TV-lərdə davam edən böhran

Ötən ay Azərbaycan teleməkanında diqqətçəkən qərar verildi . ATV-də yayımlanan “Bizimləsən” və “Rəngarəng”, ARB telekanalından "Səni axtarıram" verilişlərinin yayımı dayandırıldı. Bu qərar cəmiyyətdə uzun müddətdir müzakirə olunan bir məsələnin – efir keyfiyyətinin aşağı düşməsi probleminin nəticəsi kimi qiymətləndirilir.
Bütün bu proseslərin fonunda gözlənilən nəticə hələ də yoxdur- onların yerinə televiziya bazarında keyfiyyətli və fərdi yanaşmaya əsaslanan müəllif verilişləri yoxdur.
Bu proses təkcə bir neçə verilişin efirdən çıxarılması kimi yox, Azərbaycan televiziya məkanında illərdir yığılan struktur probleminin üzə çıxması kimi oxunmalıdır. Problem fərdi layihələrdə deyil, ümumi modeldədir: televiziya uzun müddətdir daha çox reytinq və emosional təsir üzərində qurulan formatlara söykənir, amma bu formatların alternativi yaradılmadan geri çəkilmə baş verir.
Əsas boşluq ondan ibarətdir ki, dayandırılan verilişlərin yerini dolduracaq keyfiyyətli müəllif kontenti hələ formalaşmayıb. Bu isə efirdə sadəcə “boş vaxt” problemi yox, həm də məzmun strategiyasının zəifliyini göstərir. Televiziyalar bir tərəfdən keyfiyyət məsələsini gündəmə gətirir, digər tərəfdən isə həmin keyfiyyəti yarada biləcək yaradıcı mühit və mexanizmləri sistemli şəkildə qurmaqda çətinlik çəkir.
Nəticədə paradoks yaranır: tənqid olunan formatlar aradan qalxır, amma onların yerinə daha müasir, analitik və ya sosial baxımdan dəyər yaradan proqramlar gəlmir. Bu da teleməkanın keçid dövründə “təmizləmə” mərhələsində ilişib qalmasına bənzəyir.
Əgər bu boşluq qısa zamanda doldurulmasa, problem sadəcə ayrı-ayrı verilişlər səviyyəsindən çıxaraq ümumi teleqəzetçilik və televiziya jurnalistikasının keyfiyyət böhranına çevrilə bilər.

Mövzu ilə bağlı Azərbaycan Jurnalistlər Birliyinin sədri, Ayna.az saytının baş redaktoru Elçin Şıxlı Musavat.com-a danışıb. Onun sözlərinə görə, bütün bu boşluğu doldurmaq üçün əvvəlcədən ciddi və düşünülmüş strategiya qurulmalı idi: “Amma görünən odur ki, belə bir strategiya yoxdur. Əgər olsaydı, adı çəkilən verilişlər bağlanan kimi onların yerinə dərhal yeni, keyfiyyətli və planlaşdırılmış layihələr təqdim olunardı. Halbuki biz bunun şahidi olmuruq. Bu isə onu göstərir ki, qərarlar daha çox spontan şəkildə qəbul edilir və sonrakı mərhələdə nə ediləcəyi ilə bağlı aydın bir yol xəritəsi mövcud deyil. Əslində burada əsas problem məqsədsizlik və istiqamətsizlikdir: nə istədiyimiz, nəyi hədəflədiyimiz, hansı nəticəyə çatmaq istədiyimiz aydın deyil. Bu isə televiziya məkanında ciddi boşluq yaradır. Bəlkə də müqayisə tam uyğun deyil, amma müəyyən mənada vəziyyət buna bənzəyir: məsələn, İranda Xamenei öldürüldü, yerinə dərhal başqa biri təyin olundu. Və yaxud başqa vəzifəllilər öldürülən kimi dərhal yerinə başqası təyin olundu. Yəni sistem əvvəlcədən qurulub, ssenari hazırdır, kimdən sonra kimin gələcəyi bəllidir.
Bizdə isə bu ardıcıllıq və hazırlıq hiss olunmur. Hətta bəzən görürük ki, yüksək vəzifəli bir şəxs işdən çıxarılır, amma onun yeri uzun müddət boş qalır. Bu da onu göstərir ki, əvvəlcədən düşünülmüş, planlaşdırılmış xətt yoxdur. Halbuki belə bir strateji yanaşma olmalıdır. Əgər televiziyalarda doğrudan da belə bir strategiya mövcuddursa, o zaman bu strategiya ictimaiyyətə açıq şəkildə təqdim olunmalı, hansı planın olduğu göstərilməlidir. Əks halda, mövcud vəziyyət daha çox plansızlıq və qeyri-müəyyənlik təəssüratı yaradır”.
Azər Həsrət bara gedən qızlar haqda dediklərinə aydınlıq gətirdi

Media eksperti Azər Həsrət isə qeyd edib ki, təxminən 20–25 il bundan əvvəl belə bir fikir səsləndirib ki, ölkədə həddindən artıq çox qəzet var, amma arzuolunan keyfiyyət yoxdur: "Təklifim o idi ki, aparıcı qəzetlər, yəni tirajlı nəşrlər birləşdirilsin, onlarla xırda qəzetlər vahid, daha iri həcmli və keyfiyyətli bir qəzetə çevrilsin. Birləşmiş qəzetlərdə isə baş redaktor “status yarışı” yox, funksional bölgü əsasında formalaşsın – şöbə müdirləri, baş redaktor müavinləri kimi daha sistemli idarəetmə modeli qurulsun. Çünki o dövrdə hamı “baş redaktor olmaq” arzusuna qapılmışdı, nəticədə hər kəs ayrıca qəzet açırdı və bazar keyfiyyətsiz məhsulla dolub-daşırdı.
İndiki vəziyyətdə televiziya məkanımızın durumu da təxminən buna bənzəyir. Eyni verilişlərin təkrarı həddindən artıq çoxdur. Yəni məsələn, A televiziyasında yayımlanan bir proqramın çox bənzəri B televiziyasında fərqli adla təqdim olunur. Ciddi fərqlənən, alternativ yaradan məzmun demək olar ki, yoxdur. Üstəlik bəzi verilişlərin bağlanması və dayandırılması yaranmış boşluğu artırdı, amma həmin boşluq keyfiyyətli məzmunla doldurulmadı.
Şəxsən mən bu boşluğun doldurulduğunu müşahidə etmirəm”.
Azər Həsrətin sözlərinə görə digər tərəfdən, Azərbaycanın kiçik ölkə olduğunu nəzərə alsaq, bu qədər televiziya kanalının mövcudluğu kadr problemini də gündəmə gətirir: “Yəni bu qədər kanalda işləmək üçün yetərli sayda peşəkar televiziya kadrlarımız varmı? Əlbəttə, xeyr. Hətta ölkənin əsas kanallarından sayılan AzTV və İctimai Televiziyada belə bu boşluq tam şəkildə doldurulmayıb. Çünki keyfiyyətli kadr üçün həm yüksək maliyyə, həm də peşəkar inkişaf mühiti lazımdır. Lakin bu şərtlər hər zaman təmin olunmur. Nəticədə televiziya bazarı sanki “bolluq içində keyfiyyətsizlik” vəziyyətinə düşüb. Əsas məqsəd efiri doldurmaq, “efirdə olmaq” və reklam əldə etmək olur. Bu yanaşma isə Azərbaycan teleməkanını faktiki olaraq zəiflədir”.
Televiziyalar Prezidentin ayırdığı vəsaitləri necə istifadə edib? ABC.AZMedia ekspertinin fikrincə, çıxış yolu kimi televiziya sahəsində də müəyyən konsolidasiya, yəni birləşmə prosesi aparılmalıdır: “Eyni xətt üzrə işləyən, oxşar kontent və auditoriyaya sahib kanallar birləşərək daha böyük, daha güclü və daha keyfiyyətli media qurumlarına çevrilməlidir. Bu zaman həm resurslar səmərəli istifadə olunar, həm də daha güclü kadr potensialı formalaşar. Əks halda, hamı öz yerində qalacaq, inkişaf olmayacaq və nəticədə ümumi səviyyə dəyişməz qalacaq. Bu prosesdən itirən isə ilk növbədə tamaşaçıdır. Tamaşaçı keyfiyyətli məzmun tapa bilmir, alternativ axtarışına çıxır və bu zaman sosial şəbəkələr, xarici platformalar ön plana keçir. Amma həmin alternativlərin böyük hissəsi nəzarətsiz və bəzən zərərli məzmun daşıyır.
Beləliklə, tamaşaçı tədricən ənənəvi mediadan uzaqlaşır, bu da həm dövlətin informasiya təhlükəsizliyi, həm də ideoloji təsir imkanları baxımından risk yaradır. Çünki efirdə istədiyini tapa bilməyən auditoriya başqa məkanlara yönəlir. Ona görə də əsas prioritet keyfiyyət məsələsi olmalıdır: birləşmək, böyümək, peşəkar kadrlarla işləmək və sistemli media modeli qurmaq. Bu prosesi həyata keçirə bilən televiziya ayaqda qalacaq və yetirincə irəli çıxa biləcək. Əks təqdirdə hamı birlikdə batacaq, heç kəs də xilas ola bilməyəcək”.

Xalidə Gəray
Musavat.com

23.04.2026 18:03
1184