Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Xarici İşlər Nazirliyinin Qax rayonunda yerləşən Kürmük məbədi ilə bağlı Gürcüstan Patriarxlığının bəyanatına verdiyi cavab reaksiyasını şərh edib.
Musavat.com xəbər verir ki, Gürcüstan hökumətinin rəhbəri iki ölkə arasında hər hansı gərginliyin olmadığını və bütün məsələlərin dialoq yolu ilə həll edildiyini bildirib. Kobaxidze jurnalistlərə açıqlamasında Bakı və Tiflis arasındakı dostluq münasibətlərini xüsusi vurğulayaraq deyib: "Bizi Azərbaycanla sıx dostluq əlaqələri bağlayır. Məhz bu dostluq sayəsində biz istənilən məsələni çox rahatlıqla müzakirə edə bilirik. Gürcüstan və Azərbaycan hökumətləri arasında mövcud olan bütün mövzular hər zaman dostluq mühitində nəzərdən keçirilir".
Xatırladaq ki, bundan əvvəl Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı verdiyi açıqlamaya cavab olaraq Azərbaycan XİN bəyanat yayaraq, ölkəmizin ərazisindəki bütün tarixi və dini abidələrin Azərbaycan dövlətinin milli irsi olduğunu və strateji tərəfdaşlıq ruhuna zidd yanaşmaların qəbuledilməzliyini xatırlatmışdı. Kobaxidzenin bəyanatı isə Tiflisin Bakı ilə strateji münasibətlərə xələl gətirilməməsində maraqlı olduğunu göstərir.
Musavat.com