AQTA yeni yaradıldığı dövrlərdə dönərxanalar nəzarətdə saxlanılır, vaxtaşırı yoxlamalar aparılırdı. O vaxtlar sanitar qaydaların pozulması ilə bağlı onlarla obyekt cərimələnir, bəziləri isə fəaliyyətini dayandırırdı.
Bu gün isə vəziyyət tamam fərqlidir. Paytaxtın müxtəlif ərazilərində kim harada gəldi dönərxana açıb, nə gigiyena qaydalarına əməl edən var, nə də real nəzarət görünür.
Ətin və toyuğun qiymətinin gündən-günə bahalaşdığı bir vaxtda 1 manat 50 qəpiyə, 2 manata dönər satılması haqlı olaraq suallar doğurur: bu qiymətə satılan məhsulun tərkibi və təhlükəsizliyi necə təmin olunur?
Bu suallara cavab tapmaq üçün Musavat.com-un əməkdaşı paytaxtda fəaliyyət göstərən bir neçə dönərxanada müşahidə aparıb.
İlk yaxınlaşdığımız dönərxana yol kənarında, açıq havada, antisanitar şəraitdə fəaliyyət göstərirdi. Ətrafda toz, tullantı qalıqları, açıq saxlanan məhsullar diqqət çəkirdi.

Satıcı ilə söhbət edirik:
– Dönər neçəyədir?
– “İki manata olan da var, iki manat əlli qəpiyə olan da”.
– Ət dönəri varmı?
– “Yox, bizdə yalnız toyuq dönəridir”.
– Niyə ət yoxdur? Normal ət tapılmır?
– “Hamısı gətirmədir, bahadır. Ən yaxşısı toyuqdur, onu alın yeyin”.
Qiymət siyahısına nəzər salırıq:
Sadə toyuq dönər – 2 manat,
Orta – 2.50 manat,
Böyük – 3 manat,
Toyuq basdırma – 3 manat,
Toyuq lavaş – 3 manat,
Hamburger – 1.50–2 manat,
Porsiyon – 6 manat,
Şaurma – 4 manat.

Ətin kilosu bazarda 16–18 manata, toyuğun kilosu isə 6–8 manata satıldığı bir dövrdə bu qiymətlər istər-istəməz şübhə yaradır. Satıcının rahatlıqla “alın yeyin” deməsi isə məhsulun haradan və hansı şəraitdə gətirildiyi sualını açıq qoyur.
Növbəti dönərxanaya üz tuturuq. Burada da mənzərə dəyişmir. Yenə yalnız toyuq dönəri təklif olunur, ət dönəri yoxdur.
– Ət dönəri niyə satılmır?
– “Bahadır, gətirmək sərf etmir. Alıcı da almır”.

Yalnız bir məkanda – “Dönər haus” adlı kafedə ət dönərinə rast gəlirik. Burada toyuq dönəri 2.60 manat, ət dönəri isə 3.20 manatdır. Digər obyektlərlə müqayisədə qiymət bir qədər yüksək olsa da, ən azı menyuda ət məhsulu mövcuddur.
Bəzi dönərxanalar isə birbaşa yol kənarında, heç bir sanitar norma gözləmədən fəaliyyət göstərir. Ətrafda yaşayan sakinlər deyirlər, həmin məkanlardan elə kəskin qoxu gəlir ki, nəinki yemək, yaxınlaşmaq belə mümkün olmur.
– “Bəzən elə iy gəlir ki, adamın ürəyi bulanır. Bu şəraitdə bişən yeməyi necə yemək olar?” – deyə ərazidə yaşayan sakin narazılıq edir.
Səhər saatları olmasına baxmayaraq, alıcı sayı çox deyildi. Lakin sakinlərin sözlərinə görə, günün digər saatlarında bu dönərxanalara xeyli insan üz tutur. Əsas səbəb isə ucuzluqdur.
Ortaya ciddi sual çıxır: ətin, toyuğun, kommunal xərclərin, icarənin bahalaşdığı bir dövrdə 2 manata satılan dönərin keyfiyyəti necə ola bilər? Bu qiymətə gigiyena, keyfiyyət və təhlükəsizlik tələblərinə əməl etmək mümkündürmü?

Görünən odur ki, nəzarət mexanizmləri zəiflədikcə, bazarda riskli qidaların payı artır. Ucuzluq cazibədar görünsə də, sağlamlıq baxımından bu cür qidaların ciddi təhlükə yaratması istisna deyil.
Mövzuya məsul qurumların münasibəti isə hələ də açıq qalır.
İstehlakçı hüquqlarının müdafiəçisi Eyyub Hüseynov bildirir ki, dönərin ucuz və ya baha olması onun keyfiyyətinə birbaşa zəmanət vermir.
Onun sözlərinə görə, bütün texnoloji tələblərə əməl olunaraq, təzə və düzgün seçilmiş ətlə hazırlanan dönərin bazar dəyəri adətən 3–4 manat civarında formalaşır:
“Dönərxanalarda ən təhlükəli hallardan biri satılmayan ətin növbəti gün yenidən satışa çıxarılmasıdır ki, bu da birbaşa sağlamlıq riski yaradır. Bundan əlavə, istifadə olunan ucuz mayonezlər, mənşəyi bəlli olmayan souslar və uyğun olmayan saxlanma şəraiti zəhərlənmə ehtimalını daha da artırır”.
Ekspert vurğulayır ki, istehlakçıların həm münasib qiymətə, həm də təhlükəsiz qida məhsulu əldə etməsi əsas məqsəd olmalıdır.
Lakin real vəziyyət bu istəklərlə üst-üstə düşmür. Hazırda ölkədə quş və mal ətini xüsusi standartlara uyğun olaraq şişə keçirən, yüksək temperaturda sürətli dondurmadan keçirib, qablaşdıraraq soyuducu nəqliyyat vasitələri ilə dönərxanalara çatdıran cəmi iki rəsmi müəssisə fəaliyyət göstərir. Buna baxmayaraq, dönər satan obyektlərin böyük hissəsi həmin istehsalçılarla əməkdaşlıq etmir.
Eyyub Hüseynovun sözlərinə görə, bəzi obyektlər başqa mənbələrdən əldə etdikləri məhsulların üzərinə sadəcə etiket yapışdıraraq, onları guya tanınmış istehsalçıların məhsulu kimi təqdim edirlər ki, bu da istehlakçının aldadılması deməkdir.
Mütəxəssisin fikrincə, Qida Təhlükəsizliyi Agentliyi elə bir izləmə və nəzarət sistemi formalaşdırmalıdır ki, satışda olan dönərin hansı istehsalçıya məxsus olduğu, hansı şəraitdə hazırlandığı dəqiq müəyyən edilsin. Hazırda isə bu istiqamətdə effektiv mexanizm demək olar ki, yoxdur.
Afaq MİRAYİQ,
Fotolar müəllifindir,
Musavat.com