Ermənistan parlamentinin “Ermənistan” fraksiyasının rəhbəri və keçmiş müdafiə naziri, Xocalı canilərindən olan Seyran Ohanyan Paşinyan hakimiyyətinin KTMT-yə qarşı tənqidlərini yersiz saydığını deyib. Bu barədə o, baş nazirin qurum əleyhinə son ittihamını şərh edərkən bildirib.

Ohanyana görə, KTMT ilə əməkdaşlıq Türkiyə kimi böyük regional güclərlə mübarizə aparmaq üçün zəruridir. O, hesab edir ki, “qeyri-sabitlik, xarici və daxili təhdidlər fonunda Ermənistan öz təhlükəsizliyini təkcə öz gücü ilə deyil, həm də kollektiv təhlükəsizlik və müttəfiqlik münasibətləri çərçivəsində təmin edə bilib”.
Keçmiş nazir iddia edib ki, guya “Ermənistan həmişə təkbaşına Azərbaycanla qarşıdurmaya qadir olub”.
Bu harasıdır, ardınca o, xəyallarını gerçəklik kimi təqdim etməyə çalışaraq bildirib ki, guya 2016-cı ilin aprel döyüşləri zamanı Ermənistan ordusu “cəbhə xəttinin iki ərazisində Azərbaycanın “Yaşma” xüsusi təyinatlı qüvvələrinin bölməsini məhv edib”.
Sanki aprel döyüşləri cəmi 10 il öncə yox, bizim eradan əvvəl baş verib...

Əvvəla, Azərbaycan həbsxanasının darıxdığı bu çaqqal niyə unudur ki, aprel döyüşlərində ordumuz atəşkəs dövründə ilk dəfə işğalçıya çox ağrılı bir qulaqburması verib və 2 min hektardan çox ərazimizi azad edib. 44 günlük müharibə zamanı isə düşmən tərəfin çox öyündüyü “Ohanyan xətti”ni qəhrəman hərbçilərimiz və kəşfiyyatçılarımız qısa zamanda təhlükəsiz hala gətirərək, ordumuzun uğurlu irəliləyişini təmin ediblər. Bu da danılmaz faktdır ki, 2-ci Qarabağ müharibəsi zamanı siçan deşiyində gizlənənlərdən biri məhz Seyran Ohanyan olub.
Hərbi caninin sayıqlamasına “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi təhlilçi Emin Həsənli Musavat.com-da belə cavab verib:
“2016-cı ilin aprel döyüşləri zamanı Ohanyan müdafiə naziri idi. Məhz onun uğursuz fəaliyyəti nəticəsində Azərbaycan Ordusu həm Tərtər-Ağdərə istiqamətində, həm də Cəbrayıl-Füzuli istiqamətində uğurlu əməliyyat apardı. Lələtəpə yüksəkliyi ələ keçirildi. Yüzlərlə düşmən məhv edildi. Məhz bu hadisələrin nəticəsində Ohanyan istefaya göndərildi. 2 il sonra da Sərkisyan hakimiyyətdən getdi. 2016-cı ilin aprel hadisələri bir sözlə Ohanyanın hakimiyyətinə son qoydu. “Ohanyan xətti”ni Azərbaycan Ordusu 40 dəqiqəyə darmadağın etdi. 44 günlük müharibədə də Ohanyan Şuşaya gəlmişdi. Amma qaçdı-getdi. Yaxşı bilirdi ki, Köçəryan-Sərkisyanın yaratdığı ordu məğlub olacaq. 44 gün və bir günlük antiterror əməliyyatları nəticəsində ordumuz düşməni darmadağın etdi. Ermənistanın arxasında hansı qüvvələrin dayanmasından asılı olmayaraq Azərbaycan tərəfin qarşısını almaq mümkün deyildi. Dəmir Yumruq daim yerindədir”.

Onun sözlərinə görə, gec-tez Ohanyan, Sərkisyan və Köçəryan Azərbaycan məhkəmələri qarşısında cavab verməli olacaqlar:
“Xocalıda və digər ərazilərdə törətdikləri hadisələrin cavabını verməli olacaqlar. İlahi ədalət bir daha öz yerini tapacaq. Ermənilər yaxşı gördülər ki, Azərbaycan oğulları torpaqları necə azad edirlər. Ohanyangilin arzuları gorbagor oldu. İşğala Azərbaycan dövləti son qoydu”.
Cavanşir ABBASLI
Musavat.com