“Sülh körpüsü” layihəsi çərçivəsində təşkil olunan qarşılıqlı səfərlər iki cəmiyyət arasında dialoqun qurulmasına xidmət edir. Lakin diplomatların Qarabağa son səfəri və qədim alban kilsələri, tarixi eksponatları ilə tanış olmaları erməni cəmiyyətində əsassız ittihamların səslənməsinə səbəb oldu. Nəticədə azərbaycanlı QHT rəhbərlərinin İrəvan səfəri təxirə salındı.
"Sülh Körpüsü" əvvəlcə iki ölkənin ekspert icmasının nümayəndələri, jurnalistlər və vətəndaş cəmiyyəti təşkilatları arasında birbaşa əlaqələrin qurulmasına imkan verdiyi üçün vacib idi. 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən və Azərbaycan-Ermənistan sülh gündəliyinin irəliləməsində əsas mərhələyə çevrilən sammitdən sonra bu cür qarşılıqlı əlaqələrin əhəmiyyəti daha da artdı. Nümayəndə heyətlərinin qarşılıqlı səfərləri və İrəvan, Bakı, Saqkadzor və Qəbələdə keçirilən görüşlər münasibətlərin tədricən münaqişə məntiqindən siyasi həll və praktik əməkdaşlığa doğru dəyişdiyini nümayiş etdirdi.
Bəs Azərbaycanın tarixi-mədəni irsinə sahib çıxması niyə Ermənistanda narahatlıq doğurur?
Politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a açıqlamasında Ermənistanın vətəndaş cəmiyyəti strukturlarında hələ də revanşizm meylləri qaldığını söyləyib.

Onun sözlərinə görə, erməni mediası hələ də qədim alban kilsələrini öz adına çıxarır, Azərbaycana qarşı ərazi iddiaları irəli sürür: “Ona görə də Azərbaycan Ermənistanda keçirilməsi nəzərdə tutulan “Sülh körpüsü” toplantısına qatılmağı məqsədəuyğun hesab etməyib. Çünki bir neçə dəfə vətəndaş cəmiyyəti üzvləri görüşsə və müxtəlif tədbirlər keçirsə də, hələ də Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri arasında Azərbaycana qarşı revanşizm, Azərbaycanın tarixi irsini mənimsəmək kimi iddialar mövcuddur. Ona görə də Azərbaycan hələlik vətəndaş cəmiyyəti üzvlərinin bu formatda görüşlərini dayandırmalıdır. Ermənistan hökuməti də vətəndaş cəmiyyəti üzvlərinə konkret mesajlar verməli, Azərbaycan tarixinə qarşı yönəlmiş iddialara son qoyulmasını təmin etməlidir”.
Ekspert hesab edir ki, yekun sülh müqaviləsindən sonra vətəndaş cəmiyyəti üzvlərinin görüşləri bərpa oluna bilər.
Cavanşir Abbaslı
Musavat.com