"Son aylardakı müzakirələrin nəticəsiz qalması və dünən Donald Trampın çıxışında danışıqlara razı olmadığını açıq şəkildə bəyan etməsindən sonra, eləcə də Amerika–İraq müharibəsindən bəri ABŞ-ın bölgəyə indiyədək topladığı ən böyük silah-sursat ehtiyatı məsələsi Vaşinqtonun İrana hücum ehtimalını daha da artırmışdı".

Bu sözləri hazırda İrandakı son durumu Musavat.com-a danışan təbrizli yazar Ümid Nəccari deyib.
Müsahibimiz bu əməliyyatların qısamüddətli olacağına inanmır: "Onsuzda analitiklər və siyasi politoloqlar bu məsələyə aydınlıq gətirirdilər ki, ehtimal getdikcə yüksəlir və əgər son müzakirələrdə hər hansı nəticə əldə olunmasa, Amerikanın hücum ehtimalı daha da artacaq.
İndi ABŞ prezidentinin çıxışı və İran ərazisində kiçik, qısa müddətli əməliyyatlara başlanması onu göstərir ki, İran bu vəziyyətə cavabsız qalmayacaq. Beləliklə, “qısa əməliyyat” kimi təqdim olunan prosesin genişmiqyaslı qarşıdurmaya çevrilməsi ehtimalı mövcuddur. Atəşə görə Tehranın Fələstin küçəsinə yaxın, Əli Xameneinin iqamətgahına yaxın ərazi hədəfə alınıb. Hadisələr bu istiqamətdə davam edərsə, digər strateji obyektlərin də əməliyyat hədəfinə çevrilməsi mümkündür. Bu isə bir daha göstərir ki, qısa əməliyyat kimi təqdim edilən prosesin genişmiqyas alması real ehtimaldır. Xamenei hazırda Tehranda və ya ümumiyyətlə İranda deyil. İndi gözlənilir ki, İranın rəsmi media qurumları Xameneinin vəziyyəti ilə bağlı açıqlama versin.
Qeyd edim ki, bəzi çıxışlarda “qısa əməliyyat” ifadəsi işlədilir, lakin söhbət iki-üç lokal zərbə miqyaslı əməliyyatdan getmir. Eyni zamanda, hadisələr fonunda İranın rəsmi xəbər agentliklərinin fəaliyyətində də müəyyən fasilələr müşahidə olunub".
Cavanşir ABBASLI
Musavat.com