ilə könüllü fəaliyyət göstərib. Respublika yarışlarına qatılıblar. Hazırda uşaq-gənclər idman məktəbində çalışır. Tələbələrindən biri Rəhim hazırda ADA Universitetində təhsil alır. O, Nihadə xanıma yenidən məşqə davam etmək istəyini bildirib:

“Təxminən 49 tələbəm var. 3, 5, 7-ci siniflər, 2 qız isə 11-ci sinif şagirdidir. Bir tələbəm bu il Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olub. Özü ilə rəfiqələrini də gətirib badmintonla məşğul olmaq istəyir. Bu, sevindirici haldır”.

Nihadə Həsənova badmintondakı inkişafdan da danışdı:

“Son 1 ildə Taleh Ziyadov və Ramil Hacıyevin dəstəyi ilə badmintonda sürətlə inkişaf gedir. Biz komanda şəklində fəaliyyət göstəririk. Federasiyadan yetərincə maddi-mənəvi dəstək alırıq. Bu da öz effektini verir. Hətta badmintonun nə olduğunu bilməyənlər raketka və valanı tanıyır. İctimai nəqliyyatdan istifadə edərkən raketka çantası görəndə bundan qürur duyuram. Bu işin 70 faizini təbliğat təşkil edir. Cəmiyyəti ilk növbədə valideynlər formalaşdırır. Biz valideynlər arasında da həvəskarlar kampaniyası keçirməliyik. İnanıram ki, bəzi valideynlər badminton oynamaq istəyər. Valideynə aşılamaq lazımdır ki, badminton həm aktivliyi yüksəldir, həm kalorini yandırır, həm də göz aktivliyini təmin edir, gözü tənbəllik rejimindən çıxarır. Badminton ağır zədələrdən uzaq idman növüdür. Media vasitəsilə bizim səsimiz 100 faizə çatır”.

Təlim zamanı hər kəs badmintonun piarı ilə məşğul olmağa çalışırdı desəm, yanılmaram. Hazırda sosial şəbəkələrin aktuallığını nəzərə alsaq, bunu ən doğru addım hesab etmək olar.

314637204_6396485427033425_4150497362125156840_n.jpg (289 KB)

Nəhayət, 3 saata yaxın davam edən həyəcanlı-əyləncəli təlimin ilk gününün 5 qalibi müəyyənləşdi.

Təlimin ikinci – sonuncu günü isə xüsusi tempdə davam etdi. Bəlkə də iştirakçılar “son həmişə maraqlı olur” prizmasından zala ayaq basmışdılar. Dəyişməyən yeganə məqam simalardakı təbəssüm idi.

2 günlük təlimlər bəlkə də 20-dən çox iştirakçını bir-birinə daha da doğmalaşdırdı. Badminton sağlamlığa faydalı olduğu kimi, ünsiyyət çatışmazlığı bəlasına da xüsusi terapiyadır deyərdim. Badmintonla məşğul olanların üzlərinə xüsusi sevinc hopur. Belə sevinc cəmiyyəti yalnız işıqlı yola daşıyar.

Təlimin sonunda Duyğu sözün əsl mənasında duyğulu anlar yaşatdı. O, uşaqlardan ayrılıb tək oynaması ilə diqqətimi çəkdi. Doluxsunmuş halda bildirdi ki, böyüklərlə oynaya bilmir. Amma tək də pis oynamırdı. Məhəmmədəli Rəhimov Duyğuyla foto çəkdirməklə ona öz dəstəyini ifadə etdi.

317173520_504202398405679_6713455243956766743_n.jpg (269 KB)

Bir azdan seçilmiş isimlər açıqlanacaqdı. Uşaqların açıqlanacaq adları necə həyəcanla gözlədiklərini anlamaq üçün sadəcə məkanda olmaq yetərli idi. Onların raketka və valan hədiyyəsi gözləntisi isə badmintonu nə qədər sevdiklərindən xəbər verirdi.

316839262_539836841313920_6090690484065238737_n.jpg (300 KB)

2 günlük təlim bayram ab-havasında keçdi. Yüksək təşkilatçılıq da öz yerində. Neçə badmintonlu günlərə.

Badmintona töhfə verəcək axarlı layihələr!

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2024

22 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR