Ukrayna neft zavodunu YANDIRDI, Rusiya ballistik raketlərlə HÜCUMA KEÇDİ, Kiyev DAĞILIR! - TV Musavat

İyunun 2-si, çərşənbə axşamı səhər saatlarında Rusiya növbəti dəfə Kiyevə ballistik raketlərlə hücum edib.

Musavat.com xəbər verir ki, Ukrayna paytaxtında güclü partlayış səsləri eşidilib.

"RBC-Ukrayna" agentliyi Kiyev Şəhər Hərbi Administrasiyasının "Telegram" kanalına və öz müxbirinə istinadən bildirir ki, ballistik silahların tətbiqi təhlükəsi ilə əlaqədar şəhərdə hava həyəcanı elan olunub.

Sakinlərə dərhal yaxınlıqdakı sığınacaqlara yollanmaq və təhlükə sovuşana qədər oradan çıxmamaq barədə xəbərdarlıq edilib.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri cənub istiqamətindən ballistik raket təhlükəsinin olduğunu bəyan etdikdən qısa müddət sonra Kiyev istiqamətində raketlər qeydə alınıb və paytaxtda ard-arda güclü partlayışlar baş verib.

Hazırda hava həyəcanı siqnalı Ukraynanın əksər vilayətlərində qüvvədə qalır.

Xatırladaq ki, iyunun 2-nə keçən gecə Rusiya Ukrayna ərazisinə dronlar, ballistik silahlar və qanadlı raketlərlə növbəti kombinə edilmiş hücum həyata keçirib. Gecə saatlarında təşkil edilən kütləvi hücum nəticəsində ən azı 10 nəfər həlak olub, daha 87 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hücumun əsas hədəfləri Kiyev şəhəri və Dnepropetrovsk vilayəti olub.

Paytaxt Kiyevdə zərbələr nəticəsində 4 nəfər həyatını itirib, 51 sakin isə yaralanıb. Şəhərin bir neçə rayonunda yanğınlar qeydə alınıb, yaşayış binalarına və infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Qeyd edək ki, Rusiya tərəfi bu hücumun Starobelskdəki yataqxanaya edilən və 21 nəfərin ölümü ilə nəticələnən zərbəyə cavab olacağını əvvəlcədən bəyan edib.

Dnepropetrovsk vilayətində isə 6 nəfər həlak olub, 36 nəfər xəsarət alıb. Dnepr şəhərində yaşayış evləri, sənaye müəssisəsi və yanğın-xilasetmə hissəsi zərbələrə məruz qalıb. Həlak olanlar arasında ilk hücumun fəsadlarını aradan qaldırarkən təkrar atəşə məruz qalan Dövlət Fövqəladə Hallar Xidmətinin əməkdaşı da var. Hazırda xilasedicilər qismən dağılmış dördmərtəbəli binanın dağıntıları altında qalan insanların xilas edilməsi üçün işləri davam etdirirlər.

Ukrayna iyunun 2-nə keçən gecə Rusiya yanacaq-enerji kompleksinə daxil olan obyektlərə dron zərbələrini davam etdirib.

Musavat.com xəbər verir ki, zərbələrin hədəfi Krasnodar diyarındakı İlsk neft emalı zavodu olub. Yerli operativ qərargahın məlumatına görə, zavodda güclü yanğın başlayıb.

İlski Neft Emalı Zavodu Rusiyanın cənubundakı ən böyük özəl neft emalı zavodlarından biridir. İllik emal gücü 6 milyon tondan çoxdur. Bu, İlski Neft Emalı Zavoduna qarşı ilk dron hücumu deyil. Belə ki, zavoda sonuncu hücum 17 fevral 2026-cı ildə baş verib.

Həmin vaxt pilotsuz təyyarənin zərbəsi zavodun ərazisində yanğına səbəb olub və neft məhsulları saxlanılan saxlama çəninə ziyan vurub. Rusiya hakimiyyət orqanlarının məlumatına görə, yanğın təxminən 700 kvadrat metr ərazini əhatə edib, 3 gündən sonra söndürülüb.

Gündəmdəki bir çox xəbərləri bu gün saat 10.45-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi analitik Elçin Alıoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/results?search_query=tv+musavat

02.06.2026 10:48
464