Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması bahalaşacaq? – Yeni QAYDALAR

Azərbaycanda tikinti obyektlərinin yüksək gərginlikli elektrik şəbəkəsinə qoşulması ilə bağlı yeni qaydaların hazırlanması gündəmə gəlib. Bu istiqamətdə müvafiq qurumlara konkret tapşırıqlar verilib və artıq proses başlayıb.

Belə ki, 17 mart 2026-cı il tarixində Baş nazirin müavini Samir Şərifov tərəfindən təsdiqlənmiş Dünya Bankının “Business Ready” hesabatı çərçivəsində hazırlanan Yol Xəritəsinə əsasən, bu sahədə təkmilləşdirmələrin aparılması nəzərdə tutulur. Xüsusilə “Kommunal xidmətlər (elektrik)” indikatoru üzrə qanunvericilik və tənzimləyici çərçivənin yenilənməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib.

Sənədə əsasən, tikinti obyektlərinin yüksək gərginlikli elektrik şəbəkəsinə qoşulma haqqının müəyyən edilməsi ilə bağlı təkliflərin hazırlanması “Azərişıq” ASC, Energetika Nazirliyi tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi və “Azərenerji” ASC-yə həvalə olunub. Qurumlar bu təklifləri cari ilin 1 noyabr tarixinədək hazırlayıb təqdim etməlidir.

Bu mühüm yeniliklə bağlı Energetika Nazirliyi tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi Musavat.com-un ünvanlandığı sualları cavablandırıb.

Enerji Məsələlərini Tənzimləmə Agentliyi ötən il 9 milyon manatdan çox zərər edib

- Tikinti obyektlərinin yüksək gərginlikli şəbəkəyə qoşulması haqqının müəyyən edilməsi niyə indi aktuallaşıb?

- Bu məsələnin hazırda aktuallaşması yeni hüquqi tənzimləmələrin qüvvəyə minməsi ilə bağlıdır. Belə ki, “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunu 2024-cü il 1 yanvar tarixindən qüvvəyə minib və bu Qanunla enerji sektorunda bir sıra mühüm institusional dəyişikliklərin həyata keçirilməsi nəzərdə tutulub. Qanunun 9.2-ci və 9.2.4-cü maddələrinə əsasən ötürücü və paylayıcı şəbəkələrə qoşulma xidmətlərinin qiymətləri tənzimlənən qiymətlər və tariflər kateqoriyasına aid edilib. Eyni zamanda, Qanunun 42.5.6-cı maddəsinə uyğun olaraq həmin qiymətlərin müəyyən edilməsi səlahiyyəti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasına həvalə olunub.

- Yeni qoşulma haqları nə qədər olacaq və hansı kriteriyalara əsaslanacaq?

- “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli Qanununun (bundan sonra – Qanun) 20.2-ci maddəsinə əsasən, elektrik enerjisi bazarı subyektlərinin tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə onların elektrik şəbəkəsinə qoşulması elektrik şəbəkəsinə dair qaydalar ilə tənzimlənir. Qanunun 9.2-ci və 9.2.4-cü maddələrinə əsasən, ötürücü və paylayıcı şəbəkələrə qoşulma xidmətlərinin qiymətləri elektroenergetika sektorunda tənzimlənən qiymət və tariflərə aid edilib. Hal-hazırda tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin hesablanması qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 21 noyabr tarixli 422 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin hesablanmasına dair metodologiya” ilə müəyyən edilir. Təkliflərin icraçı qurumlar tərəfindən cari ilin 1 noyabr tarixinədək hazırlanaraq təqdim olunması nəzərdə tutulur.

- Alternativ enerji mənbələri (məsələn, günəş enerjisi) bu prosesə təsir edəcəkmi?

- Qeyd edək ki, qanunun 5.2.7-ci maddəsinə əsasən, bərpa olunan enerji mənbələrindən istifadənin stimullaşdırılması elektroenergetika sektorunda dövlət tənzimləməsinin əsas məqsədlərindən və vəzifələrindən biri kimi müəyyən edilib. Bu strateji xəttin davamı olaraq, Qanunun 11.6-cı maddəsində qeyd olunur ki, bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalçıları elektrik enerjisinin ötürülməsi və paylanması üçün üstünlüyə malikdirlər.

- Bəs infrastruktur baxımından hazırkı şəbəkə bu dəyişikliklərə nə dərəcədə hazırdır?

- Azərbaycanın yüksək gərginlikli enerji infrastrukturu son illərdə aparılan sistemli yenidənqurma işləri sayəsində əhəmiyyətli dərəcədə gücləndirilib və rəqəmsallaşdırılıb. Bir çox strateji yarımstansiyalar müasir standartlara uyğunlaşdırılıb və idarəetmədə SCADA sistemlərinin tətbiqi genişləndirilib ki, bu da yeni böyük yüklərin şəbəkəyə inteqrasiyasını asanlaşdırır.

- Bu qərar tikinti şirkətlərinin fəaliyyətinə necə təsir göstərəcək?

- Qeyd olunan qərar tikinti sektorunda şəffaflığın artırılmasına, prosedurların vahid mexanizm əsasında tənzimlənməsinə və sahibkarlar üçün daha əlverişli mühitin formalaşdırılmasına xidmət edəcək. Belə ki, qoşulma haqqının müəyyən edilməsi ilə bağlı standart yanaşmanın tətbiqi tikinti şirkətlərinə layihələrin maliyyə planlaşdırılmasını daha dəqiq aparmağa, eyni zamanda inzibati prosedurların sadələşdirilməsinə və müddətlərin optimallaşdırılmasına imkan verəcək. Bununla yanaşı, qeyd edilən dəyişikliklər enerji infrastrukturuna çıxış imkanlarının genişləndirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi baxımından da əhəmiyyətlidir.

Afaq Mirayiq,
Musavat.com

21.04.2026 15:24
918