ABŞ-da Demokratlar Partiyası daxilində gələcək siyasi kurs uğrunda mübarizə kəskinləşir.
Musavat.com xəbər verir ki, “Politico” nəşrində Liza Kaşinski və Endryu Hovardın dərc etdiyi təhlildə son ilkin seçkilərin partiya daxilində mühüm siyasi parçalanmanı üzə çıxardığı bildirilir.
Məqalədə qeyd olunur ki, demokrat seçicilər çətin seçki dairələrində daha çox sistem daxilindən gələn, mərkəzçi və qalib gəlmə şansı yüksək hesab edilən namizədlərə üstünlük verirlər. Məsələn, Ayovada partiya rəhbərliyinin dəstəklədiyi Coş Turek Respublikaçı Eşli Hinsona qarşı mübarizə aparmaq üçün üstünlük qazanıb. Nyu-Cersidə isə keçmiş hərbçi və daha mötədil xətt təmsilçisi Rebeka Bennet qalib gəlib.
Bununla yanaşı, liberal bölgələrdə fərqli mənzərə yaranır. Politico yazır ki, Nyu-Cersidə İsrailin Qəzza siyasətini sərt tənqid edən və daha sol mövqeyi ilə tanınan Adam Hamavi ön plana çıxıb. Onun qələbəsi demokrat seçicilərinin bir hissəsinin xarici siyasət və sosial məsələlərdə daha radikal yanaşmaya meyl etdiyini göstərir.
“Politico”nun qənaətinə görə, Demokratlar Partiyası hazırda iki xətt arasında balans axtarır: bir tərəfdə noyabr seçkilərində qalib gəlmək üçün daha mərkəzçi və “seçilə bilən” namizədləri önə çıxarmaq istəyən partiya rəhbərliyi, digər tərəfdə isə İsrail, immiqrasiya və sosial bərabərlik kimi məsələlərdə daha sərt və sol mövqedə dayanan seçici bazası.
Təhlildə həmçinin, vurğulanır ki, böyük maliyyə qrupları və super PAC-lar da bu mübarizədə ciddi rol oynayır. Veteran demokrat namizədləri dəstəkləyən VoteVets təşkilatı Ayova və Nyu-Cersidə milyonlarla dollar xərcləyib. Digər tərəfdən, İsrailə tənqidi yanaşan demokratları dəstəkləyən yeni qruplar da seçkilərdə təsir gücünü artırmağa başlayıb.
Nəşr hesab edir ki, son ilkin seçkilər partiyanın gələcək istiqaməti barədə ilk siqnalları verib: partiya həm Trampçı Respublikaçılarla rəqabət aparmaq, həm də daxilindəki ideoloji parçalanmanı idarə etmək məcburiyyətindədir.
Musavat.com