Rumıniyanın Qalats şəhərində pilotsuz uçuş aparatı (PUA) çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsindəki mənzilə çırpılıb.
Musavat.com xəbər verir ki, hadisə nəticəsində güclü partlayış baş verib və binada yanğın qeydə alınıb.
Rumıniyanın Qalats şəhər Fövqəladə Hallar Müfəttişliyinin "Viata Libera" nəşrinə verdiyi məlumata görə, hadisə zamanı 2 nəfər xəsarət alıb.
Daha sonra Rumıniya Müdafiə Nazirliyi Qalatsdakı yaşayış binasına düşən dronun Rusiyaya məxsus olduğunu təsdiqləyib.
Nazirlikdən bildirilib ki, mayın 29-na keçən gecə Rusiya Ukraynanın sərhədyanı bölgələrindəki mülki və infrastruktur obyektlərinə dronlarla hücum edib.
Hücum zamanı Rusiyanın PUA-larından biri Rumıniyanın hava məkanını pozaraq Qalatsda yaşayış binasının damına düşüb.
Məlumata görə, dronun qarşısını almaq üçün saat 01:19-da Feteşti aviabazasından 2 qırıcı təyyarə havaya qaldırılıb.
Rumıniyalı pilotlara hədəfi vurmaq icazəsi verilib və PUA aşkar edildikdən sonra Tulça, Qalats və Breila bölgələrinin sakinlərinə "Ro-Alert" sistemi vasitəsilə xəbərdarlıq edilib.
"Ro-Alert" sistemi dronun düşməsini saat 01:53-də qeydə alıb. Rumıniya Milli Müdafiə Nazirliyi vəziyyətin nəzarətdə olduğunu və rəsmi məlumatların daxil olduqca yenilənəcəyini vurğulayıb.
Qalats Regional Təcili Yardım Xidmətinin direktoru Daniela Ençunun sözlərinə görə, hadisə nəticəsində bir qadın birinci dərəcəli yanıq xəsarətləri alıb, 14 yaşlı bir yeniyetmə isə kəskin stress reaksiyası keçirib. Hər iki şəxsə tibbi yardım göstərilir. Ümumilikdə binadan təxminən 70 nəfər təxliyə edilib və ya özləri binanı tərk ediblər.
Hazırda hadisə yerində xilasedicilər, polis, tibb işçiləri və xüsusi təyinatlı dəstələr çalışır. Rumıniya Kəşfiyyat Xidmətinin pirotexnikləri müəyyən ediblər ki, dronun daxilindəki bütün partlayıcı maddələr detonasiya edib, buna görə də növbəti partlayış təhlükəsi yoxdur. Cinayət Araşdırmaları Direktorluğu və Milli Kriminalistika İnstitutunun əməkdaşlarından ibarət xüsusi qrup hadisə ilə bağlı təhqiqat aparır.
Qeyd edək ki, dronun düşməsindən əvvəl Ukrayna Hərbi Hava Qüvvələri Rusiya PUA-larının Odessa vilayətinin Reni şəhəri istiqamətində hücuma keçdiyini bəyan edib. Monitorinq kanalları həmin vaxt şəhər istiqamətində uçan təxminən 16 "Şahed" tipli dron qeydə alıb. Reni şəhərindən Rumıniyanın Qalats şəhərinə qədər olan məsafə isə cəmi 21 kilometrdir.
@@TVmusavat/147645@@
Musavat.com