Bir çox ekspert hesab edir ki, Vaşinqton öz qlobal planlaerı üçün Ermənistandanm alət kimi istifadə edir və siyasi vəziyyət dəyişdiyi anda ABŞ-ın prioritetləri də dəyişə bilər
ABŞ prezidenti Donald Trampın Ermənistanın baş naziri Nikol Paşinyana verdiyi açıq və nümayişkaranə siyasi dəstək ilk baxışdan İrəvan üçün ciddi diplomatik uğur kimi görünə bilər. Lakin hadisələrin daha dərindən təhlili göstərir ki, bu dəstək əslində Paşinyanın daxili siyasi mövqelərini zəiflədən və onu daha mürəkkəb geosiyasi risklərin qarşısında qoyan amilə çevrilə bilər.
Trampın Paşinyanı “öz ölkəsini gücləndirən, təhlükəsiz və varlı edən lider” kimi təqdim etməsi, onunla ideoloji yaxınlıq vurğulaması və ABŞ-ın Ermənistanla “böyük layihələr” həyata keçirdiyini qeyd etməsi təsadüfi deyil. Bu, Vaşinqtonun Cənubi Qafqazda aktivləşən siyasətinin bir hissəsidir. Lakin bu mesajın Ermənistan daxilində yaratdığı rezonans fərqlidir və birmənalı qarşılanmır.
Tarix göstərir ki, kiçik və orta dövlətlərdə xarici gücün açıq şəkildə hansısa siyasi lideri dəstəkləməsi çox vaxt həmin liderin mövqelərini gücləndirmək əvəzinə zəiflədir. Ermənistan nümunəsində də eyni tendensiya müşahidə oluna bilər. Paşinyanın hakimiyyətə gəlişi daxili sosial narazılıq və “xalq dəstəyi” üzərində qurulmuşdu. Lakin indi onun ABŞ-la bu qədər açıq yaxınlaşması müxalifət tərəfindən “xarici asılılıq” kimi təqdim olunur. Bu isə seçici davranışına birbaşa təsir edə biləcək faktordur.
Ermənistan cəmiyyətində hələ də güclü olan suverenlik həssaslığı fonunda Trampın bu cür bəyanatları Paşinyanı “Qərbin layihəsi” kimi göstərmək üçün müxalifətə əlavə arqumentlər verir.
Paşinyanın əsas siyasi strategiyası uzun müddət balanslaşdırma üzərində qurulmuşdu. Lakin son hadisələr göstərir ki, bu balans artıq pozulmağa başlayıb. ABŞ-la münasibətlərin sürətlə dərinləşməsi digər istiqamətlərdə ciddi suallar yaradır.
Xüsusilə İran faktoru burada kritik əhəmiyyət daşıyır. Ermənistan üçün İran yalnız qonşu deyil, həm də iqtisadi çıxış yollarından biridir. ABŞ-İran qarşıdurmasının kəskinləşdiyi bir dövrdə Vaşinqtona bu qədər yaxınlaşmaq İrəvan üçün strateji risklər yaradır.
Eyni vəziyyət Rusiya ilə münasibətlərdə də müşahidə olunur. Moskvanın regiondakı təsirinin azaldılması yönündə layihələrdə iştirak Ermənistanın təhlükəsizlik arxitekturasına birbaşa təsir göstərə bilər.
Müzakirə olunan TRIPP layihəsi bu kontekstdə xüsusi diqqət çəkir. Layihə formal olaraq iqtisadi və nəqliyyat təşəbbüsü kimi təqdim olunsa da, onun arxasında daha geniş geosiyasi məqsədlərin dayandığı açıq şəkildə görünür.

Bu layihənin əsas məqsədlərindən biri Cənubi Qafqazda yeni iqtisadi marşrutlar yaratmaqla yanaşı, regionda Rusiya və İranın rolunu zəiflətməkdir. Bu isə Ermənistanı birbaşa böyük güclərin rəqabət meydanına çevirir.Digər problem isə layihənin hələ də kağız üzərində qalmasıdır.
Belə ki, “Tramp yolu”nun hüquqi mexanizmlər tam formalaşmayıb, maliyyə mənbələri qeyri-müəyyəndir, təhlükəsizlik və sərhəd məsələləri də həll edilməyib.Bu isə onu göstərir ki, Paşinyan hələ nəticəsi qeyri-müəyyən olan layihələr uğrunda ciddi siyasi risklərə gedir. ABŞ-ın Ermənistan və ümumilikdə Cənubi Qafqaza marağı daha çox geosiyasi rəqabət kontekstində izah olunur. Vaşinqton üçün bu region bəzi məsələlərə görə əhəmiyyətlidir.
Lakin bu marağın nə qədər uzunmüddətli olduğu sual altındadır. Bir çox ekspert hesab edir ki, ABŞ üçün Ermənistan daha çox taktiki platformadır. Yəni Vaşinqton öz qlobal rəqabətində bu ölkədən alət kimi istifadə edir. Bu isə o deməkdir ki, siyasi vəziyyət dəyişdiyi anda ABŞ-ın prioritetləri də dəyişə bilər. Belə olan halda Ermənistan risklərlə üz-üzə qala bilər.
Qarşıdan gələn parlament seçkiləri bütün bu proseslərin kulminasiya nöqtəsi olacaq. Trampın açıq dəstəyi Paşinyanın qələbəsini təmin etmək əvəzinə, əksinə, onun əleyhinə işləyə bilər. Paşinyanın məğlubiyyəti ABŞ üçün ciddi reputasiya itkisi sayılmaya bilər. Çünki Vaşinqtonun diqqəti daha çox İran və digər qlobal məsələlərə yönəlib. Lakin Ermənistan üçün bu, ciddi siyasi silkələnmə demək olacaq. Trampın Paşinyana verdiyi dəstək zahirdə güclü siyasi jest kimi görünsə də, mahiyyət etibarilə riskli geosiyasi siqnaldır. Bu dəstək daxili legitimliyi zəiflədə, regional balansı poza, Ermənistanı böyük güclərin qarşıdurmasına çəkə bilər.
Ən maraqlı və paradoksal məqam isə ondan ibarətdir ki, Paşinyanı gücləndirmək üçün verilən bu dəstək onun siyasi sonunu sürətləndirə bilər.
P.s. Yazı "Vedomosti" və "Svobodnaya Pressa"nın materialları əsasında hazırlanıb.
Musavat.com