Xəbər verildiyi kimi, Tarif Şurasının növbəti iclasında bir sıra dərman vasitələrinin qiymətləri ilə bağlı qərar qəbul edilib.
Qərara əsasən, yeni dövlət qeydiyyatına alınan 237 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiqlənib, 5 dərman vasitəsinin qiymətinin yuxarı həddi aşağı salınıb, həmçinin etibarlı təchizatın təmin edilməsi məqsədilə 53 dərman vasitəsinin qiymətinin yuxarı həddində dəyişikliklər aparılıb.
Bildirilir ki, dəyişikliklər Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun şəkildə həyata keçirilib. Ticarət adı, farmasevtik forması, təsiredici maddəsi, dozası, qablaşdırma növü, miqdarı və istehsal ölkəsi nəzərə alınmaqla qiymətləri təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının “Dərman vasitələri” bölməsində yerləşdirilib.
Qərar 2026-cı il yanvarın 1-dən qüvvəyə minib.
Bəs apteklərdə vəziyyət necədir?
Musavat.com-un əməkdaşı qərarın apteklərdə necə tətbiq olunduğunu öyrənmək məqsədilə paytaxtın Nizami rayonunda fəaliyyət göstərən bir neçə aptekdə olub.

Apteklərə daxil olduqda diqqət çəkən məqamlardan biri müştəri sıxlığı olub.

Apteklərdən birində çalışan əczaçı bildirib ki, onlara yeni qiymət siyahısı təqdim olunmayıb:
“Bizə qiymətlərlə bağlı məlumat verilməyib. Sistemə baxırıq, dərmanların qiymətində artım yoxdur”.
Digər aptekdə də oxşar vəziyyət müşahidə olunub. Əczaçı qeyd edib ki, zaman-zaman qiymətlərdə dəyişikliklər baş verir, lakin son qərarla bağlı hələlik rəsmi məlumat almayıblar:
“Hazırda qiymətlər əvvəlki kimidir, hər hansı fərq yoxdur”.

Bizimlə söhbətdə şəhər sakini Leyli Muradova bildirib ki, dərmanların bahalaşacağını düşündüyü üçün alış-verişini əvvəlcədən etməyə çalışır:
“Qiymətlər qalxacaq deyə eşitmişik. Ona görə də indidən istifadə etdiyim dərmanları alıram ki, sonradan daha baha almayım”.
Söhbətimizə qoşulan digər alıcı isə ailəsində ciddi sağlamlıq problemi olan şəxsin müalicə xərclərindən danışıb. Onun sözlərinə görə, bacısı xərçəng xəstəliyindən əziyyət çəkir və istifadə edilən dərmanların qiyməti onsuz da kifayət qədər yüksəkdir:
“Onsuz da bu dərmanlar çox bahadır. Ümid edirəm ki, aldığım dərmanların qiyməti sabit qalar. Hər gün dua edirik ki, bu dərmanlar icbari tibbi sığortanın siyahısına salınsın”.
Afaq Mirayiq,
Fotolar müəllifindir,
Musavat.com