Qlobal ticarət marşrutlarının yenidən formalaşdığı bir dövrdə Azərbaycanın əsas iştirakçılarından olduğu Orta Dəhliz beynəlxalq diqqətin mərkəzinə çevrilməkdədir. Xüsusilə Hörmüz boğazı ətrafında artan gərginlik alternativ nəqliyyat xətlərinə marağı daha da gücləndirib. Financial Times qəzetinin yazdığına görə, mövcud geosiyasi şəraitdə Türkiyə bu marşrutu aktiv şəkildə təşviq edir və onu qlobal ticarət üçün yeni təhlükəsiz xətt kimi təqdim etməyə çalışır: “Ankara ümid edir ki, Ermənistanla sərhədin açılmasından sonra marşrut qlobal ticarət mərkəzinin bir hissəsinə çevrilə bilər”.
Çini Qafqaz və Türkiyə üzərindən Avropaya birləşdirməyi hədəfləyən Orta Dəhliz, ənənəvi dəniz marşrutları ilə müqayisədə vaxt baxımından ciddi üstünlük vəd edir. Bununla belə, layihə yalnız iqtisadi deyil, həm də siyasi və infrastruktur baxımından mürəkkəb çağırışlarla üz-üzədir. Regionda sərhədlərin açılması ehtimalları, böyük güclər arasındakı rəqabət və logistika problemləri bu dəhlizin gələcəyini müəyyən edən əsas faktorlar kimi çıxış edir.
Belə bir şəraitdə əsas sual yaranır: Orta Dəhliz doğrudan da qlobal ticarətin yeni mərkəzinə çevrilə bilərmi, yoxsa bu, hələlik geosiyasi ambisiya olaraq qalır? Ermənistanla sərhədlərin açılması Orta Dəhlizin real işləkliyinə nə dərəcədə təsir göstərəcək? Bu layihədə Azərbaycanın rolu strateji baxımdan necə qiymətləndirilməlidir?
İqtisadçı millət vəkili Azər Badamov mövzu ilə bağlı Musavat.com-a deyib ki, dünyada baş verən geosiyasi gərginliklər və müharibələr fonunda təhlükəsiz dəhlizlər aktuallığını günü-gündən artırır: “Hörmüz boğazındakı məhdudiyyətlər və Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalar Asiya ilə Avropa arasında yük axınlarını çətinləşdirib. Belə çətin dünyada Azərbaycanın iştirakı və təşkilatçılığı ilə ərsəyə gəlmiş Orta Dəhliz cəlbedicliyini artıran əsas beynəlxalq loqistik marşrutlardan birinə çevrilib. Hazırkı dövrdə Orta Dəhliz yük keçirmə gücünə görə heç də böyük həcmlərin loqistikasına imkan vermir. Bakı Beynəlxalq Ticarət Limanın yükaşırma gücü 15 milyon ton və növbəti mərhələdə 25 milyon tona çatdırılması istiqamətində layihə icra olunsa da, Orta Dəhlizin davamı olan Bakı-Tbilisi-Qars dəmir yolunun yükdaşıma gücü cəmi 5 milyon tondur. Amma Orta Dəhlizin genişləndirmə imkanları böyükdür”.
Deputat onu da qeyd edib ki, burada Azərbaycanın rolu xüsusilə qeyd olunmalıdır: “Belə ki, Zəngəzur dəhlizinin tikintisi ilə bağlı ölkə ərazisində işlər sürətlə davam etdiriliməkdədir. O cümlədən, Türkiyə də Qars-Dilucu-İğdır dəmir yolunun da tikintisi davam etdirilməkdədir. Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsi də yekunlaşandan sonra Orta Dəhlizin yükkeçirmə qabiliyyəti ilkin mərhələdə 15 milyon ton olacaqdır. Növbəti mərhələdə isə bu həcmlər daha da artırmaq mümkün olacaq. Təbii ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması və sərhədlərin açılması Orta Dəhlizin imkanlarının da kifayət qədər böyüməsinə yol açacaq. Bu, regionumuzun qlobal əhəmiyyətini artıracaq və Azərbaycanın siyasi-iqtisadi mövqelərinin daha da möhkəmlənməsinə töhfə verəcək”.
Afaq Mirayiq,
Musavat.com