ABŞ administrasiyası 2021-ci ildə ABŞ Konqresinə basqından sonra baş verən repressiyaların qurbanlarına pul kompensasiyası ödəmək üçün fond yaratmaq planlarından imtina edib.
Musavat.com xəbər verir ki, məlumatı Axios iki yüksək vəzifəli ABŞ icra hakimiyyəti məmuruna istinadən yayıb.
Bu mənbələrdən biri fond planı haqqında "O, artıq ölüb" deyib.
Ağ Evin planları həm hakim Respublikaçılar Partiyasını, həm də müxalifətdəki Demokratlar Partiyasını təmsil edən qanunvericilər tərəfindən tənqid olunub.
İdeyanın əleyhdarları 2021-ci ilin yanvar ayında Konqresə basqın etməkdə günahlandırılanların da fonddan kompensasiya ala bilməsindən narazı idilər.
Respublikaçı olan hazırkı ABŞ prezidenti Donald Tramp fond planını əvvəlki Demokrat lider Co Baydenin dövründə əsassız təqiblərə məruz qalan tərəfdarlarına kompensasiya ödəmək üçün bir vasitə kimi irəli sürmüşdü.
Xatırladaq ki, Tramp tərəfdarlarının Konqresə basqını 6 yanvar 2021-ci ildə, prezident seçkilərindən sonra baş verib. Bayden 2020-ci ilin noyabrında Trampı məğlub edib. Tramp isə nəticələri tanımaq istəmirdi. 6 yanvar 2021-ci ildə Vaşinqtonda onu dəstəkləyən minlərlə nəfərlik mitinq üçün toplaşan Tramp tərəfdarları seçki nəticələrinin təsdiqlənməsinin qarşısını almaq üçün Konqresə basqın etdilər.
Bayden dövründə bu hadisələrdə iştirak edənlərə qarşı çoxsaylı məhkəmə prosesi başladıldı. Ən ağır cəza - 22 il həbs cəzası - Demokrat Partiyası və bəzi digər siyasi qüvvələrin ifrat sağçı kimi xarakterizə etdiyi "Qürurlu Oğlanlar" hərəkatının lideri Enrike Tarrioya verildi. 2025-ci ilin yanvar ayında Ağ Evə qayıtdıqdan sonra Tramp Kapitoliyə basqın işində demək olar ki, bütün təqsirləndirilən şəxsləri (cəmi təxminən 1500 nəfər) əfv etdi və onların təqibini "milli ədalətsizlik" adlandırdı.
Musavat.com