İnsanlara hürriyət, millətlərə istiqlal!

“3 aydır ki, ziyana işləyirik” - Mobil telefon bazarında narazılıq - FOTOLAR

Bir neçə ay öncə ekspertlər mobil telefonların bahalaşacağı barədə proqnoz vermişdilər. Bu bahalaşmanın fevralın 15-dən Azərbaycana fiziki şəxslər tərəfindən gətirilən mobil telefonlara gömrük rüsumunun tətbiqindən sonra olacağı gözlənilirdi.

Bəs görəsən, bu proqnozlar özünü doğrultdumu? Hazırda mobil telefon bazarında vəziyyət necədir?

Suallarımıza cavab tapmaq üçün mobil telefon satışını həyata keçirən bir neçə mağazaya yollandıq, mövcud vəziyyəti öyrənməyə çalışdıq.

Nizami rayonunda ilk daxil olduğumuz mağazada çoxlu mobil telefon çeşidləri görsək də, alıcılar gözümüzə dəymədi. Burada satıcıdan başqa kimisə görmədik. “Bazar olsun” deyib, satıcıdan vəziyyəti soruşduq. “Bazar var ki, bir həftədir heç siftə etməmişəm. 3 aydır ancaq ziyana işləyirik”. Səbəbini soruşduqda isə o, “millətdə pul yoxdur, camaat acından ölür, telefon almaq yadlarına düşmür”, - deyə bildirdi.

mobil.jpeg (118 KB)

Satıcıdan onu da öyrəndik ki, mobil telefonların qiymətində nəzərəçarpacaq dərəcədə artım olmayıb. Misal üçün, “Samsung A-32” modeli 480 manata, “Samsung A-24” 600 manata, “Samsung A-53” 690 manata satılır. Satıcıdan “Ayfon”ların qiymətini soruşuruq. “Camaatda pul var, Ayfon alsın?! Ona görə biz ancaq işlənmiş bir iki model satışa qoymuşuq, Ayfon çox gətirmirik”, - deyə satıcı əlavə etdi. Odur ki, bu mağazada işlənmiş “Ayfon XS” 500 manat, “Ayfon 11 ProMax” 800 manatdır. “Redmi Note 12”nin qiyməti isə 450 manat təşkil edir.

smart.jpeg (139 KB)

Buradan çıxıb, yaxınlıqda olan daha böyük mağazaya daxil oluruq. Bu mağazada da satıcının narazılığı ilə qarşılaşırıq. O bizimlə söhbətdə dedi ki, mobil satışı çox zəifdir: “Mobil telefonların qiyməti çox bahalaşmayıb, ümumiyyətlə, üç ayda elə də fərq görmürük. Yalnız “Ayfon”ların qiyməti ara-sıra bahalaşır”.

Bu mağazada da qiymətlərin fərqli olduğunu görürük. Burada işlənmiş telefonlar ucuz satılır. Yeni “Samsung S 23” isə 1550 manata, “Samsung A 54” 800 manata, “Samsung A 53” 700 manata təklif edilir. “Xiaomi Redmi Note 12” isə 450 manat, “Xiaomi Redmi Note 11” 420 manata, “Xiaomi Redmi A 10” 380 manata satılır.

siomi.jpeg (77 KB)

“Ayfon almaq istəyənlər isə azdır” - deyə satıcı bizimlə söhbətdə bildirdi. “İşlənmiş “Ayfon 13” 1700 manata, “Ayfon 11” 500 manatadır. “Ayfon 12 Pro Max isə 1200 manatadır. Yeni “Ayfon 14 Pro” 2550 manata satılır”, - satıcı əlavə etdi.

Vitrində yeni və işlənmiş “Nokia” modelləri də diqqətimizi çəkdi. Satıcı “bu telefonları da alan varmı” sualına belə cavab verdi: ““Nokia”lar hələ tam sıradan çıxmayıb, 155 manata, 120 manata, hətta 60 manata satışda olanları var. Amma alıcısı azdır. Əsasən yaşlı adamlar “Nokia” alır. Onlar üçün də əsas zəng gəlib-getsin, bəs edir”.

Mobil telefon bazarında proqnozlaşdırıldığı kimi qiymət artımı müşahidə edilmir. Əksinə, alıcılıq qabiliyyəti aşağı düşüb. Bəs buna səbəb hansı amillərdir?

eyyub.jpg (290 KB)

İqtisadçı-ekspert Eyyub Kərimli mövzu ilə bağlı Musavat.com-a dedi ki, hazırda dünyada da smartfonlara tələbat azalıb: “Tələbat 4 faiz aşağı enib. Bu, onunla əlaqəlidir ki, mobil telefonlara 2021-ci ildə daha çox tələbat var idi, hətta pik həddə idi. Pandemiya ilə əlaqədar olaraq məsafədən işləmək və təhsil almaqla bağlı insanlar daha çox mobil telefon və sayda texnikalar əldə etmişdi. 2022-2023-cü illərdə mobil cihazlara olan tələbat həmin illərə nisbətən müqayisədə dünyada da azalmışdı. Əlbəttə ki, bunun obyektiv və subyektiv səbəbləri var. Əsas odur ki, insanlar daha uzunmüddətli texnikadan istifadə etməyə başlayıblar. Əvvəllər araşdırmalar göstərirdi ki, insanlar smartfonlarını 6 ay ərzində dəyişməyə meylli idi. İndi həmin müddət 9 ay, bir il müddətinə uzanıb. Bu da onunla bağlıdır ki, insanlar daha çox texnoloji yenilikləri olmadığı halda, proqram təminatı dəyişmədiyi halda yeni modellərə üstünlük vermirlər. Çünki kəskin proqram təminatı fərqlilik olmadığı halda modellərdə daha uzunmüddətli istifadəyə çalışılır. Digər tərəfdən, hazırda dünyada gedən inflyasiya prosesləri yaşam dəyərini artırıb. Bu səbəbdən də insanlar daha çox ərzağa, digər ilkin tələbat məhsullarını almağa yönəlirlər. Hesab edirəm ki, bizim ölkə də bundan geri qalmır. Bu gün telefonların qiymətində elə bir dəyişiklik yoxdur. Lakin tələb aşağı düşürsə, bu, ümumi inflyasiya prosesləri ilə bağlıdır. İnsanlar büdcələrini digər xərclərə yönəldirlər, nəinki mobil telefonlara”.

Afaq MİRAYİQ,
Fotolar müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2024

22 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR