Türkiyədə hotel qiymətləri KƏSKİN artdı: İLGİNC SƏBƏBLƏR

Vüsalə Əhmədova: “Yerli əhali belə erkən rezervasiya etmədən istirahət edə bilmir, çünki...”

Hər il yayda azərbaycanlıların istirahət üçün ən çox üz tutduğu ölkələrdən birincisi qardaş ölkə Türkiyədir. Amma bu il Türkiyənin istirahət bölgələrində qiymətlərin yüksək olması insanların arzusunu ürəyində qoyub. Turistlərin bu il üçün Türkiyə turlarını təxirə salmalı olduğu bildirilir.

TOUR .png (813 KB)

Tur şirkətlərindən birinin rəsmisi Pərvanə Əliyeva Musavat.com-a təsdiqləyib ki, bu il ötən ilə nisbətən Türkiyədə hotel qiymətləri bir neçə dəfə artıb:

“Qiymətlər 30-40% artıb. İnsanlar zəng vurub maraqlanır, qiymətlərlə tanış olduqdan sonra imtina etməli olurlar. Bu ilin mart-aprel aylarında Misirə gedənlər daha çox oldu, qiymətlər yüksək deyildi. Avropa qiymətləri də yüksək deyil, sadəcə viza almaqda çətinliklər var”.

Məlumat üçün bildirək ki, Antalyada bu ilin iyul ayı üçün (6 gecə 7 gün) bir neçə hotelin təklif etdiyi qiymətlərə də nəzər yetirdikdə qiymət artımının şahidi oluruq. Misal üçün, 4 ulduzlu hotellərin qiyməti 900 manatdan başlayır və 1000-1300 manat arasında dəyişir. 5 ulduzlu hotellərin qiyməti isə 1540 manatdan başlayır, 2200 manata qədər müxtəlif qiymətlər təklif edilir. Onu da qeyd edək ki, qiymətlər hotelin dənizə yaxın olub-olmamasından, nə qədər əvvəl təmir olunmasından asılı şəkildə və hansı qida sisteminin təklif olunmasına görə dəyişir. Əgər ailədə iki uşaq varsa, bir ailənin 6 günlük istirahəti 8-10 min arasında dəyişəcək.

Bəs Türkiyədə istirahət bir il ərzində niyə bu qədər artıb?

Bəzi xarici ekspertlər Türkiyədə Kahramanmaraşda baş verən zəlzələdən sonra hotel qiymətlərinin artdığını bildirir. Bəziləri isə bunu yüksək inflyasiyanın olması ilə əlaqələndirir.

Qeyd edək ki, Türkiyədə 2022-ci ildə inflyasiya rekord qıraraq illik 70%-ə çatıb. 2023-cü ildə isə qiymət artımı bir il əvvəlkindən 1,5 dəfə yüksək olsa da, yavaşlayıb.

vusale.jpg (128 KB)

Türkiyədə yaşayan iqtisadçı-alim Vüsalə Əhmədova Musavat.com-a açıqlamasında qardaş ölkədə istirahətin ildən-ilə bahalaşması səbəblərinə aydınlıq gətirib:

“Pandemiyadan sonra, dəqiq desək, 2022-ci ildən etibarən Türkiyəyə turist axını əvvəlki illərdəki kimi həddindən artıq çoxalıb. Avropa ölkələri, ABŞ, Kanada, Meksika, ərəb ölkələri, Uzaq Şərq ölkələri və Rusiya başda olmaqla demək olar ki, dünyanın hər nöqtəsindən Türkiyəyə turist axını var. Yerli əhali üçün belə erkən rezervasiya etmədən istirahət etmək imkansız hal alıb. Bunun bir çox səbəbini açıqlamaq olar. Əvvəla, ölkənin köklü tarixi zənginliklərə malik olması, mədəniyyətlərin qovşağı olması, iqlimi, coğrafi gözəllikləri, yemək mədəniyyəti və s. Ən önəmlisi, yerli valyutanın dollar qarşısında ucuzlaşması Türkiyəni iqtisadi baxımdan xarici turistlər üçün əlverişli edir. Bu, həmçinin xarici vətəndaşlar üçün əlavə olaraq alış-veriş imkanı yaradır. Digər tərəfdən də Türkiyədə səhiyyə turizminin artan canlanması turist sayında əhəmiyyətli artıma səbəb olub. O cümlədən, ABŞ, Kanada və Meksika vətəndaşları üçün sadələşdirilmiş viza rejimi tətbiq edilməyə başlandı. “Euromonitor International” beynəlxalq araşdırma şirkəti tərəfindən keçən ilin dekabr ayında hazırlanan “dünyanın ən çox ziyarət edilən şəhərləri” hesabatında Türkiyədən iki şəhər ilk beşliyə daxil olub. Xarici turistlərin ən çox ziyarət etdiyi şəhərlər arasında İstanbul 20 milyon turist sayı ilə birinci, Antalya isə 16,5 milyon turist ilə dördüncü yerdədir. Bu, hələ 2023-cü ilin statistikasıdır, bu il daha çox artım olacağı gözlənilir. Göründüyü kimi, tələb təklifi üstələyir. Belə olan halda qiymətlərin yüksəlməsi qaçılmazdır”.

Məlumat üçün bildirək ki, bu ilin yanvar-may aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 27,5 % artaraq 808,1 min nəfər olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, İrana gedən Azərbaycan vətəndaşlarının sayı 39,4 %, Türkiyəyə gedənlərin sayı 27,1 %, Gürcüstana gedənlərin sayı 21,3 %, Rusiyaya gedənlərin sayı 14,9 % artıb. Azərbaycan vətəndaşlarının 38,9 %-i Türkiyəyə, 21,9 %-i Rusiyaya, 8,9 %-i Gürcüstana, 8,6 %-i İrana, 21,7 %-i digər ölkələrə səfər edib. Gedənlərin 67,3 %-ni kişilər, 32,7 %-ni qadınlar təşkil edib.

Afaq MİRAYİQ,
Musavat.com

14.06.2024 16:36
1043