Tramp Venesuela və Rusiya neftinin bazara yolunu bağlaya bilər

Bu gün səhərdən dünya bazarında neft qiymətlərinin ziddiyətli hərəkəti qeydə alınır. Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, səhər saatlarında Brent markalı neftin fevral fyuçersləri 59 dollardan 60,6 dollara qədər bahalaşıb. Günorta yenidən qiymətlər 59 dollar civarına qədər endikdən sonra, günün sonuna yaxın 60 dolların üzərinə qalxıb.

Bazar analitiklərinə görə, son günlər neqativ yöndə dəyişən neft qiymətlərini ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar hazırladığı barədə xəbərlər, həmçininVenesuela neft tankerlərinin mümkün blokadası yuxarıya doğru çəkir.

Analitiklər hesab edirlər ki, Rusiya neftinə qarşı əlavə tədbirlər Trampın Venesuelaya giriş və çıxış tankerlərinin bloklanması barədə açıqlamasından daha böyük risklər yarada bilər.

Hesab olunur ki, hazırkı qiymət şəraitində ABŞ prezidenti Donald Trampın geniş manevr imkanı yaranıb. Belə ki, o, həm Venesuela, həm də Rusiya neftinin bazara yolunu kəskin məhdudlaşdıra bilər və bu zaman qiymətlərdə cidd artım olmayacaq.

Məlumdur  ki, ABŞ administrasiyası Rusiya kölgə donanmasına, eləcə də bu tədarükləri asanlaşdıran treyderlərə qarşı sanksiyaları nəzərdən keçirir. Rusiyanın Ukraynaya dair sülh planına razılaşmayacağı təqdirdə sanksiyaların tətbiq olunacağı gözlənilir. Həftəsonu Mayamida Rusiya və ABŞ nümayəndələri planın müzakirəsi üçün görüşəcəklər. Verilən məlumata əsasən o görüşün nəticəsi olaraq ABŞ-ın gələn həftənin ilk günlərində Rusiya neftinə qarşı sanksiya tətbiq etməsi mümkündür.

Venesuelanın blokadası isə Çinə çatdırılan gündə təxminən 600.000 barel neft ixracını təhdid edir. ABŞ-a edilən gündəlik təxminən 160.000 barel səviyyəsində ixracın isə davam etməsi gözlənilir. Chevron gəmiləri ABŞ hökumətinin əvvəlcədən təsdiqi ilə ABŞ-a üzməyə davam etdi.

Venesuela nefti qlobal tədarükün təxminən 1 faizini təşkil edir. Həcmlərin əksəriyyəti Çinə gedir, lakin Asiyada üzən anbarlarda zəif tələbat və neftin bolluğu bu risklərin bazara təsirini məhdudlaşdırır. Belə ki, hazırda Çin sahillərində milyonlarla barel Rusiya nefti tankerlərdə qalıb. Rusiya şirkətlərinə qarşı sanksiyalar, həmçinin Çində tələbatın zəif artımı tankerlərin bəzən 10 günə yaxın yüklü qalmasına səbəb olur.

 

Musavat.com

18.12.2025 23:53
626