Ukrayna savaşının dayandırılmasına yönəlik “sülh prosesi” tədricən pozitiv nəticə ehtimalından uzaqlaşmaqdadır. Çünki son vaxtlar həm Rusiyanın davaranışları, həm də Ukraynanın sərt və prinsipial mövqeyi anlaşma ehtimalını ciddi şəkildə bloklayır. Prezident Volodimir Zelenskinin “Ukraynada heç kim ərazilərin Rusiyaya verilməsini dəstəkləməyəcək” açıqlaması bu müharibənin artıq tamamilə yeni mərhələyə keçməkdə olduğunu göstərir. Və bu, Ukrayna prezidentinin Donbasla bağlı ən sərt, həm də prinsipial mesajlarından biridir.
Onu da qeyd etmək lazımıdr ki, Ukrayna prezidenti Volodimir Zelenskinin bu strateji bəyanatı Vaşinqtondan Brüsselə, Moskvadan Varşavaya qədər bütün önəmli paytaxtlara ünvanlanmış kimi görünür. Ukrayna liderinin mövqeyi onu göstərir ki, rəsmi Kiyev üçün ərazi problemi artıq “siyasi-diplomatik alver” mövzusu deyil, əksinə, dövlətçilik və milli müqavimət məsələsidir. Və rəsmi Kiyevin Donbasın tərk edilməsindən imtina etdiyini rəsmən bəyanlanması kifayət qədər ciddi nəticələr doğura biləcək önəmli addımdır.
Məsələ ondadır ki, Rusiyanın işğalçı savaşa başladığı 2022-ci ildən sonra Ukraynada formalaşan milli həmrəyliyin fonunda rəsmi Kiyevin əraziləri güzəştə getməsi Zelenski hakimiyyəti üçün olduqca ciddi legitimlik böhranı yarada bilər. Xüsusilə də, yüzminlərlə insanın həyatını itirdiyi bir müharibədə geri çəkilmə qərarının Ukraynada ölkədaxili ictimai şok effekti yarada biləcəyi qətiyyən şübhə doğurmur. Bu baxımdan, prezident Volodimir Zelenskinin bu sərt mövqeyinin həm də ölkədaxili auditoriyaya yönəlmiş ola biləcəyi də istisna deyil.
Halbuki, Kremlin irəli sürdüyü şərt-tələblərə diqqət yetirdikdə, Rusiya üçün Donbas mövzusunun artıq yalnız strateji deyil, həm də siyasi-ideoloji məsələ olduğu aydınlaşır. Belə ki, Kreml hələ 2022-ci ildə həmin əraziləri hüquqi baxımdan, “Rusiyanın tərkibinə daxil etdiyini” rəsmən elan edib. Bu baxımdan, rəsmi Kiyevin indi qətiyyətli “geri çəkilmə mümkün deyil” mövqeyi “sülh danışıqları”nın kompromis platformasını daha da daraldır və müharibəni “yorucu savaş” mərhələsinə keçirir.
Digər tərəfdən, prezident Volodimir Zelenski son bəyanatı ilə faktiki olaraq, ABŞ və Qərbə həm də “Biz müqaviməti davam etdirəcəyik, ancaq dəstək sizdən asılıdır” mesajını vermiş olur. Bu, Ukraynanın Rusiya ilə savaşda dəstək aldığı müttəfiqlərinin artan “müharibə yorğunluğu”na paralel olaraq, rəsmi Kiyevin kollektiv Qərbə strateji təzyiq metodu kimi də görünür. Və rəsmi Kiyev bununla həm ərazilərdən vaz keçməyəcəyini, həm də Ukrayna üçün təhlükəsizlik təminatlarının verilməsinin vacibliyini ön plana çəkir.
Maraqlıdır ki, rəsmi rəsmi Kiyev Ukraynanın toxunulmazlığını böyük ölçüdə təmin etmək üçün NATO-ya üzvlük hədəfini hələ də aktual saxlayır. Belə ki, prezident Volodimir Zelenski Ukraynanın NATO-ya üzvlüyü üçün lazım olan bütün addımların atıldığını vurğulayıb və indi artıq rəsmi Kiyev bu barədə prinsipial qərarın verilməsi baxımından, alyansın təmsilçilərindən qətiyyətli mövqe gözləyir. Ancaq reallıq ondan ibarətdir ki, NATO daxilində Ukraynanın bu alyansa qəbulu ciddi risk hesab olunur. Çünki bu, NATO-nun birbaşa Rusiya ilə hərbi qarşıdurmaya cəlb olunma ehtimalını daha da artıra bilər.
Eyni zamanda, NATO-da hərbi-siyasi patronajlıq mövqeyini qoruyan ABŞ-ın Ukraynanın yaxın gələcəkdə bu alyansa üzv kimi qəbulunu nəzərdən keçirməməsi isə rəsmi Kiyevi “təhlükəsizlik boşluğu”na məhkum buraxır. Rəsmi Kiyevin NATO-nun təhlükəsizlik zəmanətindən uzaq qalması və bundan sonra neytral statusa dönüşün də mümkün olmaması isə Ukrayna müharibəsinin siyasi-diplomatik yolla həllini daha da çətinləşdirir. Və belə ciddi qeyri-müəyyənlik bu savaşın gələcək inkişaf istiqamətləri ilə bağlı da ciddi narahatlıq doğurur.
Onu da qeyd etmək lazımdır ki, mövcud qeyri-müəyyənliyə baxmayaraq, ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı tətbiq edilən sanksiyaları daha bir il müddətinə uzatması Ağ Evin siyasi-iqtisadi təzyiq kursunu davam etdirdiyini göstərir. Ağ Ev sahibinin bu qərarı bir tərəfdən Kremlə siyasi-iqtisadi təzyiqlər qüvvədə qalaraq, davam edəcəyi, digər tərəfdənsə, rəsmi Kiyevə ABŞ-ın Ukraynaya təhlükəsizlik zəmanəti verməsə də, tam geri çəkilmədiyi ilə bağlı mesaj ötürmüş olur. Və xüsusilə də, Avropa Birliyinin Rusiyaya qarşı 20-ci sanksiya paketini razılaşdıra bilmədiyi üçün Ukrayna üçün riskli bir mərhələdə bu, kifayət qədər qətiyyətli mövqe kimi görünür.
Böyük ehtimalla Ukrayna savaşının Avropa Birliyi ölkələrində doğurduğu tükənmə prosesi Brüsseldə real konsensus imkanlarını məhdudlaşdırır. “Qoca qitə”də “yorğunluq sindromu” Polşada ukraynalı qaçqınlara verilən xüsusi statusun ləğvi ilə bağlı qərarda da özünü göstərir. Çünki Ukrayna müharibəsinin sosial və iqtisadi yükü artıq Avropa ölkələrində daxili siyasi böhran səbəbinə çevrilməyə başlayıb. Və əgər, bu tendensiya güclənərsə, Avropa Birliyinin sanksiya siyasətində çatlar arta bilər, hərbi yardımların tempində ciddi azalma baş verər, Ukraynanın strateji müqavimət potensialı isə böyük ölçüdə zəifləyər.
Göründüyü kimi, “sülh prosesi” iflasa uğrama istiqamətinə yönəlsə də, ABŞ və Qərbin Ukraynaya dəstəyinin səviyyəsi ümidverici deyil. Belə bir situasiyada, üstəlik, “danışıqlar masası”nda real irəliləyişlər olmadan, müharibənin “uzadılmış qarşıdurma” modelinə keçməsi yalnız Rusiya deyil, Ukaryna üçün də olduqca risklidir. Əgər, Ukrayna ərazi güzəşti etməzsə və Rusiya da strateji hədəflərindən geri çəkilməzsə, münaqişə tərəflərindən heç birisinin həlledici üstünlük qazanmadığı bu savaşın qeyri-müəyyən müddətə uzanma ehtimalı ön plana keçə bilər. Və bu baxımdan, Ukrayna müharibəsi XXI əsrin həm ən uzunmüddətli, həm də sistemli hərbi münaqişəsinə çevrilmək üzrədir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
![]()