Vaşinqtondan Kiyevə sərt əmr - Səhnə arxasında nə baş verir?

Rusiya-Ukrayna müharibəsində enerji infrastrukturu üzərindən aparılan savaş yeni mərhələyə qədəm qoyub. Ukraynanın son aylarda Rusiyanın neft emalı zavodlarına və yanacaq infrastrukturuna dron zərbələrini intensivləşdirməsi artıq yalnız Moskva ilə Kiyev arasındakı hərbi qarşıdurmanın çərçivəsində qəbul olunmur. Bu hücumların qlobal enerji bazarına, xüsusilə də dizel yanacağının təchizatına təsiri Vaşinqtonu da narahat etməyə başlayıb. ABŞ prezidenti Donald Trampın Ukrayna lideri Volodimir Zelenskiyə Rusiya ərazisində dizel istehsalı və yanacaq obyektlərinə zərbələri dayandırmaq çağırışı məhz bu kontekstdə diqqət çəkir. Tramp hesab edir ki, Rusiyanın yanacaq infrastrukturuna vurulan zərbələr dünya bazarında dizel qıtlığını daha da dərinləşdirir və bunun iqtisadi nəticələri artıq ABŞ-yə də təsir göstərir. ABŞ-də dizelin qiymətinin ilk dəfə qalon üçün 6 dolları keçməsi Vaşinqtonun məsələyə niyə hərbi hədəflərdən daha geniş prizmadan baxdığını göstərir.

Burada diqqətçəkən məqam ondan ibarətdir ki, Tramp Ukraynanın Rusiyanın digər hərbi hədəflərinə zərbələr endirməsinə qarşı çıxmadığını, məhz dizel və yanacaq infrastrukturunun vurulmamasını istədiyini bildirir. Bu isə Vaşinqtonun müharibənin gedişinə dair prioritetlərinin dəyişə biləcəyi barədə ciddi siqnal kimidir. Çünki Kiyev üçün Rusiya neft emalı zavodları yalnız iqtisadi obyekt deyil, həm də Moskvanın müharibə maşınının yanacaq təminatının əsas elementlərindən biridir. Ukrayna bu zərbələrlə Rusiyanın yanacaq istehsalını və hərbi-logistik imkanlarını zəiflətməyə çalışır. Digər tərəfdən, Rusiya da Ukraynanın enerji sisteminə zərbələr endirməkdə davam edir. Belə vəziyyətdə Vaşinqtonun Kiyevdən müəyyən məhdudiyyət tələb etməsi müharibənin hərbi məqsədləri ilə qlobal iqtisadi maraqlar arasında yaranan ziddiyyəti daha açıq şəkildə ortaya qoyur. Məsələnin başqa bir tərəfi isə Yaxın Şərqdəki vəziyyətdir. Qlobal enerji bazarı onsuz da ciddi təzyiq altındadır və Rusiya-Ukrayna müharibəsi ilə yanaşı, İran ətrafındakı böhran da neft və yanacaq axınlarına təsir göstərir. Bu fonda Rusiya neft emalı gücünün daha da zəifləməsi dünya bazarında əlavə təzyiq yaradır. Tramp isə hazırkı dizel böhranının əsas səbəblərindən birinin məhz Rusiya-Ukrayna müharibəsi olduğunu vurğulayır. Enerji bazarındakı hər yeni zərbə yalnız Moskva və Kiyevə deyil, nəqliyyat, kənd təsərrüfatı, logistika və sənaye sektorlarına da təsir göstərə bilər.

Vaşinqton Kiyevə Rusiya neft sektoruna zərbələri azaltmaq üçün təzyiqi artıracaqmı? Trampın bu mövqeyi Putinlə mümkün danışıqların perspektivinə necə təsir göstərə bilər?

SEXAVET.jpg (111 KB)

Hərbi ekspert Səxavət Məmməd Musavat.com-a bildirib ki, Donald Trampın Ukraynanın Rusiyanın neft emalı zavodlarına və dizel infrastrukturuna endirdiyi zərbələri dayandırmaqla bağlı açıq çağırışı müharibənin gedişatında mühüm strateji dönüş nöqtəsidir:

“Bu addım Vaşinqtonun xarici siyasətində prioritetlərin dəyişdiyini və daxili iqtisadi maraqların hərbi hədəflərdən üstün tutulduğunu nümayiş etdirir. Donald Tramp və onun komandası artıq seçkiləri ciddi şəkildə düşünməyə başlayıb. Tramp da bilir ki, əgər neft qiymətləri artan xətlə gedəcəksə, onun hakimiyyəti yarımçıq qala bilər. Bu çağırışın müharibədə yeni mərhələnin başlanğıcı olması ehtimalı yüksəkdir. ABŞ rəhbərliyi ilk dəfədir ki, daxili bazarda yanacaq qiymətlərinin artması fonunda Ukraynanın hərbi taktikasına açıq şəkildə məhdudiyyət qoyulmasını tələb edir. Bu, Vaşinqtonun Kiyevə verdiyi dəstəyin artıq şərtli olduğunu və ABŞ-nin daxili siyasi sabitliyi ilə birbaşa əlaqəli olduğunu göstərir. Vaşinqtonun bu istiqamətdə təzyiqləri artırması qaçılmazdır, çünki Ukrayna hərbi və maliyyə yardımlarından kritik dərəcədə asılıdır. Nəticədə Kiyev Rusiya iqtisadiyyatını və hərbi maliyyələşməsini zəiflətmək üçün tətbiq etdiyi bu effektiv strategiyadan qismən geri çəkilməyə məcbur qala bilər”.

Hərbi ekspert onu da diqqətə çatdırıb ki, Rusiya neft emalına zərbələrin dayanması Moskvanın müharibə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirə bilər:

“Son dövrlərdə bu zərbələr Rusiya daxilində ciddi yanacaq böhranına və ixrac məhdudiyyətlərinə səbəb olmuşdu. Hücumların dayanması Moskvanın daxili bazarını sabitləşdirməsinə, itirilmiş ixrac gəlirlərini bərpa etməsinə və uzunmüddətli müharibə aparmaq potensialını artırmasına şərait yaradacaq. Faktiki olaraq bu baş verərsə, Rusiya nəinki Ukrayna, daha böyük müharibəyə də girə bilər. Yaxın Şərqdəki enerji böhranı və qlobal bazarlardakı qeyri-sabitlik də ABŞ-ni Ukrayna müharibəsinə münasibətini yenidən nəzərdən keçirməyə vadar edən əsas amillərdəndir. Ağ Ev qlobal enerji böhranının dərinləşməsinin və daxili inflyasiya təzyiqlərinin qarşısını almaq üçün bu cür sərt tənzimləmələrə əl atır. Trampın bu mövqeyi Putinlə mümkün danışıqların perspektivinə birbaşa təsir göstərir. Moskva bu cür bəyanatları Qərb koalisiyasının həmrəyliyində çatlar və ABŞ tərəfindən edilmiş dolayı güzəşt kimi qiymətləndirə bilər. Bu yanaşma Kremli gələcək diplomatik proseslərə və sülh danışıqlarına daha həvəsli və güclü mövqedən yanaşmağa sövq edə bilər. Hörmüz boğazı faktiki olaraq bağlanıb, husilər Bab əl-Məndəb boğazına nəzarət edir, əvvəllər neft qiymətlərinə əsas təsir edən dövlət Səudiyyə idisə, artıq bu da dəyişib, Səudiyyə özü çətin vəziyyətə düşüb, digər tərəfdən isə Rusiyanın neft ixracı ağırlaşmışdı. Bütün bunlara baxdıqda, ABŞ-nin Rusiya ilə razılaşmalara getməsi inandırıcıdır”.

Cavanşir Abbaslı
Musavat.com

14.09.2026 15:00
734