Xəbər verdiyimiz kimi, Xəzər Nadir oğlu Fərhadov Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Musavat.com Xəzər Fərhadovun dosyesini təqdim edir:
X.Fərhadov 1975-ci ildə Şirvan şəhərində anadan olub. Diplomat 1992-1996-cı illərdə Türkiyənin Gazi Universitetinin İqtisadi və idarəçilik elmləri fakültəsi, beynəlxalq münasibətlər bölməsində təhsil alıb. 2000-2004-cü illərdə təhsilini Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində davam etdirib.
Diplomatik fəaliyyətə 1997-ci ildə Xarici İşlər Nazirliyinin İslam Konfransı Təşkilatı (İKT) və İKT-yə üzv ölkələr İdarəsində referent kimi başlayıb. 1998-2002-ci illərdə Asiya, Afrika və Latın Amerikası ölkələri İdarəsində referent, attaşe, üçüncü katib olub. 2002-2006-cı illərdə İkinci (Şərq) Ərazi İdarəsində ikinci katib, birinci katib, şöbə müdiri olub. 2006-cı ildən 2008-ci ilə qədər Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı Səfirliyində müşavir işləyib. Daha sonra fəaliyyətini 2 il Azərbaycan XİN-də davam etdirib. 2010-2011-ci illərdə Azərbaycanın Koreyadakı Səfirliyində müşavir olub. 2011-2013-cü illərdə Azərbaycan XİN-də Birinci (Qərb) Ərazi İdarəsində şöbə müdiri, rəis müavini işləyib. 2013-cü ildən 2019-cu ilə qədər Birinci Asiya İdarəsinin rəisi olub. 2019-2021-ci illərdə nazirliyin xüsusi tapşırıqlar üzrə səfiri təyin olunub. 2019-cu ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib. 2021-ci ilin iyul ayından bu günə qədər Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri olub. Diplomat türk, ingilis, rus, yapon dillərini bilir.
Qeyd edək ki, Prezidentin digər sərəncamına əsasən, Xəzər Fərhadov Azərbaycanın Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Nigar Həsənli
Musavat.com