Siyasi şərhçiyə görə, Qərbin dini platformalarında da Azərbaycana qarşı qərəz və ikili standartlar var
Ümumdünya Kilsələr Şurası ilə bağlı son bəyanat ətrafında yaranan müzakirələr regionda dini və siyasi münasibətlərin həssas balansını bir daha gündəmə gətirib. Yayılan sənəddə Azərbaycan-Ermənistan kontekstində səsləndirilən fikirlər rəsmi Bakıda ciddi narazılıqla qarşılanıb və bu mövzu qısa müddətdə geniş polemikaya səbəb olub.
Məhz bu fonda Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə məsələ ilə bağlı mövqeyini ortaya qoyaraq, ÜKŞ rəhbərliyinə rəsmi etiraz məktubu ünvanlayıb. Məktubda qeyd olunur ki, sözügedən bəyanatda regionda baş vermiş son hadisələr təhrif olunmuş şəkildə təqdim edilib və bu yanaşma reallığı əks etdirmir.
Yaranmış vəziyyət bir daha göstərir ki, beynəlxalq dini qurumların regionla bağlı mövqeləri yalnız dini deyil, eyni zamanda siyasi müstəvidə də ciddi təsir gücünə malikdir və bu cür açıqlamalar tərəflər arasında onsuz da həssas olan münasibətləri daha da gərginləşdirə bilər.

Azər Hüseynov
Siyasi analitik Azər Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, Ümumdünya Kilsələr Şurasının son bəyanatı və onun ətrafında yaranmış müzakirələr bir daha göstərir ki, beynəlxalq dini və siyasi platformalarda regiona, xüsusilə də Cənubi Qafqazda baş verən proseslərə yanaşma həmişə eyni dərəcədə obyektiv və balanslı olmur: “Müxtəlif təşkilatlar öz bəyanatlarında tez-tez hadisələri fərqli interpretasiya edir və bu zaman bəzən real geosiyasi vəziyyətin mürəkkəbliyi kifayət qədər nəzərə alınmır.
Qafqaz Müsəlmanları İdarəsinin bu məsələ ilə bağlı Ümumdünya Kilsələr Şurasının rəhbərliyinə ünvanladığı məktub da məhz bu narahatlığın ifadəsi kimi qiymətləndirilə bilər. Məktubda diqqətə çatdırılır ki, bəzi bəyanatlarda regionda baş vermiş son hadisələr, o cümlədən Azərbaycan-Ermənistan münasibətləri kontekstində formalaşmış reallıqlar ya təhrif edilir, ya da birtərəfli şəkildə təqdim olunur. Bu isə təbii olaraq ictimai rəyə və beynəlxalq təsəvvürə təsir göstərir".
Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan uzun illərdir ki, öz xarici siyasətində çoxşaxəli və balanslı yanaşma nümayiş etdirir: “Avropa dövlətləri ilə ikitərəfli münasibətlərdə əməkdaşlığın genişləndirilməsi istiqamətində ciddi addımlar atılır, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və iqtisadi layihələr çərçivəsində əməkdaşlıq inkişaf etdirilir. Avropa ölkələrinin bir çox siyasi rəhbərləri də ayrı-ayrılıqda Azərbaycanla münasibətlərin dərinləşdirilməsində maraqlı olduqlarını açıq şəkildə bəyan edirlər.
Lakin burada paradoksal bir vəziyyət də müşahidə olunur: dövlətlər səviyyəsində praqmatik və qarşılıqlı maraqlara əsaslanan münasibətlər inkişaf etdirildiyi halda, bəzi beynəlxalq parlament qurumları, qeyri-hökumət təşkilatları və dini strukturların bəyanatlarında daha fərqli, bəzən isə qərəzli yanaşmalar ortaya çıxır. Xüsusilə Avropa Parlamentinin ayrı-ayrı platformalarında və bəzi dini təşkilatların bəyanatlarında Azərbaycanla bağlı mövqelərin emosional və birtərəfli xarakter daşıdığı hallara rast gəlinir.
Bu cür yanaşmaların kökündə müxtəlif amillər dayanır. Onlardan biri informasiya mənbələrinin qeyri-bərabərliyi və hadisələrin yalnız bir tərəfdən təqdim olunmasıdır. Digəri isə beynəlxalq siyasətdə hələ də müəyyən ideoloji və tarixi stereotiplərin qalmasıdır. Bəzi qurumlar regiona qiymət verərkən obyektiv geosiyasi reallıqdan daha çox əvvəlcədən formalaşmış təsəvvürlərə əsaslanır.
Azərbaycan isə öz mövqeyində həmişə beynəlxalq hüququn norma və prinsiplərinə söykənərək ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasını əsas prioritet kimi müəyyən etməyə çalışıb. Bu istiqamətdə aparılan siyasət həm regional sabitliyin, həm də uzunmüddətli sülhün təmin edilməsinə yönəlib. Eyni zamanda 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövr göstərdi ki, Azərbaycanın mövqeyi yalnız müsəlman ölkələri tərəfindən açıq şəkildə dəstəklənib. Bu dəstək həm siyasi, həm mənəvi, həm də diplomatik müstəvidə özünü göstərdi. Bu fakt regionda yeni geosiyasi reallığın formalaşdığını da ortaya qoydu".
Azər Hüseynov onu da qeyd edir ki, Qərb institutlarının və bəzi dini strukturların yanaşmaları ilə bağlı müşahidə olunan fərqliliklər, Azərbaycanın xarici siyasətində daha ehtiyatlı və praqmatik yanaşmanın vacibliyini də gündəmə gətirir: “Çünki beynəlxalq münasibətlərdə yalnız deklarativ bəyanatlar deyil, real maraqlar və qarşılıqlı öhdəliklər daha həlledici rol oynayır. Bu baxımdan Azərbaycan üçün əsas istiqamət emosional yanaşmalardan uzaq, milli maraqlara əsaslanan, balanslı və çoxşaxəli xarici siyasətin davam etdirilməsidir. Eyni zamanda müsəlman dünyası ilə inteqrasiyanın gücləndirilməsi, iqtisadi və siyasi əməkdaşlığın dərinləşdirilməsi də strateji əhəmiyyət daşıyır.
Ümumdünya Kilsələr Şurasının bəyanatı ətrafında yaranan müzakirələr bir daha göstərir ki, beynəlxalq təşkilatların mövqeləri hər zaman tam neytral və ya obyektiv olmur. Bu isə dövlətləri daha çevik, daha realist və milli maraqlara əsaslanan xarici siyasət yürütməyə məcbur edir. Yekunda bir daha vurğulamaq istərdim ki, xarici siyasətdə türk və müsəlman dünyası ilə inteqrasiya ilk planda olmalıdır. Bunun üçün milli dəyərlər ön planda olmalıdır. Bu gün bizi müsəlman dünyasının Qərbdən geri qalması aldatmasın. Yaxın Şərqdə gedən proseslər onu deməyə əsas verir ki, artıq mövcud düzən xeyli zədə alıb".
Hazırladı: Afaq Mirayiq