Yunanıstanın paytaxtı Atinadan təxminən 60 kilometr qərbdə yerləşən "Agioi Theodoroi" yaşayış məntəqəsindəki "Motor Oil" neft emalı zavodunda güclü partlayış baş verib.
Musavat.com xəbər verir ki, yerli "Kathimerini" və "ProtoThema" nəşrlərinin məlumatına görə, insident profilaktik təmir və texniki qulluq işləri aparılan zaman qaz toplanması nəticəsində meydana gəlib.
Hadisə zamanı podratçı şirkətin 43 və 50 yaşlı iki fəhləsi ağır xəsarətlər alaraq dərhal yaxınlıqdakı Qorinf şəhər xəstəxanasına reanimasiyaya yerləşdirilib. "Motor Oil" şirkətinin rəsmi bəyanatında bildirilib ki, yaralılara təcili tibbi yardım göstərilib və obyektdə dərhal fövqəladə hal protokolları aktivləşdirilərək digər işçilər ərazidən təxliyə edilib.
Dağıntıların dəqiq miqyası və partlayışın tam səbəbləri ilə bağlı araşdırmalar davam etdirilir.
Musavat.com