Tatar mətbəxini DÜNYAYA tanıdan azərbaycanlı – Tahir Əmiraslanov: "Fəxr ediləsi hadisədir..."

Tatarıstan Respublikasının Prezidenti (rəisi) Rüstəm Minnixanov tanınmış kulinariya araşdırmaçısı və televiziya aparıcısı Stalik Xankişiyevi “Dostluq” ordeni ilə təltif edib. Musavat.com xəbər verir ki, mükafatlandırma Stalik Xankişiyevin tatar mətbəxinə həsr olunmuş kitabının beynəlxalq uğuru ilə əlaqələndirilir.

Bu barədə Azərbaycanın tanınmış kulinariya tarixçisi, Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov sosial şəbəkə hesabında paylaşım edib və həmkarını təbrik edib.

Tahir Əmiraslanov təzə qatıq düzəltdi: "Kim desə ki, qatıq ağdır, inanmayın"  - FOTO

Onun sözlərinə görə, ötən il Səudiyyə Ərəbistanında keçirilən beynəlxalq kulinariya nəşrləri müsabiqəsində Stalik Xankişiyevin müəllifi olduğu “Tatar mətbəxi” kitabı dünyanın ən yaxşı kulinariya kitabı seçilib. Həmin müsabiqədə Tahir Əmiraslanovun müəllifi olduğu “XIX əsr İrəvan mətbəxi” kitabı isə dünyanın ən yaxşı tarixi kulinariya kitabı adına layiq görülüb.

“Bu gün daha çox sevinirəm. Çünki məhz həmin kitabına görə Stalik Xankişiyev Tatarıstan rəhbərliyi tərəfindən “Dostluq” ordeni ilə təltif olunub”, – deyə Tahir Əmiraslanov bildirib.

O qeyd edib ki, tatar mətbəxinə dair dünyanın ən yaxşı kitabının müəllifinin azərbaycanlı olması xüsusi qürur doğurur: “Bu, fəxr ediləsi hadisədir. Tatarıstan rəhbərliyinə və xalqına bu qədirbilənliyə görə təşəkkür edirəm”.

Qeyd edək ki, Stalik Xankişiyev postsovet məkanında ən tanınmış kulinariya müəlliflərindən biri hesab olunur. Azərbaycan əsilli müəllif uzun illərdir türk xalqları, Orta Asiya və Şərq mətbəxinin tarixi və ənənələri ilə bağlı araşdırmalar aparır, çoxsaylı kitabların müəllifi kimi tanınır.

Tahir Əmiraslanov isə Azərbaycan kulinariya məktəbinin ən tanınmış tədqiqatçılarından biridir. O, milli mətbəxin tarixi irsinin öyrənilməsi və beynəlxalq səviyyədə tanıdılması istiqamətində fəaliyyət göstərir, Azərbaycan mətbəxinə dair çoxsaylı kitab və araşdırmaların müəllifidir.

E.Məmmədəliyev,
Musavat.com

03.06.2026 20:01
1003