Türk dünyası ayağa qalxdı, geostrateji inteqrasiya sürətləndi: Azərbaycan qlobal güclərin də "qırmızı cizgi"sinə çevrilir

Son hadisələr onu göstərdi ki, Azərbaycan genişmiqyaslı qlobal siyasi-diplomatik dəstək qazanmağı artıq bacarıb, Türk dünyası daxilində isə siyasi və təhlükəsizlik inteqrasiyası tədricən sürətlənir... Və Azərbaycanın həm beynəlxalq nüfuzunun, həm də qlobal dəstəyinin artmasına paralellik təşkil edən bu proses Cənubi Qafqazda yeni geopolitik balansın yaranmasına da səbəb ola bilər.

Cənubi Qafqaz regionunda hərbi-siyasi gərginlik ən yüksək həddə çatıb. Belə ki, İranın beynəlxalq hüquqa zidd yolverilməz davranışları, Naxçıvana dron hücumu regionda mövcud olan situasiyanı daha da qəlizləşdirib. İranın Azərbaycana qarşı hərbi təxribatı Cənubi Qafqazda yeni geopolitik vəziyyətin formalaşmasına yol açır. Və İranın hərbi təxribatına verilən beynəlxalq reaksiyalar həm də Azərbaycanın qlobal məkanda artan nüfuzunu növbəti dəfə açıq şəkildə göstərmiş oldu.

Məsələ ondadır ki, İranın pilotsuz uçuş aparatları ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ərazisinə hücumu Cənubi Qafqazda ciddi siyasi və təhlükəsizlik reaksiyaları doğurub. Rəsmi Tehranın bu hərbi təxribatından sonra müxtəlif regionlardan – Türk dünyasından, Yaxın Şərqdən, Avropadan və Qərb ölkələrindən Azərbaycana yönəlik açıq dəstək mesajları verilib. Və bu dəstək reaksiyaları yalnız siyasi diplomatik bəyanatlarla məhdudlaşmır, həm də Cənubi Qafqazın geopolitik konfiqurasiyasının dəyişməkdə olduğunu göstərir.

6758520fdff4b.jpg (39 KB) 

Maraqlıdır ki, rəsmi Tehranın hərbi təxribatına beynəlxalq reaksiyaların xarakteri onu göstərir ki, bu məsələ artıq yalnız Azərbaycan-İran münasibətlərinin gərginləşməsi çərçivəsindən də ciddi şəkildə kənara çıxmağa başlayıb. Belə ki, Azərbaycana yönəlik beynəlxalq dəstək mesajları həm də Cənubi Qafqazın təhlükəsizlik arxitekturasına təsir edən daha geniş geopolitik prosesin tərkib hissəsinə çevrilməkdədir. Və ən əsasısa, İranın hərbi təxribatı ilk növbədə Türk dünyasının sürətli siyasi konsolidasiyasını da ortaya çıxartmış oldu.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycana yönəlik ən operativ və sərt reaksiyalar məhz Türk dövlətlərindən gəldi. Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək, İranın Naxçıvana təxribatçı hərbi hücumunu qətiyyətli şəkildə pislədi. Və Türkiyənin həmişə olduğu kimi, yenə də Azərbaycanın yanında olduğunu rəsmən bəyan etdi.

Eyni zamanda, Özbəkistan prezidenti Şavkat Mirziyoyev və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev də Azərbaycana dəstək verməkdə qətiyyən gecikmədilər. Bununla yanaşı, Türk Dövlətləri Təşkilatı (TDT) da İranın dron hücumlarını qətiyyətlə pislədiyini açıqlayaraq, Azərbaycanla tamamilə həmrəy olduğunu vurğuladı. Və bu reaksiyalar onu göstərir ki, Türk dünyasında həm siyasi, həm də təhlükəsizlik sahəsində həmrəylik güclənməkdə davam edir.

3333333.jpg (90 KB) 

Belə anlaşılır ki, TDT üzvü olan dövlətlər tərəfindən Azərbaycanın təhlükəsizliyi artıq kollektiv strateji məsələ kimi qəbul olunur. Bu, həm də onu göstərir ki, İranın təxribatı Türk dövlətlərinin geopolitik yaxınlaşmasını daha da sürətləndirən faktora çevrilməyə başlayıb. Və bu yaxınlaşma prosesi daha uzunmüddətli perspektivdə Türk dövlətləri arasında təhlükəsizlik sahəsi üzrə əməkdaşlığın daha ciddi şəkildə strukturlaşmış modelə keçməsinə səbəb ola bilər.

Digər tərəfdən, Yaxın Şərq ölkələrinin mövqeyi böyük önəm daşıyır. Belə ki, İranın Naxçıvana dron hücumundan dərhal sonra bu regiona daxil olan əksər ölkələr, xüsusilə də, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, İordaniya və s. kimi önəmli müsəlman dövlətləri Azərbaycana birmənalı dəstək reaksiyası verməklə yanaşı, rəsmi Tehranın hərbi təxribatını da ciddi şəkildə pisləyən mövqe nümayiş etdirdilər. Və Səudiyyə Ərəbistanı hətta Azərbaycana lazım olan hər cür dəstəyi verməyə hazır olduqlarını bəyanladı.

Bu ölkələrin mövqeyi onu göstərir ki, bir tərəfdən, İranın regional hərbi aktivliyi ərəb dünyasında ciddi narahatlıq doğurur. Digər tərəfdənsə, Azərbaycan Yaxın Şərqdə siyasi-diplomatik əlaqələrini uğurla genişləndirməyə artıq nail olub. Bu, həm də rəsmi Bakının regionlararası geopolitik balans qurmaq qabiliyyətini də təsdiqləyir. Və Azərbaycanın İslam dünyasında önəmli tərəfdaşlar qazandığını göstərir.

Azerbaijan-Iran-Tensions-Amidts-Middle-East-War_SpecialEurasia.png (2.94 MB) 

Təbii ki, İranın Azərbaycana qarşı hərbi təxribatına sərt reaksiya verərək, rəsmi Tehranın yolveilməz davranışlarını pisləyən dövlətlərin arasında Qərb ölkələrinin olması da böyük önəm daşıyır. Belə ki, Böyük Britaniya, Fransa, Latviya, Ukrayna və s. kimi ölkələr Azərbaycanı dəstəklədiklərini birmənalı şəkildə bəyan ediblər. Xüsusilə də, Ukrayna üçün bu məsələ daha həssasdır. Çünki rəsmi Bakı bu ölkəyə dəfələrlə humanitar yardımlar göstərib və İran istehsalı oln dronlar Ukrayna savaşında Rusiya tərəfindən geniş şəkildə istifadə olunur.

Göründüyü kimi, İranın Naxçıvana qarşı hərbi təxribatına verilən beynəlxalq reaksiyalar həm Azərbaycan, həm də ümumiyyətlə, Cənubi Qafqaz regionu ətrafında yeni geopolitik konfiqurasiyanın formalaşmaqda olduğunu təsdiqləyir. Bu, onu göstərir ki, Cənubi Qafqaz artıq qətiyyən yalnız regional rəqabət məkanı deyil. Yəni, bu regionda Yaxın Şərq, Türk dünyası və Qərb geopolitik strategiyasının kəsişdiyi mürəkkəb təhlükəsizlik arxitekturası formalaşır.

Belə ki, Azərbaycan genişmiqyaslı qlobal siyasi-diplomatik dəstək qazanmağı artıq bacarıb. Türk dünyası daxilində siyasi və təhlükəsizlik inteqrasiyası tədricən sürətlənir. Və Azərbaycanın həm beynəlxalq nüfuzunun, həm də qlobal dəstəyinin artmasına paralellik təşkil edən bu proseslərin davam etməsi Cənubi Qafqazda yeni geopolitik balansın yaranmasına da səbəb ola bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

06.03.2026 19:33
2578