Vahid Ələkbərovun şirkətinin səhmləri üçün son gün

Azərbaycanlı oliqarx, “Lukoil”un əsas səhmlərinə sahib olan Vahid Ələkbərovun xarici aktivləri “Chevron” və “Quantum Energy Partners”ə satıla bilər.

Musavat.com xəbər verir ki, bu barədə “Financial Times” (FT) yazır. “FT”-nin məlumatına görə, dünyanın ən iri neft şirkətlərindən biri olan “Chevron” və özəl investisiya qrupu “Quantum Energy Partners” “Lukoil”un xarici aktivlərinin alınması üzrə keçiriləcək tenderdə iştirak etmək üçün birləşirlər. Sövdələşmə baş tutarsa, alıcılar aktivləri öz aralarında bölə bilərlər.

Təklif hasilat aktivlərini, neft emalı zavodlarını və yanacaqdoldurma məntəqələrini əhatə edən bütün aktiv portfelinə aiddir. “FT” mənbələri hesab edir ki, bu cür sövdələşmə ABŞ administrasiyasının təsdiqini ala bilər. İlkin qiymətləndirməyə görə aktivlərin dəyəri 22 milyard dollar civarındadır, lakin təklifin dəqiq qiyməti hələ müəyyənləşməyib.

Daha əvvəl, 2025-ci ilin oktyabrında ABŞ-ın ““Lukoil”-a qarşı bloklayıcı sanksiyalar tətbiq etməsindən sonra şirkət xarici aktivlərini satışa çıxarmışdı. “Lukoil” neft treyderi “Gunvor” ilə operativ şəkildə razılıq əldə etsə də, ABŞ-ın OFAC qurumu alıcıya sövdələşmə üçün lisenziya vermədi. Bu lisenziya yeni sahibin ikinci dərəcəli sanksiyalardan qorunması üçün vacibdir.

Noyabr ayında “Reuters” xəbər vermişdi ki, sövdələşməyə “Chevron”, eləcə də Səudiyyə Ərəbistanının “Midad Energy” şirkəti maraq göstərir. Potensial iddiaçılar sırasında həmçinin “Exxon Mobil”, “Carlyle” investisiya fondu, Birləşmiş Ərəb Əmirliklərin ADNOC şirkəti və Macarıstanın MOL şirkəti də qeyd olunurdu.

“Lukoil”un aktivlərinə yüksək maraq sövdələşmənin uğurla bağlanması və sanksiyalar altında olan aktivlərə görə şirkətin layiqli kompensasiya alması ehtimalını artırır. Lakin hələlik qeyri-müəyyənlik qalır, buna görə bazarın reaksiyası məhdud ola bilər. Gözlənti ondan ibarətdir ki, müsbət nəticə investorlar tərəfindən kotirovkalara yalnız sövdələşmə faktiki bağlandıqdan sonra tam şəkildə daxil ediləcək.
Sabah 2025-ci ilin 9 ayı üzrə dividendlərlə səhmləri almaq üçün son gündür. “Lukoil”un səhmlərinin 9 aylıq dividendləri üzrə son alış gününün yaxınlaşması investorlar üçün diqqət mərkəzindədir. Hər səhmə 397 rubl dividend ödənişi və təxminən 6,8% gəlirlilik, xüsusilə uzunmüddətli sərmayəçilər üçün cazibədar görünür. Lakin xarici aktivlərin satışı və sanksiyalarla bağlı hələ qeyri-müəyyənlik qalır, bu da bazar reaksiyasını təsir edə bilər. Investorlar həm dividendləri, həm də potensial aktiv satışının nəticələrini nəzərə almalıdır.

Qeyd edək ki, İraqda Qərbi Qurna-2 yatağında 75% payı olan “Lukoil” un ehtiyatları 1,8 milyard ton neft təşkil edir. Qazaxıstan, Azərbaycan və Özbəkistandakı yataqlarda da payları mövcuddur, bəzi aktivlər sanksiyalardan qismən azad edilib.

Musavat.com

08.01.2026 13:39
1049