Tramp ABŞ-ın müttəfiqlərinə amansız savaş açıb: Ağ Evin Avropaya zərbələri NATO-nu da dağıdır

Ağ Ev Avropa Birliyinə qarşı “təzyiq paketi”nə gömrük tarifləri, Qrenlandiya böhranı, Ukrayna savaşı və NATO-da deqradasiya prosesi kimi sarsıdıcı “zərbə alətləri”ni daxil edib... İndi “qoca qitə” ölkələri ABŞ-la müttəfiqliyi davam etdirmək, yoxsa Ağ Evlə münasibətlərdə mümkün qədər strateji məsafə saxlamaq məsələsində prinsipial seçim etməli olacaqlar...

ABŞ-ın son davranışları kollektiv Qərbin parçalanıb, dağılma prosesini daha da intensivləşdirib. Belə ki, Ağ Ev sahibi Donald Trampın Avropa dövlətlərinə qarşı “tarif ultimatumu” Qərb siyasi dairələrində kəskin reaksiya doğurub. Avropalı siyasi liderlər hesab edirlər ki, ABŞ prezidentinin süni şəkildə yaratdığı “Qrenlandiya böhranı” artıq transatlantik münasibətləri də sınağa çəkməyə başlayıb. Və bu, NATO-nun gələcək taleyi üçün olduqca ciddi təhlükə qaynağıdır.

Məsələ ondadır ki, ABŞ prezidenti Donald Trampın “Qrenlandiya böhranı” üzərindən Avropanın səkkiz ölkəsinə gömrük rüsumları tətbiq edəcəyi ilə bağlı açıqlaması transatlantik münasibətlərdə yeni və daha təhlükəli gərginlik mərhələsinə yol açıb. Çünki Avropa paytaxtlarından gələn sərt reaksiyalar onu göstərir ki, Ağ Ev sahibinin bu təhdidkar addımı artıq yalnız iqtisadi-ticari məzmunlu mübahisə sayıla bilməz. Və bu, hazırda Avropa dövlətlərinin suverenliyinə, eləcə də, kollektiv Qərbin təhlükəsizlik arxitekturasına açıq “təzyiq aləti” kimi qəbul olunur.

29ff900ea7437c82de91a7d8b6b97e5a.jpg (433 KB) 

Maraqlıdır ki, “Heç bir hədələmə Avropanı geri çəkilməyə məcbur edə bilməz” deyən Fransa prezidenti Emmanuel Makronun açıqlaması bu məsələ ilə bağlı Avropa Birliyinin mövqeyini ən sərt formada ifadə edən reaksiya hesab edilir. Onun sözlərinə görə, nə Ukrayna savaşı, nə Qrenlandiya böhranı, nə də digər geopolitik qarşıdurma istiqamətləri üzrə edilən təhdidlər Avropa Birliyini öz qərarlarından döndərə bilməz.

Prezident Emmanuel Makronun sərt reaksiyasında diqqəti çəkən əsas məqam odur ki, Ağ Ev sahibi Donald Trampın gömrük rüsumu ilə bağlı hədələri artıq sırf iqtisadi təzyiq mexanizmi deyil, məhz geopolitik şantaj vasitəsi kimi təqdim olunur. Rəsmi Parisin indiki mövqeyinə görə, əgər, Tramp administrasiyası tarif siyasətini rəsmi qərara çevirərsə, Avropa ölkələrinin buna vahid və koordinasiyalı şəkildə cavab verməsi vacibdir. Bu yanaşma Avropa Birliyinin uzun müddətdir ki, ABŞ-dan asılı olan təhlükəsizlik sistemindən və iqtisadi-ticari münasibətlərdən tədricən uzaqlaşmaq istədiyini göstərən siyasi mesajdır.

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin açıqlamaları isə böhranın daha geniş, həm də geostrateji nəticələrinə fokuslanır. O, açıq şəkildə xəbərdarlıq edir ki, Ağ Ev sahibi Donald Trampın planlaşdırdığı gömrük rüsumları ilə bağlı situasiya transatlantik münasibətləri zəiflədəcəyi şübhə doğurmur. Və bu, həm də NATO daxilində etimadı sarsıda, üstəlik, idarə olunmayan “gərginlik zənciri”nin yaranmasına da yol aça bilər.

65414923-eccf-4144-be88-6efd3d16af32.jpg (266 KB) 

Göründüyü kimi, Ursula fon der Leyenin Qrenlandiya və Arktika ilə bağlı böhranı ciddi şəkildə vurğulaması qətiyyən təsadüfi deyil. Belə ki, Arktika artıq enerji resursları, dəniz marşrutları və hərbi mövcudluq baxımından, ABŞ-Rusiya-Çin üçbucağındakı amansız rəqabətin mərkəzi zonalarından birinə çevrilib. Bu kontekstdə Avropa Birliyinin Danimarka və Qrenlandiya ilə həmrəyliyini açıq şəkildə ifadə etməsi, Ağ Evin həmin ada ətrafındakı bölgəni birtərəfli qaydada ABŞ-ın təsir zonasına çevirmək cəhdlərinə qarşı kollektiv müqavimət mesajıdır.

Digər tərəfdən, ABŞ prezidenti Donald Trampın açıqlamasından dərhal sonra Brüsseldə Avropa Birliyi səfirlərinin fövqəladə iclasının çağırılması “Qrenlandiya böhranı”nın dərinləşməkdə davam etdiyini birmənalı şəkildə ortaya qoyur. Çünki belə toplantılar adətən, texniki xarakter daşısa da, əslində, mövcud vəziyyətdə siyasi və iqtisadi əksreaksiya addımlarının konturları da müzakirə olunur. Avropa liderləri tərəfindən Ağ Ev sahibinin “tarif ultimatumu”nun şantaj kimi dəyərləndirilməsi onu göstərir ki, Avropa Birliyi bu dəfə ABŞ-la münasibətlərdə kompromis axtarışından daha çox qarşılıqlı güc balansı üzərində mövqe qurmağa çalışır.

Onu da qeyd etmək lazımdır ki, Almaniya hərbi kontingentinin Qrenlandiyanı səbəblər açıqlanmadan, vaxtından əvvəl tərk etməsi isə vəziyyətə əlavə qeyri-müəyyənlik qatır. Hələlik rəsmi izahat verilməsə də, bu addım “Qrenlandiya böhranı” ətrafında artan gərginliyin NATO daxilində belə, koordinasiya problemləri yaratdığını göstərir. Bu gediş, eyni zamanda, rəsmi Berlinin ABŞ-Avropa Birliyi qarşıdurmasında ehtiyatlı mövqe tutmağa çalışdığını və mümkün eskalasiyanın hərbi müstəviyə keçməsindən çəkindiyini biruzə verir.

63a21acef01b9457e00124e1dbdfdb9e.jpg (281 KB) 

Təbii ki, bütün bunlar Avropa dövlətlərinin üzləşdiyi yeni reallığın təzahürüdür. Ona görə də, “qoca qitə” ölkələri indi ABŞ-la müttəfiqliyi davam etdirmək, yoxsa Ağ Evlə münasibətlərdə mümkün qədər strateji məsafə saxlanılması məsələsində prinsipial seçim etməli olacaqlar. Çünki hazırda baş verənlər bir daha sübut edir ki, Tramp administrasiyasının xarici siyasəti Avropanı strateji avtonomiya məsələsini real gündəm maddəsinə çevirməyə məcbur edir. Çünki Ağ Evin neqativ mövqedən çıxış etdiyi gömrük tarifləri, Qrenlandiya böhranı, Ukrayna savaşı və NATO-da deqradasiya prosesi artıq bir-birindən ayrı məsələlər deyil. Və bütün bunlar ABŞ-ın Avropa dövlətlərinə qarşı formalaşdırdığı “təzyiq paketi”nin tərkibinə daxil edilmiş müxtəlif “zərbə alətləri”dir.

Ancaq Fransa prezidenti Emmanuel Makronun, Avropa Komissiyasının lideri Ursula fon der Leyenin və digər “qoca qitə” liderlərinin sərt ritorikası isə onu göstərir ki, Avropa Birliyi bu dəfə ABŞ-ın ümid bəslədiyi qədər asanlıqla geri çəkilmək niyyətində deyil. Ancaq indi cavabsız qalan əsas sual odur ki, Avropa dövlətləri bu mövqeni real iqtisadi və siyasi gücə çevirə biləcəklər, yoxsa ABŞ-la qarşıdurmanın yaratdığı siyasi böhran yeni güzəştlərlə nəticələnəcək? Belə sualların yaranması isə o deməkdir ki, “Qrenlandiya böhranı” hazırda ABŞ-Avropa Birliyi münasibətlərində dərin məyusluq mərhələsini qaçılmaz edən önəmli faktordur. Və belə anlaşılır ki, Ağ Ev öz hədəfinə çatmaq üçün hətta Avropa dövlətlərini iqtisadi böhran vasitəsilə çökdürmək ssenarisini ABŞ-ın əsas “hücum planı” kimi masanın üzərində saxlayır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

19.01.2026 18:00
1320