İnsanlara hürriyət, millətlərə istiqlal!

“60 qəpiyə aldığımız plombir necə bahalaşıb?” - Marketlərdə dondurmalar “əl yandırır” - FOTOLAR

“Tərkibində donuzdan alınan sümük və ya dəri, böcəklər...”

Qida texnoloqundan bu dondurmalarla bağlı xəbərdarlıq

May ayı olsa da, artıq dükanlarda, böyük marketlərdə dondurmaların bol çeşidlərini görmək mümkündür. Amma hər kəsin ləzzətlə yediyi dondurmalar heç də həmişə lazımı keyfiyyət tələblərinə cavab vermir. Hətta bəziləri iddia edir ki, hazırda mağazalarda satışa çıxarılan ötənilki dondurmaların istehsal tarixini dəyişdirilib və yeni məhsul kimi satışa çıxarılıb. Narazılıq doğuran digər məsələ isə qiymətlərlə bağlıdır. Əhali bu il qiymətlərin olduqca baha olmasından şikayətlənir.

Bəs deyilənlər nə dərəcədə həqiqəti əks etdirir? Musavat.com-un əməkdaşı olaraq mövcud vəziyyəti öyrənmək üçün bir neçə marketə üz tutduq.

Nizami rayonunda fəaliyyət göstərən marketlərdən birinə daxil oluruq. Müxtəlif ərzaq məhsullarının satışı aparılan bu marketin girişində bir neçə dondurma soyuducusunu görmək mümkündür. Yaxınlaşıb, qiymətlərlə maraqlanırıq. Satıcı bizimlə söhbətdə bildirdi ki, burada alıcılara müxtəlif qiymətlər təklif edilir: “Dondurmalar həcminə, brentlərə görə dəyişir. Ucuz qiymətə də dondurmalar var, baha qiymətə olanı da. Alıcıların öz seçimidir, hansı məhsulu istəyirsə, alır. O ki qaldı məhsulların ötən ildən qalması məsələsinə, bu tamamilə səhv fikirdir. Tez-tez yoxlamalar aparılır, köhnə məhsullar olarsa, biz cərimə olunardıq. Ona görə malın vaxtının keçməsi məsələsinə diqqət edilir. Bəlkə hansısa balaca dükanlarda, ya da açıq havada satılan yerlərdə ola bilər, bizdə isə bu, mümkün deyil”.

dondurma.jpeg (192 KB)

Satıcıdan ayrılıb özümüz də qiymətlərə baxır, məhsulları nəzərdən keçiririk. “Ay qızım, bir buna bax, gör bu dondurmanın qiyməti neçəyədir, üstündə qiyməti yazılmayıb”, deyə bir yaşlı xanım arxa tərəfdən səsləndi: “Dondurmaların hamısı bahadır, od tutub yanır, bu nədir belə?” xanım əlavə etdi. Soyuducunun üstündə bir vərəqdə dondurmaların ümumi qiyməti yazılmışdı. Əlində sadə “Plombir” tutan xanıma həmin siyahıdan qiyməti tapdıq, dondurmanın qiyməti isə 1 manat 70 qəpiyə idi. “Vay-vay, həmişə 60 qəpiyə aldığımız adi plombir necə bahalaşıb”, deyə qadın narazı halda dodaqaltı deyindi.

Qadından ayrılıb digər dondurmaların qiymətinə də nəzər salırıq. Misal üçün, 75 qram olan “Lasunka Serbet Qarpız” 1 manat 99 qəpiyə, 80 qramlıq “Eskimo 22 kopeek” 2 manat 80 qəpiyə, 85 qramlıq “Eskimo Lev” 2 manat 93 qəpiyə, 100 qramlıq “Eskimo lakomka” 3 manat 33 qəpiyə satılır. “Alpen Gold” 4 manat 5 qəpiyə, 71 qramlıq “Oreo Rojok” 4 manat 19 qəpiyə, “Oreo Sendvic” 3 manat 99 qəpiyə, 69 qramlıq “Movenpick” 4 manat 60 qəpiyə, “Eskimo Klassik plombir” 2 manat 5 qəpiyədir. 1.250 qramlıq “Plombir şokalad” 12 manat 70 qəpiyə satılır. “Dondurma plombir” klassik kağız paketin qiyməti isə 6 manat 50 qəpiyə təşkil edir.

cedvel.jpg (174 KB) 

Marketdən çıxıb, yaxınlıqda olan digər mağazaya daxil oluruq. Burada isə iki dondurma soyuducusu var idi. Burada bəzi dondurmaların kağızının olduqca əzilmiş vəziyyətdə olması diqqətimizi çəkdi. Satıcıdan bunların köhnə olub-olmadığını soruşuruq: “Xeyr, xanım, köhnə deyil, gətirəndə ola bilsin bir az əriyib, ona görə belə əzilib. Amma təzədirlər”. Mağazada təklif olunan qiymətləri nəzərdən keçiririk, burada da fərqli qiymətlər təklif edilir. Misal üçün, 65 qramlıq “Eskimo plombir” 0.85 qəpiyə, “Kornet plombir” 1 manat 35 qəpiyə, 70 qramlıq “Eskimo” (keçi südü) 1 manat 55 qəpiyə, plastik stəkanda şokaladlı “Plombir” 1 manat 25 qəpiyə, “Park Bulvar plombir” 7 manat 34 qəpiyə, bir kiloqram klassik “Plombir” 8 manat 45 qəpiyə, 500 qramlıq klassik paket “Plombir” 4 manat 54 qəpiyə, kakaolu “Plombir” 8 manata satılır. Qiymətləri nəzərdən keçirərkən iki alıcının söhbətinə də qulaq şahidi oluruq. Xanımlardan birinin sözlərinə görə, aldığı sadə klassik “Plombir”in içindən milçək çıxdığına görə bu məhsuldan imtina edib. Yaxınlaşıb xanımdan bununla bağlı şikayət edib-etmədiyini də soruşduq. Qadın isə cavabında bunu etdiyinə görə peşman olduğunu dedi: “Ay qızım, maraqlandım, onda AQTA-ya şikayət etdim, onlar gedib bunun istehsalçısını cəzalandırmaq əvəzinə, mağazanı sorğu-suala çəkiblər. Məhəlləmizdə olan dükançı da mənə şikayət etdi ki, bizə ziyan verdin. Kasıb camaatı niyə cərimələyirsiniz, istehsalçını cəzalandırın da”. Beləliklə, bu mağazadan da ayrılırıq. Amma bəzi suallar yaranır ki, onların cavablamağı da özümüzə borc bilirik. Satışa çıxarılan bu dondurmaların keyfiyyətinə zəmanət verilirmi? Dondurma alarkən nələrə diqqət yetirməliyik? Hansı məhsullardan tamamilə imtina etməliyik?

don.jpeg (169 KB)

Qida təhlükəsizliyi üzrə məsləhətçi Yusif Həkim mövzu ilə bağlı Musavat.com-a dedi ki, ölkəmizdə ərzaq üçün standartlar könüllü xarakter daşıyır: “Market rəflərini bəzəyən müxtəlif növ dondurmaların istehsalında hansı qida əlavələri istifadə edilir? Etiketdə hansı qida əlavələrini gördükdə həmin məhsulu almaqdan imtina etməliyik? Diqqətli olmamız lazım olan inqrediyentlər bunlardır: hidrogenləşdirilmiş yağlar, süni rəngvericilər, məsələn, E132, süni dadvericilər, E407 karraqenan, E441 jelatin, E120 karmin, E471 mono və diqliseridlər, tərkibində etil spirti olan xammallar, etil spirti istifadə edilərək istehsal olunan xammallar, hansı ki, “istihalə” (əslini dəyişmə) baş vermir, yəni etil spirti itmir. E132 – İndigo Karmin bir çox məhsullarda istifadə edilən mavi sintetik qida boyasıdır. Meyvə şirələri, limonadlar, yeyilə bilən buzlar, dondurmalar, şirniyyatlar, biskvit, tort, şokolad, dərman və kosmetika sektorlarında çox istifadə edilir. Araşdırmalara görə bəzi insanlarda kəskin allergik reaksiyalar yaradır.

yusif.jpeg (111 KB)

Hiperaktivlik, ürək bulanma, hipertəzyiq, dəri reaksiyaları, tənəffüs problemləri, allergiyalara səbəb olur. Avstraliyada qida sənayesində istifadəsi qadağandır. E407 – Karraqenan qırmızı dəniz yosunlarından alınan polisaxariddir. Bunun üç tipi var, kappa, Iota və lambda. E407 və E407-a kimi qida sənayesində geniş istifadə edilir. İstehsalında etil spirti istifadə edildiyi üçün şübhəlidir. E441 – jelatinin əsas xam maddəsi donuz, böyük və kiçikbaş heyvanların sümük və dəriləridir. Bir çox funksiyasına görə qida sənayesində geniş istifadə edilir, məsələn, meyvə şirələrində durulducu kimi də istifadə oluna bilir. Tamamilə bir heyvan mənşəli məhsuldur. Adətən istehsalında donuzdan alınan sümük və ya dəri istifadə olunmayıbsa, ona “halal” sertifikatı verilir. Lakin realda isə istifadə olunan sümük və dərinin halal şərtlərlə istehsal olunan heyvanlardan olması mütləqdir. E120 – Karmin təbii rəng vericidir. Əsasən Peruda istehsal olunur. Cochineal adlı böcəklərdən əldə edilir. Böcəklərin istifadəsi üçün 90 günlük yetişmə mərhələsinə çatmaqları lazımdır. Bu yaşa çatmış dişi böcəklərdən 3 fərqli metodla karmin istehsal olunur: Böcəklərin isti suya salınması ilə onlardan rəng alınması, böcəkləri günəş işığı altında qurutma ilə, sobalarda qurutma ilə, kolbasa və sosislərdə də geniş istifadə olunur. Böcəklər müsəlmanlar üçün haram olduğu üçün E120 əlavə edilmiş istənilən qidadan çəkinmək lazımdır. E471 – Mono və Diqliseridlər yağ turşularıdır. Heyvan və bitki mənşəli ola bilər. Qliserin və yağ turşularından əldə edilir. Heyvan mənşəli olanlar halal istehsal şərtlərinə riayət edilmiş heyvanlardan alınmalıdır. Bitki mənşəli olanlarda isə GMO olmalı deyildir. Etiket məlumatlarını diqqətlə oxumalıyıq. Aşağıdakı məlumatlar etiketdə öz əksini tapmalıdır, “Qida Təhlükəsizliyi haqqında” qanunun 17.2.1 maddəsinə görə, məhsulun adı qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, saxlanma şəraiti, tərkibindəki allergenlər. Süd allergen qrupuna daxil olduğu üçün, dondurma da allergik məhsul sayılır. Bundan əlavə dondurma istehsalında digər allergen qrupa daxil olan inqrediyentlər də istifadə edilən bilər və bunlar da mütləq etiketdə öz əksini tapmalıdır”.

eyyub son.PNG (353 KB)

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə bildirib ki, dondurma əvvəl istiyə məruz qalıb, sonra yenidən dondurulursa, bunun satışı qadağan olunmalıdır: “Belə məhsul satan şəbəkəni minimum 1500 manat cərimə gözləyir. Vətəndaşları bu cür şübhəli vəziyyətlər zamanı AQTA-nın qaynar xəttinə məlumat verməyə çağırıram”.

Afaq MİRAYİQ,
Fotolar müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2024

22 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR