Tramp Avropanı qorxutdu

ABŞ prezidenti Donald Trampın siyasəti Avropada illərdir müzakirə olunan, lakin ciddi müqavimətlə qarşılanan bir prosesi sürətləndirib — texnoloji müstəqillik ideyası! Musavat.com xəbər verir ki, “Politico” saytında Vaşinqtonun Avropanın ABŞ texnologiyalarından asılılığını siyasi alətə çevirməsi, Brüsseldə oyunun qaydalarını dəyişdiyi qeyd olunub. Məqalədə qeyd olunur ki, Avropa Komissiyası yaxın günlərdə “texnoloji suverenlik paketi”ni təqdim etməyə hazırlaşır. Paket Avropanın xarici texnologiya şirkətlərindən, xüsusilə də ABŞ nəhənglərindən asılılığını azaltmağa yönəlib. Layihənin ilkin versiyalarına görə, Brüssel tam ayrılmaya getməsə də, Avropa texnologiyalarına üstünlük vermək və riskləri azaltmaq istəyir.

“Politico” yazır ki, bir neçə il əvvəl Fransa tərəfindən irəli sürülən və Avropanın ən həssas məlumatlarının ABŞ serverlərində saxlanılmamasını nəzərdə tutan təşəbbüslər Niderland və Danimarka kimi ölkələrin müqaviməti ilə qarşılaşırdı. Həmin vaxt bu yanaşma iqtisadi proteksionizm kimi təqdim edilirdi. Lakin vəziyyət dəyişib.

İlk ciddi siqnal sabiq prezident Co Bayden dövründə gəlib. ABŞ administrasiyası hakimiyyətdən getməzdən əvvəl bəzi Avropa ölkələrinə süni intellekt çiplərinin ixracına məhdudiyyətlər tətbiq edib. Bu isə Vaşinqtonun texnoloji üstünlüyü siyasi vasitəyə çevirmək potensialı barədə narahatlıqları artırıb. Trampın ikinci dönəmində isə bu qorxular daha da güclənib. Xüsusilə ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinin rəsmilərinə qarşı sanksiyaları Avropada ciddi rezonans doğurub. Nəticədə bəzi şəxslərin “Visa” və “Mastercard” kimi ödəniş sistemlərinə, həmçinin “Amazon”, “Airbnb” və “Booking.com” kimi platformalara çıxışında problemlər yaranması Avropaya ABŞ rəqəmsal infrastrukturundan asılılığın risklərini göstərib.

Digər mühüm məqam isə Trampın Qrenlandiya ilə bağlı sərt bəyanatları olub. ABŞ prezidentinin Danimarkaya bağlı muxtar ərazi olan Qrenlandiya ilə bağlı çıxışları əvvəllər ABŞ texnologiya bazarının açıq qalmasını müdafiə edən Kopenhagenin mövqeyini dəyişməyə başlayıb. Danimarkalı rəsmilərdən biri anonim şəkildə nəşrə bildirib ki, “dünya dəyişib” və Qrenlandiya böhranı bu prosesi sürətləndirib. Məqalədə vurğulanır ki, Avropa daxilində artıq məsələ iqtisadi rəqabətdən çox təhlükəsizlik və geosiyasi asılılıq prizmasından qiymətləndirilir. Bununla belə, Brüssel ABŞ şirkətlərindən tam qopmağa da hazır deyil. Yeni paket əsasən özəl investisiyaları səfərbər etmək, açıq mənbəli texnologiyaları inkişaf etdirmək və Avropada mikroçip istehsalını təşviq etməyə yönələcək. “Politico”nun qənaətinə görə, Donald Tramp Avropanın texnoloji müstəqillik gündəminə güclü təkan verib. Lakin eyni zamanda Brüsseli ABŞ-la münasibətlərdə son dərəcə ehtiyatlı davranmağa da məcbur edib.

Musavat.com

02.06.2026 14:46
527