Son günlərdə cənub qonşumuz İrana qarşı hücumların fonunda Türk Dövlətləri Təşkilatının mövcud durumu və gələcək perspektivləri daha çox müzakirə olunmağa başlayıb. Əvvəllər əsasən mədəni, iqtisadi və siyasi əməkdaşlıq platforması kimi çıxış edən bu birlik indi artıq getdikcə təhlükəsizlik və geosiyasi koordinasiya mərkəzi kimi dəyərləndirilir.
Xüsusilə Yaxın Şərqdə və regionun cənub cinahında baş verən hərbi-siyasi gərginliklər, o cümlədən İran ətrafında formalaşan riskli ssenarilər türk dövlətləri üçün yeni reallıq yaradır. Bir sözlə görünən odur ki, ya birlik dərinləşəcək, ya da hər dövlət təhlükəsizliyini təkbaşına təmin etməyə məcbur qalacaq.
Hazırkı mərhələdə TDT-nin əsas problemi onun hələ də tam formalaşmış kollektiv təhlükəsizlik mexanizminə malik olmamasıdır. Üzv və müşahidəçi dövlətlər arasında siyasi iradə mövcud olsa da, bu iradə institusional və hərbi-strateji çərçivəyə tam çevrilə bilməyib. İran ətrafında mümkün eskalasiya, böyük güclərin regionda toqquşan maraqları və enerji-nəqliyyat xətlərinin təhlükə altına düşməsi fonunda Türk dünyasının parçalı təhlükəsizlik modeli artıq ciddi risklər yaradır.
Bu mənada tez-tez səsləndirilən “Türk NATO-su” ideyası sadəcə simvolik çağırış deyil, reallıqdan doğan zərurət kimi gündəmə gəlir. Məsələ NATO-ya alternativ qurmaq yox, türk dövlətlərinin öz aralarında koordinasiyalı müdafiə, kəşfiyyat mübadiləsi, ortaq hərbi planlaşdırma və böhranlara kollektiv cavab mexanizmi formalaşdırmasındadır. Əks halda, böyük güclərin təzyiqi qarşısında hər bir türk dövləti ayrı-ayrılıqda zəif həlqəyə çevrilə bilər.
İrana mümkün hücum ssenarisi bir daha göstərir ki, regional müharibələr artıq lokal xarakter daşımır və domino effekti yaradır. Bu baxımdan TDT qarşısında əsas sual dayanır: təşkilat müşahidəçi mövqedə qalacaq, yoxsa təhlükəsizlik baxımından real gücə çevriləcək? Bunun üçün üzv dövlətlər yalnız siyasi bəyanatlarla kifayətlənməməli, ortaq hərbi təlimlərin intensivləşdirilməsi, müdafiə sənayesində birgə istehsal, hava və raket təhlükəsizliyi üzrə koordinasiya, eləcə də vahid strateji doktrina üzərində işləməlidirlər.
Nəticə etibarilə, mövcud geosiyasi sarsıntılar fonunda Türk Dövlətləri Təşkilatı tarixi seçim qarşısındadır: ya birliyin institusional gücünü artıraraq böyük güclərin masasında real aktora çevriləcək, ya da bölgədə başqalarının verdiyi qərarların təsir dairəsində qalacaq. Bu seçim isə türk dünyasının gələcək onilliklərdə təhlükəsizliyini və siyasi çəkisini müəyyən edəcək.
Sabiq deputat Sona Əliyeva Musavat.com-a bu istiqamətdə ümidverici danışdı. O hesab edir ki, Türk Dövlətləri Təşkilatı son illərdə böyük inkişaf yolu keçib: "2009-cu ildən bu yana Türk Şurası, daha sonra TDT çətiri altında türk dövlətləri böyük yol qət ediblər. İndi qlobal dünyanın sürətlə dəyişən nizamı türk xalqlarını da öz təhülkəsizliyinin ciddi təminatı düşündürür. Fikrimcə, Orta Asiyadan Ön Asiyaya, Anadoluya və Balkanlara qədər uzanan Türk Dünyasının vahid milli təhlükəsizlik konsepsiyası olmalıdır. Bununla bağlı zaman-zaman fikirlər səsləndirilib. Bəzi hallarda TDT ölkələri ikili, üçlü formatlarda strateji müttəfiqlik, tərəfdaşlıq sazişləri, bəyannamələri də imzalayıblar. Bütün bunlar çox yaxşı və arzuolunan məqamlardır. Amma yaxşı olardı ki, Türk Dövlətləri Təşkilatının vahid strategiyaya söykənən milli təhlükəsizlik konsepsiyası formalaşdırılsın. Tarix və zaman baxımından da bu artıq yetişib. Yeni dünya düzəni formalaşdırılır. Qlobal masalarda kartlar yenidən paylanır. Hər bir ölkədən tərəfini seçməsi tələb edilir.
Hazırda səkkiz ölkəni öz çətiri altında toplayan TDT özü üçüncü qütbə çevrilməlidir. TDT üçüncü qütb yeni dünya düzəninin oyun qurucusuna çevrilməlidir. Çətiri altındakı dövlətlərin təhlükəsizliyini eyni mexanizmlə formalaşdırmalı və icrasını həyata keçirməli, təhdidlərdən sığortalanmaq üçün öz oyunlarını və planlarını qlobal masalara sürməlidir. Bunun üçün TDT-nin potensialı olduqca böyükdür. Bir milyondan artıq hərbçi onun təhlükəsizliyini təmin etmək iqtidarındadır. NATO-nun ikinci ən böyük ordusuna sahib Türkiyənin 600 minlik ordusu var. Azərbaycan və Qazaxıstanın canlı hərbi qüvvəsi 350 min nəfərdən çoxdur. Özbəkistan və Macarıstan orduları da son illərdə sürətli inkişaf yolu keçirlər. Bir sözlə, TDT-də təmsil olunan ölkələrin vahid ordu, vahid hərbi alyans yaratmaq imkanları olduqca yüksəkdir. Türkiyə hazırda özü müasir hərbi texniki vasitələrin istehsalçısıdır. Elə Azərbaycan da son illərdə silah istehsalı baxımından böyük yol keçib. Fikrimcə, TDT ölkələri hazırda öz vahid milli təhlükəsizlik konsepsiyasını fotmalaşdırıb həyata keçirmək məsələsində çox da ləngiməməlidir. Çünki Türk Dünyası coğrafiyasına qonşu regionlarda vəziyyət heç də ürəkaçan deyil. Hətta bizim iki qonşumuz - İran və Rusiya da müharibə bataqlığında qıvrılır. Bu baxımdan, düşünürəm ki, artıq vaxtdır və Turan Hərbi Alyansı yaradılmalıdır".
Cavanşir Abbaslı
Musavat.com