Trampdan ABŞ nəşrinə qarşı 10 milyardlıq İDDİA – Epşteyn işində İLGİNC DETAL

ABŞ-də qalmaqallı maliyyəçi və seks cinayətlərində ittiham olunan Ceffri Epşteynin ölümü ilə bağlı illərlə gizli qalan müəmmaların üzərindən sirr pərdəsi götürülməkdədir.

Musavat.com xəbər verir ki, rəsmi məlumatlara görə, “Epşteyn işi” üzrə milyonlarla səhifəlik material toplanıb və böyük hissəsi ictimaiyyətə təqdim edilib.

Lakin son günlər yayılan məlumatlar göstərir ki, sənədlərin tam açılması prosesi hələ başa çatmayıb. Müxtəlif mənbələrin bildirdiyinə görə, sənədlərin bir hissəsi redaktə olunub, bəzi hissələr isə hüquqi və təhlükəsizlik səbəbləri ilə gizli saxlanılır. Bu isə ictimai müzakirələrdə əsas sualı yenidən aktuallaşdırır: bütün materiallar niyə tam şəkildə açıqlanmır?
Son yayılan sənədlərdə bir sıra uyğunsuzluqlar və boşluqlar diqqət çəkir. Məlum olur ki, bəzi e-mail zəncirləri tam deyil, təhlükəsizliklə bağlı sənədlərdə redaktələr aparılıb. Bəzi daxili qeydlər, ümumiyyətlə, təqdim olunmayıb. Bu məqamlar istintaq materiallarının bütövlüyü ilə bağlı suallar yaradır və sənədlərin hansı meyarlara əsasən ictimaiyyətə təqdim edildiyini müzakirə mövzusuna çevirir. ABŞ-də Nyu-Meksiko ştatında yaradılan xüsusi istintaq komissiyası “Epşteyn işi” üzrə yeni mərhələyə keçildiyini göstərir. Komissiya yalnız fərdi cinayətləri deyil, həm də bu sistemin necə formalaşdığını araşdırır. Komissiyanın ilkin araşdırmaları müxtəlif qurumları, o cümlədən maliyyə institutlarını və hüquq-mühafizə orqanlarını əhatə edir. Araşdırmanın əsas məqsədi Epşteyn şəbəkəsinin fəaliyyətini mümkün edən strukturları müəyyən etməkdir.

Araşdırma materiallarında Epşteynin maliyyə əməliyyatları ilə bağlı suallar da yenidən gündəmə gəlib. Xüsusilə beynəlxalq bankların nəzarət mexanizmlərinin yetərli olub-olmaması müzakirə olunur. Bu kontekstdə “Deutsche Bank” ilə bağlı əvvəlki araşdırmalar da xatırladılır. Bildirilir ki, bəzi şübhəli tranzaksiyalar sistem daxilində qeydə alınıb, lakin bu məlumatların necə idarə olunduğu tam aydın deyil. Sənədlərin bir hissəsi hüquq-mühafizə orqanlarının məlumat axınını necə idarə etdiyi ilə bağlı suallar yaradır. FBI daxilində bəzi risk siqnallarının necə işlənməsi və bəzi xəbərdarlıqların niyə gecikdirilməsi müzakirə olunur. Bu məsələlər fərdi səhvlərdən daha çox sistemin idarəetmə mexanizmləri ilə bağlı suallar doğurur.

Böyük Britaniyada yayılan sənədlərdə də “Epşteyn işi” ilə bağlı paralel suallar ortaya çıxır. Xüsusilə Peter Mandelsonun Vaşinqtonda səfir təyin olunması ilə bağlı 1500 səhifədən çox sənədin dərc edilməsi gündəmi zəbt edib. Peter Mandelson ilə bağlı açıqlanan materiallarda bəzi sənədlərin tam olmadığı və müəyyən yazışmaların təqdim edilmədiyi bildirilir. Eyni zamanda təhlükəsizliklə bağlı bəzi daxili qeydlərin redaktə edildiyi qeyd olunur. Bu isə sənədlərin təqdim olunma siyasətinə dair əlavə suallar yaradır. Epşteyn qurbanlarının açıqlamalarında şahzadə Endryu ilə bağlı yazışmaların və bəzi sənədlərin uzun müddət gizli saxlanıldığı iddia edilir. Bu materialların bir hissəsinin ictimaiyyətə açıqlanmadığı bildirilir. Bu iddialar rəsmi şəkildə təsdiqlənməsə də, “Epşteyn işi” ətrafında institutların rolu ilə bağlı müzakirələri gücləndirir. Son açıqlanan materiallar göstərir ki, “Epşteyn işi” hələ də tam şəffaf deyil. Sənədlərdəki boşluqlar, redaktələr və təqdim olunmayan hissələr istintaqın bütövlüyü ilə bağlı sualları artırır...

Bu arada ABŞ prezidenti Donald Tramp Cefri Epşteynlə mübhəm əlaqələri barədə xəbərlərə görə "Wall Street Journal"a (WSJ) qarşı 10 milyard dollarlıq yeni iddia qaldırıb. 10 milyard dollarlıq böhtan iddiasını yeni dəlillərlə yenidən federal məhkəməyə təqdim olunub. Trampın vəkilləri tərəfindən idarə olunan bu proses, WSJ ilə yanaşı, onun naşiri "Dow Jones" şirkətini, "News Corp" korporasiyasını və araşdırmaçı jurnalistlər - Xədicə Səftər və Co Palazzolonu hədəf alır.

Dava predmeti WSJ-nin 2025-ci ilin iyul ayında dərc etdiyi bir araşdırma materialına əsaslanır. Həmin araşdırmada 2003-cü ildə Donald Tramp cinsi cinayətlərdə ittiham olunan Ceffri Epşteynə üzərində çılpaq qadın bədəninin rəsmi təsvir olunan, Tramp və Epşteyn arasında xəyali söhbəti ehtiva edən ad günü kartı göndərməsi ortaya qoyulur. Sözügedən sənəd Epşteynin əmlak idarəçiləri tərəfindən təqdim edildikdən sonra ötən ilin sentyabrında ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsi tərəfindən ictimaiyyətə açıqlanmışdı. Trampın hüquq komandasının sözçüsü yeni qaldırılan iddianı güclü məhkəmə aktı kimi xarakterizə edib: “Prezident saxta xəbərlər və böhtanlarla Amerika xalqını qəsdən çaşdıranları öz hərəkətlərinə görə sonadək məsuliyyətə cəlb etməyə davam edəcək”.

Şeytana səcdə edənlərin yolu – “Epşteyn” qalmaqalı: güc, şantaj və çürüyən vicdanlar – Tənzilə Rüstəmxanlının yazısı

Aprel ayında Florida ştatının federal hakimi Darrin P. Gayles Trampın ilkin iddiasını rədd etmişdi. Hakim bildirmişdi ki, iddia tərəfi qəzetin bu xəbəri actual malice – xəbəri yayan tərəf onun yalan olduğunu qabaqcadan bilib və ya onun yalan olma ehtimalının yüksək olduğunu göstərən ciddi şübhələrə rəğmən, materialı bilərəkdən dərc etməsini kifayət qədər sübut edə bilməyib. Hakim Geylz vurğulamışdı ki, WSJ-nin sənədin həqiqiliyini yoxlamaq üçün əhəmiyyətli dərəcədə səy göstərdiyinə dair dəlillər var. Hakim işi rədd edərək, Trampa yeni dəlillərlə düzəliş edilmiş şikayət vermək üçün şans tanımışdı.

Trampın 7 səhifədən daha uzun olan yeni şikayət ərizəsində vəkilləri radikal bir tezis irəli sürürlər – guya Trampın Epşteynə yolladığı məktub, ümumiyyətlə, fiziki olaraq mövcud deyil və saxtadır. Şikayətdə, həmçinin, media dünyasında səs salacaq gizli bir telefon zənginin detalları yer alıb. İddia olunur ki, WSJ sahibi Rupert Merdok şəxsən Trampa zəng edərək xəbərin yalan olduğunu söyləyib və “Mən bunu həll edəcəyəm” deyib.

Vəkillərin fikrincə, Tramp bu ifadəni məqalənin heç vaxt çap olunmayacağı barədə Merdokun ona verdiyi zəmanət kimi şərh edib. Bundan əlavə, Trampın komandası Epşteynin həbsdə olan keçmiş köməkçisi Gisleyn Maksvellin (Ghislaine Maxwell) federal agentlərə verdiyi ifadəyə istinad edir. Maksvell rəsmilərə bildirib ki, o, belə bir məktubun varlığından tamamilə xəbərsizdir. İddia sənədində bu məqam belə qeyd olunub: “Məktubun varlığını sübut edə biləcək sağ qalan iki şəxsdən biri (Tramp) bunu qətiyyətlə inkar edir, digəri (Maksvell) isə federal məmura bundan xəbərsiz olduğunu bildirib. Cavabdehlər ya bu faktları bilirdilər, ya da bilərəkdən araşdırmaqdan qaçaraq böhtan xarakterli məqaləni tirajladılar".

WSJ-yə qarşı açılan 10 milyard dollarlıq iddia, Trampın ABŞ-ın aparıcı media qurumlarına qarşı illərdir yürütdüyü sistematik hüquqi mübarizənin sadəcə bir həlqəsidir. O, vəzifədə olduğu dövrdə bəyənmədiyi media orqanlarını məhkəməyə verməkdən çəkinməyib. Trampın beynəlxalq arenada nüfuzuna xələl gətirilməsi və böhtan xarakterli xəbərlərin yayılması iddiası ilə Britaniyanın yayım korporasiyası BBC-yə qarşı açdığı iddia da hazırda ABŞ hüquq sistemində həllini gözləyən aktiv işlər sırasındadır.

E.Məmmədəliyev,
Musavat.com

02.06.2026 15:57
375