Azərbaycan Yazıçılar Birliyinin (AYB) son addımı ədəbi camiyədə və ictimaiyyətdə ciddi rezonans doğurub.
Məlum olduğu kimi, qurum üzvlük haqqını ödəməyən şair və yazıçıların adlı siyahısını tərtib edərək ictimailəşdirib. Siyahıya düşən şəxslərə fevralın 1-dək vaxt verildiyi bildirilir. Xəbərdarlığa əsasən, müəyyən olunmuş müddət ərzində üzvlük haqqı borclarını ödəməyənlər qurumdan xaric ediləcəklər.
Xatırladaq ki, 2016-cı ildən etibarən AYB-də üzvlük haqqı illik 15 manat təşkil edir. Rəhbərlik bu ödənişin qurumun fəaliyyəti baxımından vacib olduğunu vurğulasa da, açıqlanan siyahı gözlənilməz və qalmaqallı məqamlarla gündəmə gəlib.
Belə ki, siyahının bir hissəsi mətbuata təqdim olunduqdan sonra ciddi narazılıq və suallar yaranıb. “Yeni Sabah”ın yaydığı məlumata görə, borclu üzv kimi göstərilən şəxslər arasında şair Amil Aveyin də adı yer alıb. Halbuki, o, 6 il əvvəl – 2020-ci ildə vəfat edib. Məhz bu fakt “AYB ölülərdən də üzvlük haqqı tələb edir?” sualını gündəmə gətirərək geniş müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza Musavat.com-a açıqlama verib. O, mərhum şairin adının siyahıya salınmasını texniki xəta adlandırıb:
“Ümumiyyətlə, dünyasını dəyişən üzvlərlə bağlı adətən onların ailə üzvləri AYB-yə məlumat verirlər və verməlidirlər ki, bu barədə qeydiyyat aparılsın. Lakin bir daha vurğulayıram ki, bu konkret halda söhbət texniki xətadan gedir”.
Xəyal Rza bildirib ki, siyahı açıqlanandan və üzvlərə xəbərdarlıq edildikdən sonra ödənişlərlə bağlı müəyyən canlanma müşahidə olunur:
“Məsələ burasındadır ki, üzvlük haqqını ödəməyənlərin hamısını məsuliyyətsiz adlandırmaq düzgün olmaz. Elələri var ki, üzvlük haqqının ödənilməli olduğunu bilməyiblər. Elələri də var ki, sonuncu dəfə nə vaxt ödədiklərini xatırlamırlar. Bu baxımdan hər kəsi eyni cür qiymətləndirmək olmaz. Hazırda müəyyən canlanma var, gələnlər, borclarını ödəyənlər olur. Bu məsələdə mövqeyimiz birmənalıdır. Üzvlük haqqını ödəməyənlər AYB-dən xaric olunacaqlar”.
Xalidə Gəray,
Musavat.com