WUF13-ün Cənubi Afrikalı qonağı: “Köhnə və yeni şəhərin harmoniyası möhtəşəmdir”  

“Azərbaycan pavilyonunda oldum. Çox maraqlı və peşəkar hazırlanıb. Düşünürəm ki, siz çox yaxşı iş görürsünüz”.

Bu fikirləri Musavat.com-a Cənubi Afrikadan Bakıya qonaq gəlmiş Lungil Mjali deyib. O, söyləyib ki, diqqətini ən çox cəlb edən yüksək sıxlıqlı şəhərsalma yanaşması və inkişaf üçün yerli resurslardan istifadə edilməsidir: “İnkişaf prosesində köhnə və yeni şəhərin birləşdirilməsi çox maraqlıdır. Həmçinin yaşıllaşdırma işləri və ağacəkmə layihələri diqqətimi çəkdi. Bu, istilik emissiyasını azaltmağa kömək edir. Həqiqətən çox yaxşı iş görülüb”.

Bu forumdan və ölkənizdən gözləntiləriniz nədir? sualına isə qonaq belə cavab verib:
“Bizim üçün əsas məqsəd yerli resurslardan və minerallardan necə daha səmərəli istifadə edib onları yenidən şəhərin inkişafına yönəltməyi öyrənməkdir. Yohannesburqda, xüsusilə şəhər mərkəzində yüksək sıxlıq mövcuddur. Biz də bunu necə daha effektiv idarə edə biləcəyimizi, eyni zamanda karbon emissiyasını artırmadan və yaşıl enerjidən istifadə etməklə inkişaf etdirə biləcəyimizi öyrənmək istəyirik. Həmçinin gördüm ki, siz təhlükəsizlik sahəsində süni intellektdən geniş istifadə edirsiniz. Bu, çox maraqlıdır. Biz də süni intellektdən təhlükəsizliyi artırmaq və inteqrasiyanı təmin etmək üçün necə istifadə etməyi öyrənmək istəyirik”.

Nigar Həsənli
Musavat.com

18.05.2026 13:46
404