Uşağını döyənlərin cərimələnməsinə ETİRAZ – Kimdir HAQLI?

Deputat Nigar Arpadarai tərbiyə etmək məqsədilə uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnməsini özündə əks etdirən İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni maddəyə qarşı çıxıb.

Bu barədə o, Milli Məclisin ötən gün keçirilən iclasında deyib.

O qeyd edib ki, müzakirə edilən dəyişiklik təhlükəlidir: “Güclü ailə bizim milli kimliyimizin əsasını təşkil edir. Məsələ ondadır ki, bu maddə faktiki olaraq “Pandora qutusu”nu açır və ailə bütövlüyünün, valideynlərlə uşaqlar arasındakı münasibətlərin zəifləməsinin başlanğıcına çevrilə bilər. Bu sahədə onsuz da problemlərimiz var və onları həll etmək lazımdır. Daha da dərinləşdirmək yox.

Bəli, deyə bilərsiniz ki, 80-ci illərdən etibarən Avropada və bir sıra Qərb ölkələrində bu qanunlar qəbul olunur və bir çox ölkələr qoşulub. Amma həmin ölkələrin siyahısına baxsanız, onların əksəriyyətində demoqrafik vəziyyətin ağır olduğunu görərsiniz. Həmin ölkələrin ailələrində olan neqativ halların yaranmasında belə, qanunların kifayət qədər böyük rolu var. Bu proses qonşulara, müəllimlərə, uzaq qohumlara, valideynlərin uşaqlara fiziki və ya psixoloji təzyiq göstərdiyi barədə polisə, sosial xidmətlərə müraciət etmək imkanı verən qanunlarla başlayıb”.

Sosial şəbəkələrdə cinayət aləminin üzvləri qəhrəmanlaşdırılır" | Modern.az

Sosioloq Üzeyir Şəfiyev Musavat.com-a açıqlamasında mövzunu belə şərh edib:

“Ailə Məcəlləsi”ndə qeyd olunub ki, uşaqların mənafeləri valideynlər tərəfindən tapdanmamalıdır. O da qeyd olunub ki, heç bir valideynlik hüququ uşaqların mənafeyinə zidd olmamalıdır. Yəni, uşağın hər hansı düzgün olmayan davranışı valideyn yaxud tərbiyəçinin zorakılıq göstərməsinə əsas yaratmır. Bu baxımdan parlamentdə müzakirə olunan qanunun qəbulunu təqdirəlayiq hesab edirəm.

Bu, uşaq və insan hüquqları baxımından çox düzgün yanaşmadır. Uşağı tərbiyə etmək adı ilə valideyn yaxud hər hansı müəssisə tərəfindən fiziki yaxud psixoloji cəzalandırılma düzgün yanaşma deyil. Travma alan uşaq onu ömrü boyu özü ilə daşıyır, bu da onun xarakterinə təsir göstərir. Təcrübə onu göstərir ki, zorakılığa məruz qalan uşaqların şəxsiyyət keyfiyyətində problem yaranır. Bu da onların psixobioqrafiyasında yer alır.

Təsadüfi deyil ki, Avropa ölkələrində kimisə vəzifəyə təyin edəndə onun psixobioqrafiyasına baxırlar. Uşaqlar niyə təzyiqə məruz qalmalıdırlar? Bu, tərbiyə üsulu deyil axı?! Kim tərəfindən törədilməsindən asılı olmayaraq, zorakılığın bütün növləri hüquqazidd əməldir, bunun üçün hüquqi məsuliyyət olmalıdır. Valideynlər daha adekvat tərbiyə üsulları barədə düşünməlidirlər. Tərbiyə metodikasında cəza və mükafatlandırma var, amma cəza fiziki və ya psixoloji cəza şəklində olmalı deyil. Bu, uşağım mənafeyinə zidd olan davranışdır”.

Sosioloq hesab edir ki, müzakirə edilən qanunun qəbuluna ehtiyac var.

“Əgər zorakılıq davamlı olursa, qanunvericiliyə görə, valideyn hüququndan məhrumetmə, o cümlədən tərbiyəçinin fəaliyyətinə xitam verilə bilər. Bu yanaşmanı təqdir edirəm”, - ekspert əlavə edib.

Nigar Həsənli,
Musavat.com

18.03.2026 17:42
746