Zəngəzurda gizli razılaşma: Putin Trampın elçilərindən nə istəyib?

Zəngəzur dəhlizi ətrafında proseslər yeni mərhələyə daxil olur. Artıq söhbət yalnız Azərbaycan-Ermənistan münasibətlərindən və iki ölkə arasında kommunikasiyaların açılmasından getmir. Cənubi Qafqazın gələcək nəqliyyat xəritəsini dəyişdirə biləcək bu marşrut ABŞ, Rusiya, Türkiyə, İran və Avropa dövlətlərinin maraqlarının kəsişdiyi mühüm geosiyasi layihəyə çevrilib.

Xüsusilə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin sentyabrın 5-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşündən sonra Zəngəzur məsələsi ətrafında yeni ehtimallar gündəmə gəlib. Həmin görüşün əsas mövzusunun Rusiya-Ukrayna müharibəsi və sülh danışıqları olduğu açıqlansa da, ABŞ-Rusiya təmaslarının daha geniş regional məsələlərə də toxunması ehtimalı müzakirə olunur. Ortaya çıxan versiyaya görə, Trampın elçiləri ilə Putin arasında Zəngəzur marşrutunun gələcəyi, eləcə də Rusiyanın bu layihədə hansı formada iştirak edə biləcəyi məsələsi müzakirə olunub.

Şübhəsiz ki, Rusiyanın Zəngəzur marşrutuna marağı ilk növbədə Cənubi Qafqazda dəyişən geosiyasi vəziyyətlə bağlıdır. Ermənistanın son illərdə Qərblə yaxınlaşması, ABŞ və Avropa İttifaqı ilə münasibətlərini genişləndirməsi Moskvanın regiondakı ənənəvi təsir imkanlarına təsir edib. Belə bir şəraitdə Ermənistan ərazisindən keçəcək və ABŞ-ın fəal iştirakı ilə formalaşacaq yeni nəqliyyat xəttinin Rusiyanın maraqlarından tamamilə kənarda qalması Moskva üçün arzuolunan variant deyil. Ona görə də Rusiyanın bu layihədə müəyyən iqtisadi, logistika və ya regional koordinasiya imkanları əldə etməyə çalışması ehtimalı real görünür. Burada söhbət Zəngəzurun Rusiyaya verilməsindən və ya Moskvanın marşruta tam nəzarətindən getmir. Rusiyanın marağı daha çox yeni yaranacaq nəqliyyat sistemində özünə yer saxlamaqla bağlı ola bilər. Moskva üçün əsas məsələ Cənubi Qafqazda formalaşan yeni kommunikasiya xəritəsinin yalnız ABŞ və onun tərəfdaşlarının iştirakı ilə qurulmamasıdır. Çünki Zəngəzur marşrutunun işə düşməsi Azərbaycanın Naxçıvanla bağlantısını təmin etməklə yanaşı, Türkiyə, Mərkəzi Asiya və Avropa istiqamətində yeni nəqliyyat imkanları yaradacaq.

ABŞ-ın marağı isə daha çox yeni nəqliyyat və iqtisadi strukturun formalaşdırılması ilə bağlıdır. Vaşinqton Ermənistan ərazisindən keçən TRIPP layihəsinin həyata keçirilməsində fəal rol alır. Ermənistan və ABŞ arasında TRIPP üzrə çərçivə sazişi artıq imzalanıb və tərəflər layihənin ən qısa müddətdə həyata keçirilməsi üçün daxili prosedurların tamamlanmasını nəzərdə tuturlar. Saziş layihəni regional sülh, sabitlik, iqtisadi inteqrasiya və yeni ticarət marşrutunun yaradılması ilə əlaqələndirir.

Bu baxımdan ABŞ üçün əsas məsələ layihənin kağız üzərində qalması deyil, real işlək nəqliyyat xəttinə çevrilməsidir. Vaşinqton bu marşrut vasitəsilə Cənubi Qafqazda iqtisadi-strateji iştirakını gücləndirmək, Azərbaycan və Ermənistan arasında iqtisadi bağlantıları artırmaq, eyni zamanda Mərkəzi Asiya ilə Avropa arasındakı Transxəzər marşrutunun imkanlarını genişləndirmək istəyir. Ermənistanın ABŞ-dakı səfiri də TRIPP-in ABŞ üçün strateji əhəmiyyətini və layihədə Vaşinqtonun böyük iştirakını vurğulayıb.
CROSSMEDIA - Zəngəzur dəhlizi: Azərbaycanın gələcəyinə açılan strateji yol

Əgər Putinlə Trampın nümayəndələri arasında Zəngəzur məsələsinin müzakirə edildiyi versiyasını nəzərdən keçirsək, əsas sual Rusiyanın layihəyə hansı formada daxil ola biləcəyidir. Vaşinqton üçün əsas məqsəd marşrutun fəaliyyətə başlamasıdırsa, ABŞ Moskvanın müəyyən maraqlarını nəzərə almaqla layihənin qarşısında yarana biləcək geosiyasi maneələri azaltmağa çalışa bilər. Bu, Rusiyaya dəhlizin idarəçiliyinin verilməsi anlamına gəlməz. Daha real variant Moskvanın yükdaşımalar, logistika, investisiya və regional nəqliyyat əlaqələrinin koordinasiyası kimi sahələrdə müəyyən imkanlar əldə etməsidir. Belə bir model ABŞ üçün də müəyyən üstünlüklər yarada bilər. Çünki Rusiyanın tamamilə kənarda saxlanılması Moskvanın layihəyə siyasi müqavimət göstərməsi riskini artıra bilər. Əksinə, müəyyən iqtisadi maraqların nəzərə alınması Rusiyanın prosesə münasibətini dəyişəcək. Tramp administrasiyasının Moskva ilə birbaşa danışıqlara üstünlük verməsi də bu ehtimalın müzakirəsini artırır. Sentyabrın 5-də Putinlə görüşən Uitkoff və Kuşnerin əsas məqsədi Ukrayna üzrə danışıqları irəli aparmaq olsa da, ABŞ-Rusiya təmaslarının regiondakı digər geosiyasi məsələlərə təsir göstərə bilməsi mümkündür.

Əgər Rusiyanın Zəngəzur layihəsində müəyyən formada iştirak etməsi ilə bağlı anlaşma ortaya çıxarsa, Ermənistan üçün vəziyyət daha mürəkkəb olacaq. İrəvan bir tərəfdən ABŞ-la yeni strateji və iqtisadi əməkdaşlıq qurur, digər tərəfdən Rusiya ilə münasibətləri tamamilə qoparmayıb. Ermənistan rəsmiləri TRIPP layihəsini öz suverenliyi və yurisdiksiyası çərçivəsində təqdim edirlər. Bu səbəbdən Rusiya amilinin layihəyə daxil olması İrəvanda əlavə siyasi narahatlıq yarada bilər. Digər tərəfdən, Ermənistanın iqtisadi maraqları da nəzərə alınmalıdır. TRIPP-in reallaşması Ermənistanı regional nəqliyyat sisteminin mühüm hissəsinə çevirə, tranzit imkanlarını genişləndirə və yeni investisiyalar gətirə bilər. Buna görə İrəvan üçün əsas məsələ həm ABŞ, həm də Rusiya faktorunu nəzərə alaraq öz suverenlik tələblərini qorumaq olacaq.

Bakı baxımından isə məsələyə daha praktik yanaşmaq lazımdır. Azərbaycanın əsas marağı Naxçıvanla etibarlı və maneəsiz nəqliyyat bağlantısının yaradılmasıdır. Bu bağlantının reallaşması Türkiyə ilə quru əlaqələrinin genişlənməsinə, Orta Dəhlizin imkanlarının artmasına və Azərbaycanın Avrasiya nəqliyyat xəritəsində rolunun güclənməsinə səbəb ola bilər. Buna görə də ABŞ və Rusiyanın Zəngəzur layihəsinə marağının artması Azərbaycan üçün müəyyən imkanlar yaradır.

Əgər böyük güclər bu marşrutun qarşısını almaq əvəzinə onun reallaşmasında maraqlı olsalar, layihənin siyasi çəkisi daha da artacaq. Azərbaycan isə yaranmış geosiyasi rəqabətdən öz milli maraqları üçün istifadə edə bilər. Burada əsas prinsip dəyişməməlidir. Hər hansı xarici güc Azərbaycanla Naxçıvan arasındakı bağlantı üzərində siyasi məhdudiyyət yaratmamalı, layihənin mahiyyəti regional nəqliyyat və iqtisadi əməkdaşlığa xidmət etməlidir.

Zəngəzur marşrutunun əhəmiyyəti onun coğrafi ölçülərindən qat-qat böyükdür. Layihənin reallaşması Azərbaycanı Naxçıvan və Türkiyə üzərindən Avropa istiqamətinə daha sıx bağlaya, Mərkəzi Asiya ilə nəqliyyat əlaqələrini genişləndirəcək. Bu baxımdan Zəngəzur Orta Dəhlizin mühüm halqalarından birinə çevrilə bilər. Azərbaycan üçün bu, tranzit imkanlarının artması, yeni logistika mərkəzlərinin formalaşması və ölkənin regiondakı iqtisadi çəkisinin yüksəlməsi deməkdir.

Məhz buna görə ABŞ bu layihəyə xüsusi əhəmiyyət verir. Eyni zamanda, Rusiya da yeni nəqliyyat sistemindən kənarda qalmaq istəmir. Moskvanın Zəngəzurda iştirakı onun üçün yalnız iqtisadi gəlir məsələsi deyil, Cənubi Qafqazda təsir imkanlarının müəyyən hissəsini qorumaq vasitəsi də ola bilər. ABŞ isə layihənin reallaşmasını sürətləndirməklə regionda yeni iqtisadi və strateji mövcudluq yaratmağa çalışır. Bir sözlə əgər Vaşinqton Zəngəzur marşrutunun mümkün qədər tez reallaşmasını prioritet hesab edirsə, Moskvanın müəyyən maraqlarının nəzərə alınması variantını masada saxlaya bilər. Rusiya da öz növbəsində layihədən müəyyən iqtisadi və siyasi pay əldə etməklə yeni nəqliyyat sisteminə münasibətini daha konstruktiv istiqamətə dəyişməlidir. Belə bir anlaşma Ermənistanın da qarşısında yeni reallıq yaradar. İrəvan həm ABŞ-ın, həm də Rusiyanın iştirak etdiyi layihədə öz maraqlarını və suverenlik mövqeyini qorumağa çalışmalı olacaq.

Nəticə etibarilə, Zəngəzur məsələsi artıq yalnız regional kommunikasiyanın açılması məsələsi deyil. Bu layihə Cənubi Qafqazın yeni geosiyasi və iqtisadi xəritəsinin formalaşmasına təsir göstərə biləcək əsas istiqamətlərdən biridir. Rusiyanın layihədə iştirakda maraqlı olması ehtimalı Moskvanın regionda təsir imkanlarını qorumaq istəyindən irəli gələ bilər. ABŞ-ın layihənin tezliklə reallaşmasında marağı isə Vaşinqtonun Cənubi Qafqaz və Orta Dəhlizdə uzunmüddətli strateji iştirakını gücləndirmək məqsədi ilə izah oluna bilər. Azərbaycan üçün isə bütün bu proseslərin əsas nəticəsi dəyişməz qalır, Naxçıvanla bağlantının təmin edilməsi, Türkiyə ilə nəqliyyat əlaqələrinin genişləndirilməsi və Azərbaycanın regional logistika mərkəzi kimi mövqeyinin daha da gücləndirilməsi...

Yekun olaraq bildirək ki, Putinlə Trampın nümayəndələri arasında Zəngəzurla bağlı hansısa prinsipial anlaşma həqiqətən əldə olunubsa, bunun detalları yaxın dövrdə mütləq üzə çıxacaq. Amma bir məsələ artıq aydındır ki,  Zəngəzur ətrafında geosiyasi maraqlar artır və layihənin gələcəyi təkcə Bakı ilə İrəvanın deyil, Vaşinqton və Moskvanın da hesablamalarından asılı olacaq.

 

Cavanşir Abbaslı
Musavat.com

16.09.2026 12:12
713