Milli Məclisin plenar iclasında çıxış edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Vergi Məcəlləsinə və əlavə 16 qanuna dəyişikliklər barədə deputatları məlumatlandırıb.
Musavat.com-un məlumatına görə, komitə sədri bildirib ki, Vergi Məcəlləsinə və əlavə 16 qanunvericilik aktına dəyişikliklər edilməsini nəzərdə tutan bu layihə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında geniş müzakirə olunub:
“Aidiyyəti qurumlar tərəfindən əhatəli təqdimatlar edilib. Komitə üzvləri layihəni dəstəkləməklə yanaşı, gələcəkdə vergi siyasətinin təkmilləşdirilməsinə dair dəyərli fikirlər və təkliflər səsləndirib.
Bu gün müzakirəyə çıxarılan layihə birinci oxunuşun tələblərinə uyğun olaraq təqdim edilir. Vergi Məcəlləsinə dəyişikliklər 2026-cı ilin büdcə zərfinin əsas tərkib hissəsi olaraq büdcənin parametrləri ilə bilavasitə bağlıdır.
Bu dəyişikliklər biznes və vətəndaşlar üçün nə vergi yükünü artırır, nə “qeyri-stabillik yaradır”, nə də “biznesin planlaşdırılmasını çətinləşdirir”. Əksinə, yeni sahələr üzrə təşviqlərin verilməsi, vergi yığımı bazasının genişləndirilməsini nəzərdə tutur.

Layihədə nəzərdə tutulan dəyişikliklər ölkənin iqtisadi inkişafını sürətləndirmək, kölgə iqtisadiyyatı ilə mübarizə tədbirlərini gücləndirilmək, daxili bazarı qorumaq və idxaldan asılılığı azaltmaq, strateji sahələrə investisiyaların təşviqi və inzibatçılığın təkmilləşdirilməsi üzrə istiqamətləri nəzərdə tutur”.
A.Əmiraslanov qeyd edib ki, Vergi Məcəlləsinə dəyişikliklər ilk növbədə qeyri-neft özəl sektorda əmək haqqı gəlirləri üzrə fiskal yükün tənzimlənməsi ilə bağlıdır:
“Məlum olduğu kimi, 2019-cu ildən qeyri-neft sektorunun özəl bölməsində muzdla işləyən şəxslərin aylıq gəlirlərinə vergi və sosial sığorta haqları üzrə güzəşt mexanizmi tətbiq edilir. Aparılmış islahatın məqsədi sahibkarlar və işəgötürənlər üçün əlverişli vergi-investisiya mühitinin yaradılması, işçi sayının və əmək haqqının əhəmiyyətli leqallaşması olub.
İslahatlar nəticəsində qeyri-neft və qaz sektorunun özəl bölməsi üzrə əmək müqavilələrinin sayında 2 dəfəyədək, əmək haqqı fondunda 2 dəfədən çox artımlar əldə edilib.
2026-cı ildə güzəşt dövrü başa çatır və gəlir vergisi 2500 manatadək gəlirlər üzrə 14 faiz, 2500 manatdan artıq gəlirlər üzrə isə 25 faiz tətbiq olunmalıdır. Ancaq Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər 2019-cu ildən əvvəlki vergi dərəcələrinin olduğu kimi yenidən bərpasını deyil yeni güzəştli rejimin tətbiqini nəzərdə tutur.
Belə ki, 2500 manatadək gəliri olan şəxslər üzrə gəlir vergisi 14 faiz əvəzinə 2026-cı ildə 3 faiz, 2027-ci ildə 5 faiz, 2028-ci ildən isə 7 faiz dərəcə ilə tətbiq ediləcək. Nəticədə bu, region ölkələri arasında ən aşağı göstərici olacaq.
Bu addım sahibkarlara və işçilərə yeni vergi qaydalarına rahat uyğunlaşmağa kömək edəcək”.
Komitə sədri bildirib ki, layihədə işğaldan azad edilmiş ərazilər üzrə müəyyən edilmiş vergitutma rejiminin Naxçıvan Muxtar Respublikasına da şamil edilməsi nəzərdə tutulur:
“Belə ki, 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azadetmə tətbiq ediləcək.
Bu dəyişikliyin məqsədi Muxtar Respublikada iqtisadi fəallığın artırılması, investisiyaların cəlbi, məşğulluq səviyyəsinin və rifahın yüksəldilməsidir.
Dəyişikliyə əsasən, həm də Muxtar Respublikada sığortaedənlər tərəfindən işçilərə görə ödənilən məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılması təklif edilir”.
E.Paşasoy,
Musavat.com