Yəməndə 36 saatlıq ŞOK ƏMƏLİYYAT: Hüsilər strateji limanı və adanı ƏLƏ KEÇİRDİ

İranın dəstəklədiyi hüsilər Yəmənin qərb sahillərində cəmi 36 saat davam edən ildırım sürətli əməliyyat keçirərək strateji Muxa liman şəhərini və Perim adasını ələ keçiriblər.

Musavat.com xəbər verir ki, bu qəfil sıçrayış Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmən hökumət qüvvələrini geriyə sıxışdıraraq Qırmızı dənizə giriş zonalarında güc balansını kökündən dəyişib.

"CNN" telekanalının yaydığı məlumata görə, Muxa şəhərinin müdafiəçiləri cümə günündən etibarən dəfələrlə Ər-Riyaddan aviasiya dəstəyi istəsələr də, vəd olunan Səudiyyə qırıcıları köməyə gəlməyib. Nəticədə şəhər hüsilərin intensiv hücumları qarşısında tab gətirməyərək təslim olub. Cəmi bir neçə saat sonra isə Bab əl-Məndəb boğazının düz mərkəzində yerləşən həyati əhəmiyyətli Perim adası da hüsilərin nəzarətinə keçib. Bu nəzarət qruplaşmaya Qırmızı dəniz və Süveyş kanalı vasitəsilə həyata keçirilən qlobal ticarət və enerji daşımaları marşrutlarını birbaşa təhdid etmək imkanı verir.

Qərbdəki mənbələr məğlubiyyətin pərdəarxası məqamlarını açıqlayıb. Məlum olub ki, Muxada yerləşdirilən real canlı qüvvə kağız üzərində göstərilən rəqəmin cəmi 20% -ini təşkil edib, ordunun siyahıları isə maaş mənimsəyən "ölü canlar"la dolu olub. Bununla yanaşı, komandanlıqdakı daxili ixtilaflar, vahid idarəetmənin olmaması, həmçinin Vaşinqton və Ər-Riyadın qərar qəbul etməkdə gecikməsi məğlubiyyəti qaçılmaz edib.

Mövcud kritik vəziyyət fonunda Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Səlman iki dəfə ABŞ Prezidenti Donald Trampla əlaqə saxlayaraq Birləşmiş Ştatları hüsilərə qarşı birbaşa hərbi zərbələr endirməyə çağırıb. Lakin Tramp bu tələbi rədd edib. Vaşinqton Səudiyyə Ərəbistanında 100-dən çox hərbi məsləhətçi saxlamaqla yalnız kəşfiyyat məlumatları təmin edir, lakin birbaşa döyüşlərə qatılmaqdan çəkinir.

Eyni zamanda, Tehranda İranın Ali Dini Liderinin müşaviri bu proresləri "aşkar qələbə" adlandırıb. Bu isə rəsmi Tehranın hüsilərdən istifadə edərək dünya ticarətinin ən mühüm marşrutlarına təzyiqi daha da artırmaq niyyətində olduğunu göstərir.

Musavat.com

12.09.2026 14:23
1113