Ukrayna savaşının dayandırılması üzrə sülh prosesi Donbas və Zaporojye AES ilə bağlı ziddiyyətlərdən qaynaqlanan əngəllərlə qarşı-qarşıya qalıb. Eyni zamanda, Kremlin ABŞ-Rusiya gizli anlaşmalarının icrasında israr etməsi və Ukrayna savaşının müəyyən mənada, Avropa qitəsinin "enerji taleyi"nə çevrilməsi də sülh prosesini qəlizləşdirir. Və bu baxımdan, son vaxtlar keçirilən ABŞ-Ukrayna-Rusiya üçtərəfli görüşlərinin də real nəticələrdən uzaq qala biləcəyi qətiyyən istisna deyil.
Onu da qeyd etmək lazımdır ki, Ukrayna prezidenti Volodimir Zelenskinin son açıqlamaları rəsmi Kiyevin danışıqlar masasına yalnız hansı şərtlərlə oturmağa hazır olduğunu göstərməklə, məhdudlaşmır. Əksinə, Ukrayna tərəfinin güzəştlərlə bağlı limitini və hansı səviyyəyə qədər müqavimət göstərə biləcəyini də nümayiş etdirir. Rəsmi Kiyevin Donbas və Zaporojye AES ilə bağlı “geri addım olmayacaq” mesajı artıq yalnız Ukraynanın ərazi bütövlüyü məsələsi deyil. Və prezident Volodimir Zelenskinin bu barədə bəyanatları Rusiyanin imperiya siyasətinə qarşı son geopolitik səddin haradan keçdiyini də göstərir.
Məsələ ondadır ki, prezident Volodimir Zelenskinin “ən az problemli variant – harada dayanmışıqsa, orada qalmaqdır” tezisi ilk baxışdan, kompromis kimi görünür. Ancaq bu, əslində, Kreml üçün daha təhlükəli olan bir həqiqəti üzə çıxarır. Və belə anlaşılır ki, Kreml Ukrayna müharibəsini danışıqlar masasında Rusiya üçün legitimləşdirməyə qətiyyən nail olmayıb.

Maraqlıdır ki, Ukrayna savaşına münasibətdə Kremlin “sülh” strategiyası "münaqişəni dondur, şərtləri zorla qəbul etdir, Rusiya ərazisini genişləndir" prinsipinə əsaslanır. Yəni, Rusiya Ukrayna müharibəsini klassik hərbi ənənələrə uyğun deyil, məhz "uzadılmış işğal modeli" üzərindən aparır. Bu modelin əsas mahiyyəti isə əvvəl hərbi təcavüzlə təzyiq göstərmək, sonra qarşı tərəfi siyasi-diplomatik yorğunluğa sürükləmək, ardınca isə beynəlxalq ictimaiyyətə “reallıqla barışın” çağırışı etməkdən ibarətdir. Və Ukraynanın Donbas bölgəsinə Rusiyanın iddiası Kremlin bu strategiyasında siyasi-ideoloji alət kimi istifadə olunur.
Ona görə də, qətiyyən şübhə doğurmur ki, əslində, Kreml üçün Donbas mövzusu rusdilli əhalinin müdafiəsi və ya “tarixi torpaq” iddiası ilə bağlı deyil. Yəni, Rusiya bu ərazini ələ keçirməklə, Ukraynanın suverenliyini təməlindən sarsıtmaq üçün dağıdıcı təsir mexanizmi kimi istifadə etmək niyyətindədir. Əgər, Donbas faktiki olaraq, Rusiyanın nəzarətində tanınarsa, bu, postsovet məkanında sərhədlərin zorla dəyişdirilməsinin legitimləşdirilməsi anlamı da daşıyır.
Digər tərəfdən, Rusiya üçün Zaporojye AES-ə nəzarət etmək gələcəkdə Avropa ölkələrinə qarşı yönəlmiş nüvə şantajı alətinə sahib olmaq deməkdir. Yəni, Zaporojye AES Kremlin əlində Avropa dövlətlərinə qarşı daha təhlükəli silahıdır. Və bu baxımdan, həmin stansiya artıq enerji istehsal edən obyekt deyil, Kremlin əlində geopolitik girov durumuna düşüb.
Məsələ ondadır ki, Rusiya Zaporojye AES üzərindən Ukraynanın enerji sistemini daimi təhdid altında saxlayır, Avropaya qarşı “nüvə təhlükəsizliyi” qorxusu yaradır və Qərbi hər eskalasiya anında geri çəkilməyə məcbur etməyə çalışır. Əgər, Zaporojye AES Rusiyanın nəzarətində qalarsa, bu, Avropanın enerji infrastrukturlarının gələcəkdə hərbi-siyasi təzyiq alətinə çevrilməsinə açıq presedent yaradacaq. Və bu səbəbdən də prezident Volodimir Zelenskinin mövqeyi yalnız milli yox, həm də ümumavropa təhlükəsizliyi baxımından, strateji əhəmiyyət daşıyır.

Bütün bunlarla yanaşı, pərdəarxası ABŞ-Rusiya anlaşmaları da Ukraynanın gələcək taleyi üçün böyük təhlükə vəd edir. Prezident Volodimir Zelenskinin Ukrayna-Rusiya görüşlərinin ABŞ-İran xəttindəki gərginlik səbəbilə dəyişə biləcəyini deməsi isə daha genişmiqyaslı geopolitik hesablaşma ehtimalından xəbər verir. Və bu, Ağ Evin əsas diqqət mərkəzinin indi artıq daha fəqrli qarşıdurma poliqonuna doğru yönəldiyini göstərir.
Məsələ ondadır ki, ABŞ üçün əsas strateji hədəf artıq Rusiyanın məğlubiyyəti yox, məhz Çinin qarşısının alınmasıdır. Bu kontekstdə Rusiya getdikcə “idarə olunan təhlükə” kateqoriyasına keçirilir. Məhz bu yanaşma Ukrayna üçün təhlükəli ssenari yaradır. Və bu ssenari üzrə Ukrayna müharibəsinin tam həlli yox, idarə olunan, dondurulmuş vəziyyətə salınması ön plana keçirilə bilər.
Təbii ki, belə bir ssenaridə Ukrayna faktiki olaraq, "geopolitik barter obyekti"nə çevrilmə ehtimalı yaranar. Prezident Volodimir Zelenskinin sərt ritorikası isə bu ehtimala qarşı açıq siyasi müqavimətdir. Eyni zamanda, bu, həm də Ukraynanın ABŞ və Rusiya arasındakı "gizli razılaşmalar"ın predmeti olmayacağı ilə bağlı Ağ Evə yönəlmiş mesajdır.
Digər tərəfdən, Ukrayna XİN rəhbəri Andrey Sibiqanın son açıqlamaları onu göstərir ki, rəsmi Kiyev Zelenski-Putin görüşünə formal olaraq, açıqdır. Ancaq Kreml üçün bu format yalnız işğal edilmiş ərazilərin Rusiyaya aid olduğu faktiki olaraq, tanınacağı təqdirdə, müəyyən anlam kəsb edə bilər. Çünki əks halda, prezident Vladimir Putin üçün müharibəni dayandırmaq strateji geri çəkilmə və daxili siyasi zəifləmə demək olacaq. Ona görə də, Kreml danışıqlar prosesini sülh alətindən daha çox, əlavə vaxt qazanmaq və Rusiyanın mövqelərini möhkəmləndirmək mexanizmi kimi istifadə edir.

Belə vəziyyətdə Avropa dövlətləri də dilemma qarşısında qalmış kimi görünür. Çünki indi "qoca qitə"də enerji təhlükəsizliyi ilə bağlı qorxunun bloklanması, yoxsa Avropa Birliyinin strateji mövqeyini qorumaq arasında seçim ehtiyacı yaranıb. Belə ki, Avropa Birliyi Ukraynanı dəstəklədiyini bəyan etsə də, real siyasətdə enerji təhlükəsizliyi ilə bağlı yaranan qorxusu Brüsselin manevr imkanlarını ciddi şəkildə məhdudlaşdırır.
Məsələ ondadır ki, əgər, Avropa Zaporojye AES məsələsində güzəştə gedərsə, bu, Rusiyanın enerji üzərindən siyasi hegemoniyasını gücləndirəcək. Eyni zamanda, gələcəkdə Rusiyanın oxşar şantajlarının qarşısını almaq mümkünsüz olacaq. Və proseslərin belə inkişaf ssenarisi Avropa dövlətlərini uzunmüddətli təhlükəsizlik asılılığına sürükləyəcək.
Göründüyü kimi, bu, artıq yalnız Ukrayna savaşı deyil. Bu baxımdan, prezident Volodimir Zelenskinin “qırmızı cizgiləri” də əslində, emosional çağırış yox, məhz ABŞ və Qərbə açıq geopolitik xəbərdarlıq mesajıdır. Əgər, bu "qırmızı cizgilər" pozularsa, Ukraynanın parçalanması ilə yanaşı, Rusiyanin imperiya modeli də yenidən legitimləşmiş olacaq. Yekun nəticədə Avropa Birliyi öz enerji təhlükəsizliyi mexanizmlərini itirəcək. Və beynəlxalq hüquq normaları da faktiki olaraq, məhz qlobal güc faktoruna təslim edilmiş olacaq.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
![]()