Vaşinqton və Tehran arasında üzərində iş aparılan ilkin razılaşmalar İranın zənginləşdirilmiş uran ehtiyatından imtina etməsini nəzərdə tutur.
Musavat.com xəbər verir ki, məlumatı "The Washington Post" qəzeti diplomatik mənbəyə istinadən yayıb. Mənbə bildirib ki, saziş layihəsində İranın heç vaxt nüvə silahı hazırlamayacağının təsdiqlənəcəyi və zənginləşdirilmiş uran ehtiyatından imtina etməyə razılaşması nəzərdə tutulur. Nəşrin qeyd etdiyinə görə, bunun üçün dəqiq mexanizm yaxın iki ay ərzində razılaşdırılacaq.
İran rəsmiləri arasından olan bir mənbənin sözlərinə görə, tərəflər arasında hazırlanan "anlaşma memorandumu" Tehranın Hörmüz boğazını açmasını və ABŞ-ın 12 milyard dollarlıq İran aktivlərini azad etməsini də nəzərdə tutur. Bundan əlavə, ABŞ-ın İrana qarşı dəniz blokadasına son qoyması gözlənilir.
Nəşr ABŞ və İranın hələ heç bir sənəd imzalamadığını aydınlaşdırır. İran hakimiyyəti hələlik yekun təsdiq verməyib. Qəzetin İran mənbəyi həmçinin qeyd edib ki, memorandumda "nüvə məsələləri ilə bağlı razılaşmalar yoxdur, yalnız gələcəkdə bu məsələləri müzakirə etmək vədi var".
Musavat.com