“Cənubi Qafqazda onilliklər boyu formalaşmış köhnə status-kvonun dəyişməsi, xüsusilə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi və regionun aparıcı gücünə çevrilməsi regional oyunçuları, o cümlədən İranı geosiyasi strategiyasını yenidən formalaşdırmağa məcbur edib”.
Bu fikirləri Musavat.com-da Azərbaycan Parlamentinin üzvü Bəhruz Məhərrəmov səsləndirib. O bildirib ki, Tehranın xarici siyasətindəki ritorika ilə real addımlar arasındakı ziddiyyətləri, ümumiyyətlə, İranın Cənubi Qafqaz siyasətini, Ermənistana verdiyi dəstəyin səbəblərini və Azərbaycana qarşı nümayiş etdirdiyi geosiyasi qısqanclığın köklərini bir neçə əsas amillə izah etmək olar:
“İlk növbədə Tehranın ən böyük narahatlıqlarından biri məhz Bakının qətiyyəti sayəsində artıq reallaşmaqda olan Zəngəzur dəhlizinin açılması perspektividir. Baxmayaraq ki, Tehranın Zəngəzur dəhlizi və nəqliyyat blokadası fobiyasının heç bir real əsası yoxdur. Lakin görünən odur ki, bu məsələdə İranın mühafizəkar dairələrinin reaksiyası sadəcə iqtisadi deyil, həm də ciddi strateji xarakter daşıyır və ilk növbədə Ermənistanla birbaşa sərhədin itirilməsi qorxusunda ehtiva olunur. Təbii ki, bu məqamda Azərbaycan torpaqları 30 il işğal altında qalarkən sükut nümayiş etdirən və ya prosesə neytral yanaşan Tehranın bu gün sərhədlərin toxunulmazlığı məsələsində “prinsipial” kəsilməsi, təbii ki, ciddi suallar meydana çıxarır. Məlumdur ki, İran Ermənistanı və daha konkret desək, Zəngəzur bölgəsini özünün Avropaya və Qara dənizə açılan mühüm quru qapısı hesab edir. Lakin maraqlıdır ki, bu sərhədin hər hansı bir formada Azərbaycan və ya Türkiyənin nəzarəti altına keçməsi ilə bloklanması ehtimalından narahat olan və bu ehtimalı "qırmızı xətt" kimi qəbul edən Tehran ABŞ və Avropa İttifaqının analoji rolu üstlənməsi, yaxud Ermənistanda möhkəmlənməsi məsələsində susmağa üstünlük verir. Aydındır ki, Zəngəzur dəhlizi işə düşərkən Türkiyə ilə Azərbaycan və bütövlükdə Türk dünyası arasında birbaşa quru əlaqəsi yaranır. Tehranda isə hesab edilir ki, bu, regionda Şimal-Cənub və Şərq-Qərb nəqliyyat qovşaqlarında İranın tranzit əhəmiyyətini xeyli azalda bilər. Baxmayaraq ki, hər iki logistik istiqamət tam fərqli mahiyyət kəsb edir və qlobal arxitekturanın dəyişdiyi şəraitdə bu dəhlizlərin rəqabət yaradan alternativ hesab edilməsi ən yaxşı halda kobud səhvdir”.
Milli Məclisin deputatı onu da diqqətə çatdırdı ki, Tehranın müəyyən mənada qeyri-praqmatik davranışlarının təməlində dayanan digər amil regional güc balansının dəyişməsi və Türkiyə faktoru hesab edilə bilər: “Məlumdur ki, Azərbaycanın öz güc və imkanları hesabına yeni reallıq yaradan mütləq hərbi-siyasi zəfəri ilə başa çatan 44 günlük müharibədən sonra Türkiyənin Cənubi Qafqazda hərbi və siyasi mövcudluğunun Şuşa Bəyannaməsinin fonunda qanuni şəkildə möhkəmlənməsi əzəli rəqibi İranı ciddi şəkildə narahat etdi. Tehran Ankaranın bölgədə artan rolunu özünün tarixi təsir dairəsinə və milli təhlükəsizliyinə birbaşa təhdid kimi görür. Bu mənada, Ermənistanın silahlandırılmasına və ya onun hərbi potensialının qorunmasına dəstək verməklə, İran regionda Türkiyə-Azərbaycan ittifaqına qarşı müəyyən bir “balans” yaratmağa çalışır.
Tehranın fobiyalarının söykəndiyi digər vacib amil isə İran əhalisinin əhəmiyyətli bir hissəsini etnik azərbaycanlılar təşkil etməsi ilə bağlıdır. Baxmayaraq ki, Bakı ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları, o cümlədən cənub qoşusu ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi özünün konstitusion niyyəti elan edib, habelə Tehranla münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurmağa üstünlük verir. Lakin şimalda güclü, müstəqil, iqtisadi cəhətdən inkişaf etmiş və hərbi qələbə qazanmış bir Azərbaycan Respublikasının mövcudluğu Tehran rejimində daxili sabitlik baxımından müəyyən fobiyalar yaradır. Müstəqil Azərbaycanın uğurlarının İran daxilindəki soydaşlarımız arasında milli şüurun və özünüdərkin daha da güclənməsinə təkan verəcəyi qorxusu rejim daxilində Azərbaycana qarşı bəzən aqressiv bir yanaşmanın formalaşmasına səbəb olur.
Bakını İsrail və Qərb ilə münasibətlər kontekstində, daha dəqiq desək, İranın rəsmi ritorikasında tez-tez Azərbaycanı "sionist qüvvələri regiona gətirməkdə" ittiham etməsi, Azərbaycan və İsrail arasında uzun illərdir mövcud olan strateji, hərbi və texnoloji əməkdaşlığın Tehran tərəfindən öz sərhədlərində birbaşa təhdid kimi qələmə verrməsi də məhz bu məqamın, o cümlədən İranın öz geosiyasi maraqlarını və Ermənistana tərəf yönələn balans siyasətini pərdələmək üçün istifadə etdiyi bir bəhanə rolunu oynayır.
Ümumiyyətlə, heç bir dövlət birbaşa sərhədlərində münaqişəli vəziyyət arzulamır, o cümlədən Tehranın da Cənubi Qafqazda sabitlik istəmədiyini iddia etmək doğru olmaz. Lakin məsələ burasındadır ki, İran regionda sülhün və sabitliyin olmasını öz şərtləri daxilində özünün regionda aparıcı söz sahibi olacağı və ideologiyasını rahat formada yaya biləcəyi bir mühitdə istəyir. Azərbaycanın isə qonşularına və bütövlükdə beynəlxalq hüquqa hörmətin ehtiva olunduğu müstəqil gedişləri, regional layihələrin mərkəzinə çevrilməsi və xarici siyasətdə diktə qəbul etməməsi Tehranın öyrəşdiyi köhnə imperiya reflekslərinə ziddir. Buna görə də rəsmi Tehran şimal sərhədlərində Ermənistanın qütblərarası toqquşma meydanına çevrilmə ehtimalının yaratdığı real təhlükədən deyil, Azərbaycanın regional statusunun artmasından və bunun gələcəkdə yarada biləcəyi geosiyasi nəticələrdən çəkinir”.
Cavanşir Abbaslı
Musavat.com