ABŞ və Rusiya arasında Ukrayna müharibəsi fonunda diplomatik təmaslar yenidən diqqət mərkəzinə keçir. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sentyabrın sonunda Nyu-Yorkda ABŞ dövlət katibi Marko Rubio ilə görüşəcəyini açıqlaması diqqətləri çəkib.
Görüşün BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilməsi isə təsadüfi deyil. Belə ki, dünya liderlərinin Nyu-Yorkda toplandığı bir vaxtda Rusiya və ABŞ nümayəndələrinin Ukrayna məsələsini müzakirə etməsi müharibənin gələcəyi ilə bağlı diplomatik kanalların hələ də açıq qaldığını göstərir. Lavrov bildirib ki, görüş zamanı əsas müzakirə mövzularından biri Ukraynadakı vəziyyət və Vaşinqtonun mövqeyi olacaq. Bu isə qarşıdakı təmasın sıradan protokol görüşündən daha geniş məna daşıya biləcəyinə dair ehtimalları artırır. İyul ayında Manilada keçirilən ASEAN sammitində baş tutan son görüşdən sonra tərəflərin yenidən masaya oturması Ukrayna müharibəsinin taleyi ilə bağlı Moskva və Vaşinqton arasında hansı yeni mesajların müzakirə ediləcəyi sualını gündəmə gətirir. Xüsusilə Donald Tramp administrasiyasının müharibənin dayandırılması ilə bağlı diplomatik yanaşmaları fonunda Lavrov-Rubio görüşü mühüm siyasi siqnal kimi görünür.
Nyu-York görüşündə Moskva və Vaşinqton arasında hansı razılaşma variantları müzakirə oluna bilər?

Siyasi şərhçi Əli Zülfüqaroğlu Musavat.com-a bildirib ki, hazırda Birləşmiş Ştatlar üçün prioritet aralıq seçkiləridir:
“Real vəziyyət isə ondan ibarətdir ki, ABŞ-nin İran uğursuzluğu ictimai rəyi hökumətə qarşı çevirdiyinə görə, daxildə respublikaçılar üçün ciddi problem yaranıb. İrana təzyiqlər, vaxtaşırı hərbi hücumlar və iqtisadi sanksiyalarla ABŞ istədiyinə nail ola bilməyib. Tehran geri addım atmaq və Hörmüzə de-fakto nəzarəti əldən vermək istəmir. Bu isə demokratlar üçün Tramp hökumətinə qarşı ciddi arqumentlər verir. Ona görə də ABŞ hökuməti fevral ayından Ukrayna ilə bağlı mövcud olmayan danışıqları bərpa etməyə və müəyyən irəliləyişə nail olmaqla bunu seçki kampaniyasında istifadə etməyə çalışır. Buna görə də Vaşinqton-Moskva xəttində müəyyən canlanma var. Amma diplomatik təmasların effektivliyi və konkret nəticə verəcəyi qeyri-müəyyəndir və az inandırıcıdır. Çünki son proseslər, ABŞ nümayəndələrinin Moskva və Kiyev səfərindən sonra verilən açıqlamalar nəticə əldə olunacağı ilə bağlı ümidverici mənzərə yaratmır. Bu görüşdən sonra Zelenskinin qışa hazırlığı prioritet sayması və Ukraynanın “patriot” raketləri ilə təmin olunmaqla hava hücumundan müdafiəsinin gücləndirilməsinin vacibliyinə diqqət çəkməsi Rusiyanın tələblərindən geri çəkilmədiyi, Ukraynanın isə işğal olunmuş ərazilərindən imtina etməyəcəyi, nəticədə müharibənin davam edəcəyinin görüntüsünü yaradır. Verilən açıqlamalardan belə ehtimal etmək olar ki, ABŞ Rusiyanın işğal olunan ərazilərin Ukrayna tərəfindən de-yure tanınması tələbindən geri çəkilməsini, qarşılığında isə iqtisadi sanksiyaların yumşaldılması və ABŞ-Rusiya iqtisadi əlaqələrinin gücləndirilməsi təklifi ilə çıxış edir. Ukraynaya da təklif olunur ki, Rusiyanın işğal etdiyi ərazilər de-fakto tanınır, qoşunlar öz mövqelərində qalır və danışıqlar prosesinə başlanılır. Ukrayna tərəfinin tələb etdiyi təhlükəsizlik tədbirləri isə fərqli formada həyata keçirilir. Amma burada Rusiyanın təhlükəsizlik amilini, NATO-ya bənzər mexnizmin yaradılmasını heç bir halda qəbul etməməsi, eyni zamanda Donetsk və Luqanskın Rusiya tərəfindən tanınması məsələsi atəşkəs və sülh prosesi ilə bağlı ciddi əngəl yaradır. Cəbhədəki vəziyyət, Rusiyanın Slavyansk və Pakrovsk istiqamətində hücumlarını genişləndirməsi Donetsk və Donbas planlarının hərbi yolla reallaşdırılmasına çalışıldığını ortaya qoyur. Digər tərəfdən, Trampın seçkiöncəsi fərqli aspektlərdə çıxış etməsi, seçicilərə respublikaçılara səs verəcəyi halda 5 min dollar vəd etməsi ABŞ hökumətinin də Ukrayna ilə bağlı danışıqlar prosesindən nəticə gözləmədiyini və seçki üçün fərqli arqumentlər üzərində iş aparıldığını deməyə əsas verir. Bütün bu amillər isə ötən il tərəflərin həyata keçirdiyi strategiyanın bu il də davam etdiriləcəyini göstərir. Yəni enerji infrastrukturuna və logistik mərkəzlərə zərbələr endirməklə problemlər yaratmaq, xalqın müqavimət ruhunu sındırmaq və cəbhədə nəticə əldə etmək. Ona görə də düşünürəm ki, bu qış müharibə daha da şiddətlənə və müharibənin taleyinə böyük ölçüdə aydınlıq gələ bilər”.
Cavanşir Abbaslı
Musavat.com