34 il öncə bu anlarda əsrin ən dəhşətli soyqırımlarından biri kimi tarixə düşən Xocalı soyqırımının həyata keçirilməsinə saatlar qalırdı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc azərbaycanlılara qarşı separatçı erməni silahlı birləşmələri və terror qrupları ilə yanaşı keçmiş SSRİ-dən qalma Rusiyaya məxsus 366-cı motoatıcı alay da qanlı soyqırımı həyata keçirib. Bu bəşəri cinayətdə 366-cı motoatıcı alayın hərbçilərinin iştirak etməsi ilə bağlı çoxsaylı faktlar və şahid ifadələri mövcuddur.
Rusiyanın Müdafə Nazirliyinin o dövrkü rəhbərliyinin, şəxsən nazir Pavel Qraçovun göstərişi, ən azından razılığı olmadan rus hərbi alayının belə bir əməliyyatda iştirakı təbii ki, mümkün deyildi. Deməli, Xocalıda soyıqırımı törədilməsində Rusiyanın ən azından hərbi rəhbərliyinin marağı var idi. Bəs Moskva üçün Xocalıda belə bir cinayətin baş verməsi nə üçün lazım idi?
Siyasi, hərbi ekspertlər hesab edir ki, bu suala cavab verərkən bir neçə strateji və siyasi amili nəzərə almaq lazımdır. İlk növbədə bu, Rusiyaya regionda nəzarəti saxlamaq üçün lazım idi. 1991-ci ildə SSRİ dağıldıqdan sonra Cənubi Qafqazda böyük geosiyasi boşluq yarandı. Azərbaycan müstəqilliyini yeni bərpa etmişdi və Kreml bölgəni öz təsir dairəsində saxlamağa çalışırdı. Xocalı faciəsi Azərbaycanda siyasi sabitliyi sarsıtdı, hakimiyyət böhranını dərinləşdirdi, ordu quruculuğunun zəifliyini ortaya çıxardı. Bu isə Moskvanın “vasitəçi və təhlükəsizlik təminatçısı” rolunu gücləndirməsinə şərait yaradırdı.
1992-ci ilin əvvəllərində Dağlıq Qarabağ müharibəsində strateji məntəqələr uğrunda döyüşlər gedirdi. Xocalı isə yeganə hava limanının yerləşdiyi ərazi idi, Xankəndinə nəzarət üçün açar mövqe sayılırdı. 366-cı alayın ağır texnikası və zirehli maşınları olmadan Xocalının işğalı bu qədər sürətli və dağıdıcı olmazdı. Bu baxımdan, hadisə Ermənistan silahlı qüvvələrinin hərbi üstünlük qazanmasına birbaşa xidmət etdi.
Xocalı soyqırımı təkcə hərbi əməliyyat deyildi. Bu, həm də psixoloji terror aktı idi. Məqsəd Azərbaycan əhalisində, xüsusən də Qarabağda yaşayan azərbaycanlı əhalidə kütləvi qorxu, vahimə yaratmaq, Qarabağ və ətraf rayonların boşaldılmasına təkan vermək idi. Müharibənin taleyini psixoloji müstəvidə dəyişmək üçün ermənilərlə rus hərbçilərin planında Xocalıda qanlı soyqırımı həyata keçirmək yer alırdı və bu plana uyğun hərəkət edildi.
1992-ci ildə Azərbaycan xalqı, siyasi qüvvələrinin böyük hissəsi Rusiyadan məsafə saxlamaq, Türkiyəyə və Qərbə yaxınlaşmaq istəyində idi. Kreml üçün bu qəbuledilməz idi. Azərbaycanın Moskvanın təsir orbitindən uzaqlaşmasının qarşısının alınması üçün Azərbaycanın gözünü qıracaq Xocalı faciəsi kimi hadisə Rusiyaya lazım idi. Bunun ardınca isə Azərbaycanı Rusiyanın yaratdığı kollektiv təhlükəsizlik mexanizmlərinə qoşulmağa məcbur etmək hədəflərdəniydi. Xocalı soyqırımı təkcə bir hərbi əməliyyat deyildi, postsovet məkanında Rusiyanın geosiyasi mübarizəsinin meydana gətirdiyi qanlı epizodlardan biri idi.
Etibar Seyidağa,
Musavat.com