Azərbaycandan xaricə göndərilən pul baratlarının həcmində azalma müşahidə olunur. 2026-cı ilin ilk 6 ayında fiziki şəxslər tərəfindən xarici ölkələrə 207,9 milyon ABŞ dolları pul köçürülüb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,7 faiz azdır.
Eyni zamanda, Azərbaycana xaricdən daxil olan pul baratları 40,2 faiz artaraq 748,5 milyon dollara çatıb. Nəticədə ölkənin təkrar gəlirlər balansında 525 milyon dollarlıq profisit yaranıb.
Azərbaycandan xaricə pul köçürmələrində əsas istiqamətlər Türkiyə, ABŞ, Rusiya, Gürcüstan və Birləşmiş Krallıq olaraq qalır. Türkiyəyə və ABŞ-a göndərilən vəsaitlərdə daha ciddi azalma qeydə alınıb.
AMB rəsmisi həmçinin bildirib ki, Yaxın Şərq ölkələrindən köçürmələrdə böyük artım müşahidə olunmur və Amerika-İran münaqişəsi fonunda ölkəyə xüsusi böyük məbləğdə vəsait daxil olmayıb.
Bəs Azərbaycandan xaricə pul köçürmələrinin azalmasına əsas səbəb nədir? Bu tendensiya əhalinin gəlirləri və xaricdə yaşayan yaxınlarına göndərdiyi vəsaitlərin azalması ilə bağlıdırmı? Xaricdən Azərbaycana pul baratlarının 40,2 faiz artması nə ilə əlaqədardır?

İqtisadçı Eyyub Kərimli Musavat.com-a deyib ki, xaricə pul köçürmələrinin həcminin azalmasının bir neçə səbəbi ola bilər: “Bunlardan biri ölkə daxilində manatın sabitliyi və vəsaitlərin daha çox manatda saxlanılmasıdır. Diqqət çəkən digər məqamlar isə xaricdə daşınmaz əmlak əldə edilməsindəki azalma, xaricə təhsil alanların sayındakı müəyyən eniş və xaricdə daşınmaz əmlak qiymətlərinin artmasıdır. Ölkəmizə daxil olan pul köçürmələrinin artması isə əsasən Rusiya-Ukrayna müharibəsi fonunda soydaşlarımızın ölkədə daşınmaz əmlak əldə etməsi və yığımlarını buraya köçürməsi ilə bağlıdır. Daşınmaz əmlak bazarındakı canlanma da bu prosesə öz təsirini göstərir”.
İqtisadçı qeyd edib ki, ölkəyə əlavə xarici valyuta axınının artması müsbət haldır: “Bu tendensiya ölkədəki təhlükəsizlik və sabitliyin göstəricisidir. Hesab edirəm ki, bu dinamikanın davam etməsi ölkə iqtisadiyyatı üçün olduqca faydalıdır”.
Afaq Mirayiq,
Musavat.com