Hamed Xorasani: Ərzaq məhsullarında heç bir qıtlıq yoxdur və növbələr yaranmır, eləcə də su, elektrik və benzin təminatında heç bir problem yoxdur”
İranla İsrail və ABŞ-nin arasında başlanan müharibə 23 gündür davam edir. Azərbaycan dövlətinin qonşuluğunda davam edən savaşı həssaslıqla izləyir, üstəlik, müharibə on milyonlarla soydaşımızın yaşadığı ölkədə getdiyi üçün narahatlıq daha da artır.
Azərbaycanlıların yaşadığı bölgələrdə vəziyyətin necə olduğunu öyrənmək üçün Təbrizdə yaşayan jurnalist Hamed Xorasani ilə danışmışıq.
![]()
Maraqlı məqamların yer aldığı müsahibəni Musavat.com oxucularının diqqətinə çatdırırıq:
- 3 həftədir müharibə gedir. Təbriz və digər şəhərlərdə durum necədir? Sizin olduğunuz Təbrizdə və digər Azərbaycan şəhərlərində vəziyyət necədir?
- Təbriz də İranın digər böyük şəhərləri kimi, döyüş təyyarələrinin bombardmanı altındadır. Hər gün həm hərbi, bəzən həm də qeyri - hərbi ərazilər bombalanır.
- Mülki əhali arasında itkilər varmı?
- Təbrizin indiyə qədər təxminən 120 şəhidi var- onların ən azı 10-u uşaq və yeniyetmə, bir neçəsi isə qadındır. Buna baxmayaraq, hər axşam Təbrizin “Saat meydanı”nda və azərbaycanlıların yaşadığı bir çox şəhərdə bu hücumları pisləyən böyük toplantılar keçirilir. Şəhərdə mağazalar açıqdır və ərzaqla, eləcə də gündəlik ehtiyac vasitələri ilə bağlı heç bir çətinlik yoxdur.
![]()
- Su və elektrik enerjisi necə?
- Su, elektrik, benzin və digər enerji daşıyıcılarının təminatında heç bir problem yoxdur. Hətta məhz bu məsələ bir çox insanın hökumətin arxasında daha möhkəm dayanmasına səbəb olub. Bildiyiniz kimi, İranda enerji və benzin çox ucuzdur. Bu sahədə heç bir qıtlıq yoxdur. İsrailin İranın əsas qaz yataqlarından birinə hücumu qaz istehsalının dayanmasına səbəb olub. Amma İraqa qaz ixracının dayandırılması və bəzi iri sənaye müəssisələrinə verilən qazın kəsilməsi hesabına şəhər qazının vəziyyəti sabit saxlanılır.
- İran ərazisində ilin əvvəlindən internet probleminin olduğu deyilir. İndi durum necədir? Siz bir jurnalist kimi internetə çıxışı necə əldə edirsiniz?
- Beynəlxalq internet geniş ictimaiyyət üçün bağlıdır, amma İran saytlarına və daxili mesajlaşma tətbiqlərinə giriş var. Bununla belə, bəzi VPN-lərlə qoşulmaq mümkündür. Mən də hazırda VPN vasitəsilə qoşulmuşam.
![]()
- Bəs, ABŞ və İsrailin enerji obyektlərinə zərbələr endirməsi qıtlığa və bahalaşmaya səbəb olubmu?
- İran xalqı son illərdə ABŞ-ın İrana qarşı sanksiyalarının təsiri altında iqtisadi çətinliklərlə üzləşib. Təbriz, Ərdəbil və İranın şimal-qərbindəki digər şəhərlərin sakinləri də istisna deyil. Amma Təbrizdə, İranın bəzi başqa şəhərləri ilə müqayisədə, iri sənaye müəssisələrinin mövcudluğu və işsizliyin nisbətən az olması səbəbilə insanların alıcılıq qabiliyyətinin aşağı düşməsi hələ o qədər də dərin hiss olunmur. Ərzaq məhsullarında heç bir qıtlıq yoxdur və növbələr yaranmır. Çörək kifayət qədərdir, çörəkbişirmə məntəqələri adi qaydada fəaliyyət göstərir. Mağazalarda da heç bir növbə müşahidə olunmur.
- Bizim üçün maraqlıdır, məsələn, benzin Azərbaycan pulu ilə neçəyədir?
- Hər şəxs ayda 60 litr benzin dövlət kvotası ilə alır və onun qiyməti 3 qəpikdir. Bu kvotadan əlavə isə istənilən qədər benzini məhdudiyyətsiz şəkildə 5 qəpik qiymətlə almaq mümkündür.
- Hamed bəy, jurnalist olduğunuzdan, Qarabağla bağlı tədbirlərdə iştirakınızdan və yerli mediada materiallar hazırladığınızdan xəbərimiz var. Bəs hazırda harada çalışırsınız?
- Mən Mədəniyyət və İncəsənət İdarəsində (Hövzeyi-Hünəri) işləyirəm. Eyni zamanda mən müstəqil jurnalistəm və “Əl-Cəzirə”, Türkiyə mediası, “Dünyaye - Eqtisad” kimi İran qəzetlər və müxtəlif saytlar üçün də yazıram.
- Gözlənti nədir, müharibə tezliklə bitəcək, yoxsa uzun çəkəcək?
- Bu, İran üçün var olmaq savaşıdır və siz təcrübəli, ağıllı bir jurnalist kimi bunu yaxşı bilirsiniz. ABŞ və İsrail kimi iki supergüc İrana hücum edib və çoxları hesab edir ki, onların əsas məqsədi İranı parçalamaqdır. Amma indiyədək onlar öz hədəflərinə çata bilməyiblər. İran bu təhdidə qarşı cavab olaraq qlobal enerji axınını təhdid etməyi seçib və Hörmüz boğazının bağlanması, eləcə də ABŞ sərmayəsi olan ərəb ölkələrinin enerji obyektlərinə hücumlar vasitəsilə indiyədək öz məqsədinə müəyyən qədər nail ola bilib.
- Oman və Cenevrədə keçirilən nüvə danışıqları müəyyən ümidlər yaratmışdı. Təəssüf ki, geridönüş oldu, müharibə başladı...
- Oman və Cenevrə danışıqları ABŞ və İsrailin müharibə planlarını qurması üçün vaxt qazanmaq idi. Adamyeyənlər sülhü anlamırlar. -
- Hamed bəy, rəsmi Bakının bu müharibə ilə bağlı açıq və prinsipial mövqeyi var. Çox təəssüf ki, bəzən Azərbaycan dövlətinə qarşı yanlış davranışlar olur. Blokadada olan Naxçıvana dron hücumu bizi çox üzdü... İrandakı soydaşlarımız bu olayı necə qarşıladı? Vaxtaşırı ölkəmizə yönəlik təhdidlər olur, iki ölkə prezidentlərinin yüksək səviyyədə əlaqələri, münasibəti olsa da, kimlərsə aranı vurmağa çalışır.
- Mən müharibədən əvvəl də, müharibə zamanı da Azərbaycan Respublikasının mövqeyini və bu müharibənin Qafqazın təhlükəsizlik, siyasi və iqtisadi balansına təsirini izləyirəm... Təbii ki, son illər iki ölkə arasındakı münasibətlər müəyyən soyuqluq və narazılıqlar fonunda keçdiyi üçün, eləcə də ölkənizin İsraillə əlaqələri nəzərə alındıqda, hazırkı müharibə Azərbaycanın özünə də müəyyən təsirlər göstərə bilər.
![]()
- Azərbaycan ikitərəfli və çoxtərəfli əməkdaşlığa daim önəm verir. O cümlədən İsraillə əlaqələrin olması beynəlxalq hüquqa əsaslanır. İsrail heç zaman Azərbaycana İranla əlaqələrimizə görə etiraz və ya irad bildirməyib, həmçinin ABŞ. Gərək İranda da bu əlaqələrdən narahatlıq olmasın.
- Müharibənin ilk günlərində Prezident İlham Əliyevin Bakıda İran səfirliyinə gəlməsi çox diqqətçəkən idi. Amma Naxçıvan hava limanına pilotsuz aparatın düşməsi hadisəsindən sonra Azərbaycan Respublikasının mövqeyi dəyişdi və bu da təbii idi. Əlbəttə, Prezident Pezeşkianla Prezident Əliyev arasında telefon danışığından sonra bu ab-hava müəyyən qədər bərpa olundu, ardınca da Azərbaycanın humanitar yardımları göndərildi.
- İranda Azərbaycan Respublikası əleyhinə fəaliyyət göstərən, iki dövlət arasında təfriqə yaratmaq istəyən qüvvələrin olması bizi narahat edən amillərdəndir. Hətta indiki durumda belə. Hansı ki, Azərbaycan öz ərazisindən heç zaman İrana qarşı istifadəyə yol verməyib. Hətta İran Qarabağın işğalda olduğu dövrdə Ermənistanla yüksək səviyyəli əməkdaşlıq edəndə, Qərbi Zəngəzur - Mehri Ermənistan üçün “nəfəslik” olanda da. Azərbaycan İranla bir-birinə qarşı istifadə etməməklə bağlı 2002-ci ildə bağlanmış sazişə sadiq olduğunu hələ 2003-cü ildə cənab Prezident Vaşinqtonda səfərdə olarkən bəyan etmişdi. Bu mövqe dəyişilməzdir, gərək ki, İrandakı anti-Azərbaycan çevrələr bu, prinsipial mövqeni qiymətləndirsinlər.
- İranda anti-Azərbaycan çevrələrinin mövcud olduğunu inkar etmək olmaz. Biz illərdir onlarla mübarizə aparırıq. Pezeşkianın prezidentliyi onların təsirini zəiflədib, amma onlar hələ də mövcuddurlar. İranın prinsipial mövqeyi isə Azərbaycanla əməkdaşlıqdan yanadır. Daha münasib bir vaxtda İranın Azərbaycana etdiyi yardımlar, eləcə də İran rəsmilərinin Azərbaycan və Ermənistanla bağlı mövqelərinin zaman içində necə dəyişdiyi barədə də danışa bilərik.
- İranda hakimiyyət dəyişikliyi variantına münasibət necədir? Xüsusilə də ABŞ və İsrailin bununla bağlı planlarına əhalinin reaksiyası maraqlıdır.
- Hazırda ABŞ və İsrailin İran hakimiyyətinə qarşı alternativi keçmiş İran şahının oğlu Rza Pəhləvidir. Amma azərbaycanlıların və digər İran xalqlarının Pəhləvi dövrü ilə bağlı xoş xatirəsi yoxdur; xüsusən də etnik təhqir və ayrı-seçkilik səbəbilə ona dəstək vermirlər. Təbrizdə “Traktor” futbol komandasının azarkeşləri stadionda belə şüar səsləndirirlər: “Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir”.
- Azərbaycanlıların və ümumiyyətlə, İranın ictimai rəyi prezident Məsud Pezeşkian haqqında hansı qənaətdədir? Prezidentin istefa vermək istədiyi xəbəri yayılır.
- Məsud Pezeşkian İran prezidenti azərbaycanlıların qətiyyətli səsi ilə seçildi. Bu, ona baxmayaraq baş verdi ki, İranda sağ cinahın başqa namizədi var idi və Pezeşkian islahatçı siyasətçidir. Amma bu günlərdə, hətta tənqidçiləri belə Tehranda ona dəstək verirlər. Müharibə günlərində onun davranışları və xalqın arasında görünməsi populyarlığını artırıb. Oğlunun verdiyi açıqlamada istefa ilə bağlı bütün şayiələr təkzib olundu. Hakimiyyət tərəfdarlarının hamısı - mən də onlardan biriyəm - yaxşı bilir ki, əgər ona qarşı terror olarsa, ölkə ciddi hüquqi boşluqla üz-üzə qala bilər və bunu aradan qaldırmaq çox çətin olar. Buna görə də hamı onun sağlığı üçün dua edir. Belə ağır şəraitdə ölkəni idarə etmək böyük işdir və Pezeşkian hazırda bu vəzifəni yerinə yetirir, hərçənd hərbi komandirlərlə bəzi fikir ayrılıqları da var. Dünən İranın yeni rəhbəri ilk mesajında Pezeşkiana xüsusi təşəkkürünü bildirdi.
- İranın keçmiş dini liderinin dəfn olunmaması və yeni liderin haqqında yayılan iddialar da suallar doğurur. Yeni liderin sağlıq durumu haqda orda nə danışılır?
- Ayətullah Əli Xamenei hələlik naməlum bir məkanda dəfn edilib ki, müharibədən sonra, münasib şərait yarananda və mütləq yüz minlərlə insanın iştirakı ilə rəsmi şəkildə dəfn və vida mərasimi keçirilsin. O, Məşhəddə, İmam Rza ziyarətgahında torpağa tapşırılacaq. Yeni lider müharibə yaralılarındandır, amma CIA və Mossad onun sağ olduğunu vurğulayır. Siz CIA və Mossadın bununla bağlı mövqelərini internetdə görə bilərsiniz. Dünən də Novruz münasibətilə geniş bir mesaj verdi- bu, onun şəxsi mesajı idi, elə bir ümumi mətn deyildi ki, kimsə onun yerinə yaza bilsin.
- Hamed bəy, bu saatda (müsahibə axşam saatlarında alınıb-red.) vəziyyət necədir? Bombardmanlar varmı?
- Bu gün İsrail qırıcıları bir neçə dəfə gəldi, amma bombardman etmədən geri döndü. Mənə elə gəlir ki, havanın buludlu və yağışlı olması onların işinə mane oldu. İran isə bu gün cənubda, 4000 kilometr uzaqlıqda yerləşən və Amerikaya verilmiş bir ingilis bazasına raketlər atdı. Dünən və bu gün Təbrizdən çox sayda raket buraxılış olmayıb. Bu gecə, Təbriz xalqının toplantısı zamanı, Təbriz səmasından İsrailə doğru bir raket atıldı.
- İnsanların kütləvi toplaşdığı yerlərə, iraq olsun, bir raket düşsə, fəlakət olar.
-Bilmirəm, bu yaxşıdır, yoxsa pis. Amma heç kim qorxmur-hər axşam insanlar toplaşır, yürüş edir, şüarlar səsləndirir və heç kim qorxmur…
Elşad Paşasoy,
Musavat.com