TƏCİLİ: ABŞ İranı vurdu: SEPAH Küveytə zərbələr endirir  

ABŞ İranın radar və pilotsuz təyyarələrinin idarəetmə mərkəzlərinə zərbələr endirib.

Musavat.com xəbər verir ki, məlumatı ABŞ Mərkəzi Komandanlığı(CENTCOM) X hesabında açıqlayıb: “Bu həftə sonu ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Goruk şəhərində və Qeşm adasında radar və pilotsuz təyyarələrinin idarəetmə obyektlərinə qarşı özünümüdafiə zərbələri endirib.

Şənbə və bazar günləri İranın beynəlxalq sular üzərində işləyən ABŞ MQ-1 pilotsuz təyyarəsinin vurulması da daxil olmaqla, aqressiv hərəkətlərinə cavab olaraq dəqiq və hədəfə yönəlmiş zərbələr endirilib. ABŞ qırıcı təyyarələri tez bir zamanda cavab verərək İranın hava hücumundan müdafiə sistemlərini, yerüstü idarəetmə mərkəzini və regional sulardan keçən gəmilər üçün açıq təhlükə yaradan iki kamikaze pilotsuz təyyarəsini məhv edib".

İran ABŞ-ın bu zərbələrinə onun Küveytdəki hərbi bazasını hədəf almaqla cavab verib. Küveyt Müdafiə Nazirliyinin verdiyi məlumata görə, hazırda Küveytin hava hücumundan müdafiə sistemi ölkə üzərində pilotsuz təyyarə və raket hücumlarını dəf edir: "Hazırda Küveytin hava hücumundan müdafiə sistemi düşmənin raket və pilotsuz təyyarə hücumlarına qarşı mübarizə aparır. Ordunun Baş Qərargahı partlayışların düşmənin hücumlarının nəticəsi olduğunu qeyd edir".

Küveyt Ordusu vətəndaşları təlimatlara əməl etməyə çağırır.

Musavat.com

01.06.2026 08:00
1891